Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:39

«Uşaq meydançaları sökülür, yerində market tikilir»


Foto: Arxiv
Foto: Arxiv
Xətai rayon sakini Zaur Əzizov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, yaşadıqları İnqilab İsmayılov küçəsində yerləşən 242 saylı uşaq bağçasının həyətində market tikilir. Sakinlər buna qarşı çıxsalar da, marketi tikənin əlində Xətai rayon İcra Hakimiyyəti başçısının sərəncamı olduğundan ona gözün üstə qaşın var deyən yoxdur.

AĞACLARIN DİBİNƏ «KİSLOTA», XLOR TÖKÜB YANDIRIBLAR

Zaur Əzizov:

- O bağçanın həyətində uşaq meydançalarını sökdülər. Nar, şam ağacları var idi, dibinə «kislota», xlor töküb qurutdular, yerində market tikirlər. Marketi tikən həm bağçanın ərazisinə girib, həm də bizim binanın qarşı hissəsinə artırmalar edib. Binanın qarşısında dayanacaq meydançamız var idi, xeyir, şər işləri düşəndə, çadır qurmaq üçün yer var idi. Tikintini aparan həmin əraziləri zəbt edib. Yerli icra hakimiyyətinə, Təhsil Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Yaşıllaşdırma İdarəsinə yazmışıq, ancaq cavab gəlir ki, tikintini aparan adamın əlində qanuni sənədi var. Mən onlara bildirirəm ki, sənəd qanuni olsa da, bağça dövlət sektoruna aiddir, icra hakimiyyətinin bağçanın ərazisini satmağa ixtiyarı yoxdur.

242 saylı bağçanın müdirəsi Əfruz Qasımova isə gah deyir «əlində sənədi var, tikir», gah da deyir tikintinin bağçaya aidiyyəti yoxdur.

«ORA ONUN ÖZƏLLƏŞMİŞ YERİDİR»

Əfruz Qasımova:

- Mən özüm 1985-ci ildən bu bağçada işləyirəm. O vaxtdan elə orda 54 saylı qastronom var idi. Sakinlər həmin yerdə qaraj tikmək istəyirdilər, mübahisənin sonunda dükanın sahibi yeri özəlləşdirdi. İndi də marketdir orda. İndi marketin zirzəmisi su ilə dolub, hətta su bağçamızın zirzəmisinə də axıb gəlir.
«Besedka»
«Besedka»
Marketin sahibi söküb-töküb, orda qurutma işləri görür, hələ də iş gedir. Ancaq ora onun özəlləşmiş sahəsidir, əlində sənədi də var.

- Marketin yerləşdiyi yerin bağçanın ərazisinə aidiyyəti var?

- Yox, qətiyyən aidiyyəti yoxdur.

Əfruz Qasımova market sahibinin marketin ətrafında artırma işlərini təsdiqləsə də, deyir ki, həmin artırmalar da rəsmi icazə əsasında olub və artırmaların bağçanın həyətinə aidiyyəti yoxdur.

Ancaq şikayətçi sakin Zaur Əzizov iddia edir ki, xəritəyə görə, marketin ərazisindəki artırmalar zamanı bağçanın ərazisinə müdaxilələr olub:

- Deyirəm, gəlin, gedək Mənzil İstismar Sahəsinə, ərazinin xəritəsi var, həmin xəritədə bağçanın da ərazisi göstərilib, həmin marketin də. İnternetdə sputnik ilə 2010-cu ilin çəkilişləri də var, orda da bağçanın və həmin marketin ərazisi göstərilib, artırmalar göz qabağındadır. Deyirlər sənəd var, vəssalam.

Hüquqşünas Namizəd Səfərov deyir ki, dövlətin balansında olan bağçanın sahəsində hər hansı kənar tikinti işləri aparılıbsa, hətta həmin tikintiyə rəsmi icazə verilibsə, bu, artıq məhkəmə predmeti ola bilər. Sakinlər bu məsələni məhkəmədə mübahisələndirə bilərlər.
XS
SM
MD
LG