Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07
Akif Aşırlı


Abbas Səhhətin ölümü və məzarının sirri

Orta məktəb illərində «Vətəni sevməyən insan olmaz, olsa da ol kəsdə vicdan olmaz» şeiri ilə yaddaşımızda qalıb Abbas Səhhət. Heç düz-əməlli tərcümeyi-halını da oxumamışıq. Yalnız 1874-cü ildə Şamaxıda doğulduğunu, Azərbaycanın ilk ali təhsilli həkimlərindən olduğunu, məktəblilər üçün şeir yazdığını və 1918-ci ildə vəba xəstəliyindən dünyasını dəyişdiyini bilirik. Bu böyük mütəfəkkirin, milli mətbuatımızın cəfakeşinin hansı şəraitdə öldüyü və məzarının harda olması barəsində təzadlı informasiyalardan da xəbərdar deyilik. Bu bir növ bizim klassiklərimizə münasibətdə həssas olmamağımızın göstəricisidir.

Abbas Səhhətin sovet dönəmində yayılan tərcümeyi-halı yenidən yazılmalı, ictimaiyyətə çatdırılmalıdır. Ona görə ki, həqiqəti sovet dövründə yazmaq, danışmaq yasaq idi. Çünki biz sovet xalqının tərkib hissəsi kimi xalqlar dostluğu şəraitində yaşayır, ermənilərin türk-müsəlman xalqına qarşı törətdiyi faciələri «atan kazaklara» bağlayırdıq. Abbas Səhhətin ölümünə səbəb o dövürdə yazıldığı kimi tək aclıq, səfalət və vəba xəstəliyi deyil, 1918-ci ildə bolşeviklərin törətdikləri qətliam idi. Ermənilərin 1918-ci ilin martın 31-dən aprelin 2-dək

A.Səhhətin soyqırım qurbanı olmasını əsaslandıran faktın daha tutarlı olmasını sübut edən digər mənbə ötən il tərəfimdən aşkarlanan 1918-ci ilin noyabrın 12-də yalnız bir sayı işıq üzü görən, «Qardaş qayğısı» qəzetində Binəva ləqəbli müəllifin çap etdirdiyi «Qanlı günlər» məqaləsidir.

Bakıda törətdikləri qırğınlar Şamaxıda təkrarlandı, 7 min dinc insan qətlə yetirildi, qədim Şamaxı məscidi içərisində insanlar yandırıldı. Bu qanlı qırğınlar zamanı Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal tapmadı. Ailəsi ilə birgə pay-piyadə Gəncəyə tərəf üz tutdu. Qana susamış erməni-bolşevik silahlıları ailəsini yolda yaxalayaraq fiziki və mənəvi iztiraba düçar etdi. Dar gündə lazım olar deyə götürdükləri əmanət və azuqə də əllərindən alındı.

Bu sadəcə bir insanın həyat hekayətinin, faciəsinin bədii təsviri yox, yaşanan tarix və faktdır. Bakı erməni-bolşevik və daşnak birləşmələrinin əsarətindən azad olunduqdan sonra Gəncədə işıq üzü görən «Azərbaycan» qəzetinin 1918-ci il 18 noyabr tarixli sayında məzar yeri indi də naməlum olan Hadinin «Səhhətin üfüli-əbədisi» məqaləsində yazılıb bu həyat hekayəti. Şair dostunun ölüm xəbərini Qafqaz türklərinə çatdıran Hadi bu barədə yazır: «Şu müdhiş, şu qorxunc löleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətahe-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfili-əbədiyyəsindən (əbədiyyətə qovuşmağından) hənuz Qafqaziya türklərinin xəbəri yoxdur».

Abbas Səhhətin ədəbiyyatımızda əvəzsiz xidmətlərinə toxunan Hadi həmməsləkinin dəfninə işarə edərək yazır:

«… Əzmi xuraman fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında dəfn-xak-əbədiyyət bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi. Daima Nizaminin laməyut nəzmlərini kəmali fəsahətlə oxur, samlərini ləzzatyab-ədəbiyyat eylərdi. Ən nəhayət, pənc gənc şair-möhtərəmilə həmcivari məzar oldu».

Hadi şairin 1918-ci ildə ermənilərin törətdikləri soyqırımın qurbanı olduğunu da dəqiqliyi ilə yazıya alır: «Şirvanlı şair, Şirvan faciəsi əsasında başqaları kibi, şəhəri tərkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı. Bir qaç yerlərdə sər-səriyanə dolanmış, ən sonda Gəncəyə nəqli-məkan etmişdir. Arada xəstə oldu. Zalım və biaman ölümün pəncəsindən rahayət olmayaraq tərki-həyat eylədi».


"Qanlı günlər" məqaləsi

"Qanlı günlər" məqaləsi

1918-ci ilin mətbuatında ermənilərin törətdikləri qırğınlar, soyqırım faciə kimi qiymətləndirildiyindən Hadi də bu məqalədə Şamaxıda ermənilərin törətdikləri soyqırımlara faciə kimi yanaşırdı.

