Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:13

Şikayətçi: «Polis müstəntiqi cinayəti ört-basdır edib»


İsmayıllı rayon sakini Heybət Balayev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, qızı döyülmə nəticəsində bətnindəki körpəsini itirsə də polis cinayətin üstünü ört-basdır edib. Onun sözlərinə görə, qızı Aynur Faktıyeva ötən il dekabrın 3-də yaşadığı mənzildə keçmiş həyat yoldaşı və sonuncunun qohumları tərəfindən döyülüb. Nəticədə onun bətnindəki 8 aylıq körpəsi ölüb.
ANA BƏTNİNDƏKİ KÖRPƏ NECƏ ÖLÜB?
Heybət Balayev:
«Gecə qızımın evinə hücum edərək evin qapısını sındırıblar, içəri daxil olaraq evdə tək olan hamilə qızımı döyüblər, nəticədə bətnindəki uşaq ölüb. Bizə zəng vurdular, bu barədə dedilər, mən də 102 xidmətinə zəng etdim, hətta hadisə yerinə polis də gəlmişdi. Qızımın keçmiş həyat yoldaşını aparıb bir neçə gün polisdə saxlayandan sonra buraxdılar. Bizdə olan məlumata görə onun polisdə işləyən qohumları var və o, həmin qohumlarının köməkliyi ilə cinayətin ört-basdır edilməsinə nail olub».
Heybət Balayevin sözlərinə görə, müstəntiq cinayət işinin rədd olunmasına dair qərar çıxarıb. Qərarını da belə əsaslandırıb ki, Aynur Faktıyeva döyülmə nəticəsində yox, ehtiyatsızlıqdan yıxılaraq bətnindəki körpəsini itirib.
«ONUN ŞİKAYƏTLƏRİ TƏSDİQİNİ TAPMAYIB»
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, Heybət Balayevin bu məsələ ilə əlaqədər DİN-ə ünvanladığı müraciət aidiyyatı xidmətlər tərəfindən dəfələrlə yoxlanılıb və onun həm müstəntiqə, həm də keçmiş kürəkəninə yönəlmiş ittihamların heç biri bu zaman öz təsdiqini tapmayıb.
Hüquqşünas Namizəd Səfərov deyir ki, əgər Heybət Balayev müstəntiqin cinayət işinin başlanmasının rədd edilməsinə dair çıxardığı qərarla razılaşmırsa, qərardan məhkəməyə şikayət verə bilər.
XS
SM
MD
LG