Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:52

Bakıda Thor Heyerdahl konfransı


Bakıda keçirilən «Thor Heyerdahl və Azərbaycan» adlı konfrans
Bakıda keçirilən «Thor Heyerdahl və Azərbaycan» adlı konfrans
«Tarixdən məlumdur ki, vikinqlər çaylarla, dənizlərlə hücum taktikasından istifadə ediblər. Azərbaycanda da onların istifadə etdiyi həmin dairəvi, ucları iti olan gəmilər olub. Bu da Thor Heyerdahlın diqqətini çəkib. Burda da həmin şəkillər var, biri Qobustandakı gəmidir, biri də Norveçdəki vikinqlərin gəmilərdir. Yəqin Heyerdahl da buna əsaslanaraq deyib ki, norveçlilər Azərbaycandan gediblər...»

Azərbaycan Dillər Universitetində Skandinaviyaşünaslıq ixtisasını öyrənən Həsən Məmmədli gəmilərin şəkillərinə baxıb deyir ki, məşhur səyyah Heyerdahlin fikri onu çox düşündürür.

QAMIŞ GƏMİSİ

«Thor Heyerdahl və Azərbaycan» adlı konfransda iştirak edən Həsən oktyabrın 27-də konfrans iştirakçıları ilə birlikdə Qobustana da yollanıb bu oxşarlıqları gözü ilə görmək istəyir.

Konfrans çərçivəsində həmin gəmilərin fotoları ilə yanaşı, Heyerdahlın kitabları, çoxlarını heyrətə salan ekspedisiyalarında istifadə etdiyi məşhur qamış gəmisinin maketi, fotoları, kitablarından ibarət kiçik sərgisi də açılıb.

«Azərbaycan skandinav xalqlarının qədim tarixində mühüm rol oynayıb. Qoy milli maraqlarda bəşəriyyətin gələcəyinin qorunması məqsədi üstün gəlsin» fikirlərini isə məşhur səyyah 1999-cu ildə Bakıya ikinci gəlişində yazıb. Bu fikirlər onun bu gün nümayiş olunan «Sərhədləri aşaraq, dənizləri aşaraq, Azərbaycanla əlaqələr» kitabının ilk səhifəsində əks olunub.

Thor Heyerdahl bu fikirləri yazmamışdan əvvəl – 1982 və 1994-cü illərdə də Azərbaycanda olub. Azərbaycana sonuncu səfəri isə 2000-ci ildə olub.

«ONU TANIMAYAN YOX İDİ»

Konfransda iştirak edən tədqiqatçı alim Zaza Aleksidze deyir ki, «elə bil bu alimi bütün həyatım boyu tanıyırdım. Qafqazda onu tanımayan yox idi».

Tələbə İsmət Hacıbəyli
Tələbə İsmət Hacıbəyli
Xəzər sahillərini sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan sivilizasiyanın beşiyi hesab edən Heyerdahl ehtimallarının sübutu kimi Qobustandakı qamış qayıqları, eyni təsvirlərin əsrlər sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk olunmasında görür.

Thor Heyerdahlı öyrənən tələbə İsmət Hacıbəyli isə buna şübhə edir:

«O, Qobustanda olub. Qobustanda gördüklərini Norveçdə gördüklərinə oxşadıb. O bu qənaətdədir ki, Norveçin ilk sakinləri Azərbaycandan köçən insanlar olub. Dəqiq sübutlara çata bilməyib, sadəcə fərziyyə kimi deyib. Norveçlilərin xarici görünüşləri, dilləri bizə oxşamır. Bəlkə üstündən neçə əsr keçib, dəyişiliblər».

«HƏMİN DAĞLARDAN NORVEÇDƏ DƏ VAR»

Thor Heyerdahlın oğlu, ikinci Thor Heyerdahl isə deyir:

Thor Heyerdahlın oğlu, ikinci Thor Heyerdahl
Thor Heyerdahlın oğlu, ikinci Thor Heyerdahl
«Bu nəzəriyyə deyil, bu faktdır. Ancaq arxeologiyada yox, bizdə adamlarda, təbiətdə də oxşarlıq var. Bu, bizə Qafqazdan gəlib. Mən burada birinci dəfədir oluram. Ancaq o dağları gəzəndə elə bilirəm öz vətənimdəyəm. Həmin dağlardan Norveçdə də var».

Oğul Thor Heyerdahl deyir ki, atasının Oslodakı muzeyinə əlindən gələn köməyi etməklə Norveç-Qafqaz, Norveç-Azərbaycan əlaqələrinin inkişafına çalışır:

«Azərbaycana birinci dəfədir gəlirəm, ancaq yenə gələcəyəm».

Tələbə Həsən Məmmədli isə Norveç-Azərbaycan oxşarlıqlarını iki xalqın dillərində axtarır:

«Onlar da bizdəki qəzet köşkünə köşk deyirlər, onlarda Odin Allahdır, bizdə də Qəbələdə udinlər var. Qobustan, Norveçdəki heykəllər, məncə, oxşarlıqlar var».

Thor Heyerdahl
Thor Heyerdahl
Thor Heyerdahl və Azərbaycan konfransı oktyabrın 29-a qədər davam edəcək.

THOR HEYERDAHL KİMDİR?

Norveçli səyyah, etnoqraf, alim-antropoloq Thor Heyerdahl 6 oktyabr 1914-cü ildə Norveçdə doğulub. Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tuamotu adalarına qədər 8 min km-lik məsafəni sal üzərində keçmişdi.
Səyyah 1981-ci ildə Bakıda və Qobustanda olub, araşdırmalar aparıb. Thor Heyerdahlın «Odinin axtarışı» (Jakten på Odin, / The Search for Odin) adlı kitabında vikinqlərin köklərinin Azərbaycanda axtarılması məsləhət görülür.
XS
SM
MD
LG