A.Səhhətin soyqırım qurbanı olmasını əsaslandıran faktın daha tutarlı olmasını sübut edən digər mənbə ötən il tərəfimdən aşkarlanan 1918-ci ilin noyabrın 12-də yalnız bir sayı işıq üzü görən, «Qardaş qayğısı» qəzetində Binəva ləqəbli müəllifin çap etdirdiyi «Qanlı günlər» məqaləsidir. Məqalədə Şamaxıda baş verən vəhşətlərin detalları ilə yanaşı, A.Səhhətin erməni «bandaları»nın qurbanı olmasına da toxunulur:

«Erməni bandaları daha islamlara nə etmədilər? Erməni bandaları Şamaxıda islamların müqəddəs məscidlərinə qədər yandırıb məhv etmişlər. Bir böyük minillik Şamaxıdan indi bu saətlikdən ancaq bir məzarıstana bənzər yanmış uçuq xərabələr taparsınız. İslam aləmi Abbas Səhhət kimi böyük bir ədibi bu bandalara qurban vermişdir. Bununla böylə neçə doxturlar cavan-qoca alimlər qətl olunmuşlar».

Baş verən bu qanlı olaylardan psixoloji gərginlik keçirən, səfalət və yoxsulluğa düçar olan Abbas Səhhət 44 yaşında dünyasını beləcə dəyişir. Gəncənin Sərbisgar qəbiristanlığında dəfn olunur. Oğlunun qəbri üstünə gedən, ağlamaqdan gözünün nurunu itirmiş şairin atası elə qəbiristanlıqdakı çuxura düşərək vəfat edir. Ailəsi bütövlükdə vəba xəstəliyindən məhv olur.

Səhhətin ölüm səbəbi kimi məzarı da uzun müddət naməlum qalır.

Səhhətin məzar yerinin müəyyən olunması, ölüm tarixi və səbəbi barəsində mübahisə doğuracaq məqamlar indi də qalmaqdadır. Şairin 1918-ci il iyunun 11-də dünyasını dəyişməsinin doğru olmadığını akademik Kamal Talıbzadə araşdırması ilə sübut edir. Bəlli olur ki, şairin ölüm tarixi Hadinin «Azərbaycan» qəzetində 1918-ci ilin 18 noyabrında çap etdirdiyi məqalənin tarixinə əsasən təqribi hesablama ilə müəyyən edilib. Ancaq Hadinin bu məqaləsində Səhhətin hansı tarixdə dünyasını dəyişməsi barəsində kiçik işarə, qeyd belə yoxdur.


Akif Aşırlı

Akif Aşırlı

Abbas Səhhətin qəbri barəsində də səhih bilgi yoxdur, söylənilən mülahizələrdə konkretlik görünmür. 1929-cu ilə qədər Abbas Səhhətin məzarı, onun harda olması barəsində ümumiyyətlə, ictimaiyyətdə dəqiq məlumat olmayıb. O dövrdə yaşanan gərgin, ictimai-siyasi vəziyyət, şairin ailəsinin məhvi Abbas Səhhətin məzarının üzərinə sirli, naməlum bir pərdə çəkib.

Azərbaycanın sovetləşməsindən 10 il sonra şairin məzarı yada düşür. 1929-cu ildən sonra ədəbiyyatşünas-alim Ə.Səidzadə Gəncəyə gəlir, şairin məzarının axtarışına çıxır. Səhhəti yaxından tanıyan ailələrə baş çəkir. Bu barədə mart soyqırımından sonra Gəncəyə köçən, şairlə yaxın əlaqələri olan şamaxılı Tərrahın oğlu Nəcəfqulu məzarın yeri(qəbri yox- A.A) barədə alimə məlumat verir. Şairin qəbrini axtaran Ə.Səidzadənin axtarışlarını Kamal Talıbzadə «Abbas Səhhət» kitabının 64-cü səhifəsində bu cür qiymətləndirir: «Ə. Səidzadə Səhhətin dəfn olunduğu sahəni müəyyənləşdirdikdən sonra ictimai təşkilatların yardımı ilə həmin yerdə məzar daşı qoydurmuşdur».

Məhz həmin məzar daşı 1947-ci ildə Səbisgər qəbiristanlığından Gəncənin Sahil bağına köçürülür, üzərində şairin büstü ucalır. Bununla yanaşı şairin məktəblilər üçün yazdığı dərslik və şeirlərin çapına başlanılır.

Bu gün də orta məktəb kitablarında Səhhət irsinə müraciət olunur, onun milli ruhda qələbə aldığı əsərlərdən yararlanırıq. Ancaq böyük mütəfəkkirin faciəli həyatından yetərincə xəbərimiz yoxdur.

Abbas Səhhət yaradıcılığı, maarifçilik missiyasını uğurla həyata keçirməsi, şəxsiyyəti, faciəli həyatı nə qədər öyrənilsə də, yenə də kifayət etmir. Gəlin klassiklərimizə sayğı duyaq, onları oxuyaq, öyrənək və gələcək nəslə təbliğ edək.

modern.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG