Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:29
İnformasiya mübadiləsinin, yəni bilgi dəyiş-düyüşünün artıb-sürətlənməsini gözə alsaq, tərcümə işinin önəmi heç şübhə doğurmaz. AzadlıqRadiosunun “İz” proqramında bu dəfə ədəbi əsərlərin Azərbaycan türkcəsinə tərcümə keyfiyyətinin izinə düşmüşük. Proqram boyunca gənc yazar və tərcüməçi Günel Mövludla onun təcrübəli həmkarı Nəriman Əbdülrəhmanlının bu barədə düşüncələrini öyrənəcəyik. Əsas sualımız budur: Dünya ədəbiyyatını Azərbaycan türkcəsində dindirə bilirikmi?

--Öncə 2 yazar-tərcüməçi və publisisti onların öz dilindən tanıyaq. Tanışlıq çox çəkməsin deyə sizə bu sualla üz tuturam: “Qısa ensiklopedik lüğət”də sizi necə tanıtmalarını istərdiniz?

G.M.--Yazar, tərcüməçi, publisist Günel Mövlud.
N.Ə.—Nasir, tərcüməçi, ssenarist, Nəriman Əbdülrəhmanlı.

--Dünya yazarları Azərbaycan dilində necə danışırlar? Başqa sözlə, dünyanı dilimizdə dindirə bilirikmi?
N.Ə.—Mənə elə gəlir ki, yox. Uşaq təzəcə dil açanda necə dolaşıq danışırsa, dünya yazarları da dilimizdə elə danışır. Yəni çox pərakəndə, səlliqəsiz, dağınıq bir tərcümə təsərrüfatımız var. Sular durulana qədər belə olacaq. Güman edirəm ki, sonralar düzələcək.
MARKES AZƏRBAYCANCA YAXŞI DANIŞIR

Günel Mövlud

Günel Mövlud

G.M.—Mən düşünürəm ki, bu həm yazıçıya görə, həm də tərcüməçiyə görə dəyişir. Məsələn, Markes Azərbaycan dilində kifayət qədər yaxşı danışır. Xüsusilə, Əkrəm Əylislinin tərcüməsində.

Afaq Məsudun tərcüməsində qəribə danışır--bəzən çox yaxşı, bəzən pis. Mahir Qarayevin tərcüməsində bir başqa cür. Ümumilikdə yaxşı danışır. Bizim yazarların Markes sevgisi olduğundan, bu yazıçı Azərbaycan dilində yaxşı danışır. Və nəhayət, düşünürəm ki, mənim son tərcüməmdə də Markes yaxşı danışır.

N.Ə.—Mən konkret müəllif adı çəkməyəcəyəm. Ümumiyyətlə danışmaqdan söhbət gedirsə, mənim fikrim belədir: Ayrı-ayrı yazıçılar, peşəkarlar, gözəl qələmi olanlar var ki, onlar anlaşıqlı dildə danışırlar.

G.M.--Fərqlidir. Məsələn, Patrik Züskind Azərbaycan dilində çox pinti danışır. Drayzer isə həmişə yaxşı danışıb.

DİLİMİZ NEOLOGİZMİ SEVMİR
--Dilimiz tərcüməyə necə yatır? Məsələn, ingilis dilinin inkişaf səviyyəsiylə Azərbaycan türkcəsinin gəlişmə dərəcəsini necə müqayisə etmək olar?
N.Ə.--Mənə elə gəlir ki, Azərbaycan dili dünyanın ən zəngin və poetik dillərindən biridir. Bir neçə dil bilirəm. Tərcümə prosesində də bunun şahidi oluram. Bədgüman olmağa əsasımız yoxdur. Azərbaycan dili kifayət qədər zəngindir.
G.M.—Mən fərqli düşünürəm. Razıyam ki, dilimiz zəngin, poetik, ədəbiyyata yatan dildir. Amma bu sadəcə bizim üçün belədir—yazarlar, tərcüməçilər, dildən daha yaxşı xəbəri olanlar üçün. Dili oxucuya çıxaranda isə problemlə üzləşirsən—dildə çox sürətli arxaikləşmə gedir.

Elə sözlər var ki, onları uşaqlığımda bol-bol eşidirdim, amma indi görürəm ki, heç kəs istifadə etmir. Tərcümədə o sözlərdən istifadə etməyə çalışıram ki, onlar ədəbiyyatda yaşasın.

Rus dilində çox sürətli neologizmlər yaranır və xalq buna çox tolerant yanaşır. Amma Azərbaycan dili neologizmlərə qarşı aqressivdir, ona ögey baxır. Baxmayaraq ki, bizə rus dilindən keçən sözlər hələ də dilimizdə yaşayır. İndi Türkiyə türkcəsində olan kəlmələr isə dilimizə çox sürətlə yol açır. Amma bir yazar Azərbaycan dilində neologizm işlədəndə, ögey münasibətlə üzləşir. Ona görə də, gedən dilin zənginliyindən gedir.
DÜNYA ƏDƏBİYYATI KİTABXANASI”NDA FACİƏVİ TƏRCÜMƏLƏR VAR

N.Ə.—Günel xanım, o dilin problemi deyil, tərcümə edənlərin problemidir. O bütövlükdə yığılaraq dilin probleminə çevrilir. Tərcümənin iki başlıca şərti var.

Birincisi, öz dilini yaxşı bilməlisən. Dilin kasad olanda, tərcümə itirir.

İkincisi, tərcümə edən mütləq yaradıcı adam olmalıdır. Şeiri şair, nəsri nasir tərcümə etməlidir. Mən bir müddət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nın redaktoru oldum. Baxdım ki, orada nə qədər faciəvi şeylər var...Elə adamlar təcümə edib, həm də o dillə tərcümə edib ki, onları üzə çıxarmaq mümkün deyil...Problemi yaradan tərcümə edənlərdir.

G.M.—Əgər mən tərcüməçiyəmsə, dilimizdə 100 arxaikləşmiş, amma dilimizin tərkib hissəsi olan sözdən istifadə etmişəmsə, oxucu da zəhmət çəkib romanı oxuyub onun üçün təzə olan sözləri öyrənməlidir.

TÜRKİYƏ TÜRKCƏSİNDƏN ÇEVİRMƏK... ÇƏTİNDİR
Nəriman Əbdülrəhmanlı

Nəriman Əbdülrəhmanlı

N.Ə.--Mənim tərcümə etdiyim dillərdən biri Türkiyə türkcəsidir. Çoxlarına elə gəlir ki, buna nə var ki? Amma əksinə, türk dilindən tərcümə etmək Çin, Yapon dilinə tərcümədən çətindir. Çünki doğma sözlərdir. Fikirləşirsən ki, bunu saxlamaq olar, ya olmaz? Əksəriyyəti də aldadıcı sözlərdir. Əslində, mənaları başqadır.

Odur ki, bizim türk dilindən tərcümə təsərrüfatımız faciəvi şəkildədir. Bir türkoloq var—Əskər Rəsulov—tərcüməşünasdır. Onun bir monoqrafiyası var—Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümənin problemləri haqqında. İndiyədək tərcümə olunmuş əsərlərdən sitatlar gətirib. Baxırsan ki, nə qədər biabırçı məna təhrifləri var.

Türk dilinin özü də xarici dillərdən gəlmiş sözlərlə zibillənib. Odur ki, mən neologizmləri gətirib saxlamağın tərəfdarı deyiləm. Əgər mümkünsə, onun qarşılığını tapmaq olar.
--Yanılmıramsa, hər ikiniz Nobel mükafatçılarının əsərlərindən tərcümə etmisiniz. Hər ikinizin fəal oxucu da olduğunu gözə alsaq, deyin görək, Nobelli yazarlardan kimlərin əsərini və hansı səbəbdən Azərbaycan türkcəsinə çevirmək ya mümkün deyil, ya da çox çətindir?
G. M.—Bir ara sifariş almışdım-Nobel mükafatçılarının nitqləri və əsərlərindən parçaları tərcümə etdim. Açığı, çox əziyyət çəkdim. Əziyyət çəkdiyimdən də xüsusi bir zövq almadım. Düzdür, Markesdə də asan olmadı—onun uzun cümlələri var... Amma adamın ruhuna çox doğma olduğundan, dili bədii və zəngin olduğundan, oxuduqca öyrəndiyimdən mənim üçün asan təsiri bağışladı.

N.Ə.—Mənim üçün ən çətini Avustrias oldu. Çünki o mifoloqdur. Yeganə hindu yazıçısıdır ki, Nobel alıb. Bütün əsərləri hindu mifləri üzərində qurulub. Hər əsərinə özü qədər izahat yazmaq lazım gəlir.
ƏKRƏM ƏYLİSLİ—MÜKƏMMƏLDİR!

-- Sürətli şahmat oyunu sayaq sual-cavaba başlayaq. Lütfən, çox qısa cavab verin.
--Tərcümə hobbinizdir, yoxsa çörək ağacınız?
N.Ə.—Tərcümə yaradıcılığımı diri saxlamaq üçün bir vasitədir.
G.M.—Hər ikisi. Üstəlik, yazarlığı ciddiləşdirən bir şey.

--Tərcümə daha çox açı çəkdirir, yoxsa sevinc gətirir?
N.Ə.— Tərcümədən cismani və ruhi ləzzət alıram.
G.M.—Məni sevindirir.

--Rus dilindən çevirisiniz, yoxsa başqa dillərdən?
N.Ə.—Mən rus, türk, gürcü.
G.M.— Rus və türk.
--Tərcüməni sifarişlə edirsiniz, yoxsa özünüz seçirsiniz?
N.Ə.—Özüm ürəyim istədiyini də seçirəm, sifariş olursa, onun çaldığına da oynayıram.
G.M.—Hər ikisi.

--Tərcüməçilik bacarığınızı 10 ballıq sistemlə neçə bala layiq bilirsiniz?
G.M.—Doqquz yarım!
N.Ə.—25 ildir tərcüməçiliklə məşğulam. Neçə verərdim? Yəqin Günel xanıımla bərabər...

--Tərcüməçi idealınız kimdir və niyə odur?
G.M.—Əkrəm Əylisli. Çünki o, mükəmməldir!
N.Ə.—Şərikəm. Əkrəm Əylisli tərcümə etdiyini Azərbaycan dilində təzədən yazır.

--Özünüzü peşəkar tərcüməçi sayısınız, yoxsa həvəskar?
G,M.—Həvəsi çox olan peşəkar tərcüməçi.
N.Ə--Mən məcburiyyət üzündən peşəkaram...

--Dünyanın hansı gərdişi sizə tərcüməçiliyin qapısını açdı?

--Kimdir sizin oxucunuz? Onların fikirləri sizə nə dərəcədə maraqlıdır?

--Ən uğurlu tərcümənizin hansı özəlliklərinə diqqət çəkərdiniz?

--Tərcümənin inkişafı, tutalım, AzadlıqRadiosunun dinləyicisinə nə verərdi?

--Tərcüməçilərin sayı və keyfiyyəti əsas götürülsə, Azərbaycan dünyada ilk 50-likdə olardı, ya yox?

Bu sualların cavabını “İz”i dinləyərək öyrənə bilərsiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG