Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46
-

QAZ DÜYÜNÜ AÇILDI, RƏQABƏT BAŞLAYIR...

Türkiyə və Azərbaycanın Şah Dəniz-2 qaz sazişini imzalaması ilə Xəzər qazının Avropaya nəqli yolundakı ən böyük əngəl ortadan qalxdı. Tərəflər qazın qiyməti ilə bağlı detalları açıqlamırlar.

Avropada bu qaz anlaşmasına sevinirlər. Amma bu müqavilə hələ tam olaraq Avropa Birliyinin və ABŞ-ın dəstəklədiyi Nabucco layihəsinin gerçəkləşməsi mənasına gəlmir. Əksinə, Nabucco ilə yanaşı Xəzər qazını Avropaya çatdıracaq digər iki kəmər arasındakı rəqabət hələ yeni başlayır.

Oktyabrın 25-də İzmirdə imzalanan sazişə görə, Türkiyə Şah Dəniz-2 layihəsi çərçivəsində çıxarılacaq qazın alınması və öz ərazisiylə Avropaya ötürülməsinə razılaşıb. Amma bu qazın Türkiyədən Avropaya gedəcəyi yolla bağlı 3 təklif var.

Biri məşhur Nabucco layihəsidir. Avropa Birliyinin bu layihəsinə əsasən qazın Türkiyə-Gürcüstan sərhədindən birbaşa Avstriya-Almaniya sərhədinə qədər nəql edəcək kəmərin tikintisi nəzərdə tutulur.

İkinci variant Türkiyə-Yunanıstan-İtaliya qaz ötürücü sistemlərinin birləşdirilməsidir.

Üçüncü variant isə Trans-Adriatik kəmərin tikintisidir.

İNDİ BAKI SEÇİR

Bu ayın əvvəlində Azərbaycan prezidenti İlham Əliyev demişdi ki, Azərbaycan və tərəfdaşları üçün ən sərfəli olan variant qalib olacaq.

Və oktyabrın 25-də hər 3 variantı dəstəkləyənlər İstanbulda bir araya gəlib təkliflərini müzakirə ediblər. Nabucco layihəsinin İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Christian Dolezal deyir ki,

“Aydındır ki, Nabucco Şah Dəniz yatağından və başqa Azərbaycan yataqların qazı Avropaya çatdırmaq istəyir, bu üzdən biz Azərbaycan tərəfiylə səylərimizi birləşdirməliyik. Və hazırda bunun üzərində işləyirik”.

Nabucco Azərbaycan və Türkmənistan qazını sərfəli şərtlərlə almaq üçün uzun müddətdir ki, lobbi fəaliyyətiylə məşğul olur. Avropa Birliyinin də Nabucconu dəstəkləməsinin əsas səbəbi budur ki, digər iki variantla müqayisədə bu layihəylə Avropanın düz mərkəzinə, həm də daha çox qaz çatdırılması nəzərdə tutulur.

TÜRKMƏNİSTAN DA AÇIQ DANIŞMAĞA BAŞLAYIR

Amma məsələ ondadır ki, Şah Dəniz-2 layihəsiylə də Nabucco üçün yetərli qədər qaz çıxarılmayacaq. Dolezal deyir ki, məhz bu üzdən digər təchizatçıya ehtiyacları var:

“Şah Dənizin müəyyən limiti var. Amma ilkin mərhələdə kəməri doldurmağa yetəcək qədər başqa ehtiyatlar da var, elə Azərbaycanın özündə də. Həmçinin Türkmənistandakı potensial imkanları da görürük və Trans-Xəzər qaz kəmərinin tikintisi üzrə danışıqlar da gedir”.

Türkmənistan dünyanın nən zəngin qaz ehtiyatlarına sahib ölkələrindəndir. Amma bu günə qədər Türkmənistanda Avropaya qaz nəqliylə bağlı heç bir saziş olmayıb.

Ekspertlərin fikrincə, bunun birinci səbəbi odur ki, avropalılar qaz istəsələr də onu almaq üçün hələ bir metr də olsun kəmər çəkib təklif etməyiblər.

İkincisi də, Avropaya qazın satılması türkmən qazının əsas alıcısı olan Rusiyanı qəzəbləndirə bilər.

RUSİYANIN DƏNİZ-GÖL DALANI

Düzdür, onsuz da Rusiya əvvəlki illərlə müqayisədə Türkmənistandan aldığı qazın həcmini dəflərlə azaldıb.

Kanadadakı Carlton universitetindən araşdırmaçı Robert Cutlerin sözlərinə görə, Türkmənistanın mövqeyi son dövrdə dəyişib. Məsələn, Prezident Gurbanguly Berdymukhammedov Avstriya prezidenti Heinz Fischerin ayın əvvəlində onun ölkəsinə səfəri vaxtı bunu açıq bəyan edib:
"Ilk dəfə Berdymukhammedov hamının içində dedi ki, Türkmənistan Avropaya qaz nəql edə bilər. Bu günə kimi heç vaxt türkmən rəsmi mətbuatında bu cür açıqlamalar yer almamışdı. Həmçinin, keçən həftə qazın xarici müştərilərə çatdırılması yolları və şərtlərini müəyyənləşdirəcək xüsusi komitənin yaradılması haqda da xəbər yayılmışdı".

Türkmənistandan qazı Azərbaycana, sonra da Avropaya çatdırmaq üçünsə ilk növbədə Trans-Xəzər kəməri tikilməlidir. Cutler deyir ki, Avropa Birliyi ötən ay bu məsələni də dəstəkləyib.
“Dəyişən odur ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistan arasında Tras-Xəzər kəmərinin tikintisiylə bağlı danışıqları təşkil etmək və həvəsləndirmək üçün xüsusi səlahiyyətlər istəmişdi və bunu da alıb”.

Amma bir məsələ var ki, Rusiya ətraf mühitə vuracağı ziyanı və Xəzərin dəniz, ya göl statusunda olması məsələsini ortaya atıb Xəzərin dibiylə kəmər tikintisinə qarşı çıxdığını daha öncə də bəyan edib.

Odur ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan qaz sazişi qazın Avropaya yolunu açıb, amma hələ bu sahədə görüləsi çox iş var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG