Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25
Getdikcə belə bir fikir formalaşır ki, Rusiyanın Şimali Qafqaz bölgəsində sabitsizlik hakimiyyətdə bir və ya daha çox qrupa sərf edir. AzadlıqRadiosunun müxbiri Greqori Fayfer Dağıstan dağlarına səfər edib. Onun hazırladığı birinci yazıda ənənəvi cəmiyyətdə gedən parçalanmadan bəhs olunur.

SANKİ RUSİYA BAŞQA ÖLKƏDİR

Gimrı kəndi Mahaçqalanın 200 km-də yerləşir. Bu kənddəki evlərin qalaydan olan dam örtükləri günün altında bərq vurur. Bu kiçik, təcrid olunmuş kəndə gedən yol ensiz, çirkli cığırdan ibarətdir. Kənd o qədər uzaqda yerləşir ki, uşaqlar ancaq yerli avar dilində danışırlar, sakinlər Rusiya barədə sanki başqa bir ölkə haqda danışırlar.

Kənd ağsaqqalları evlərin taxta eyvanları altındakı skamyalarda oturub kiçik çaya baxırlar. Danışırlar ki, əsgərlər bu yaxınlarda terrorçulara qarşı əməliyyat zamanı kəndə girişi bağlayıblar.

Uzun, ağ saqqallı, Nəbi Maqomedov adlı qoca baş verənləri təsvir edərkən ağlamağa başlayır. Deyir ki, yaraqlılar onun oğlunu - Dağıstan parlamentinin tanınmış üzvünü evindən çıxarıblar ki, onunla danışmaq istəyirlər. Söz veriblər ki, atəş açmayacaqlar, ancaq ona 62 güllə vurublar.

İSLAMA XƏYANƏTƏ GÖRƏ QƏTL

Çeçen yaraqlılarının lideri Doku Umarov sonradan bu qətlə görə məsuliyyəti üzərinə götürüb. O, internetdə yayımlanan videoda Maqomedovu İslama xəyanətdə - Qafqazda şəriət qanunları qurmağa çalışan separatçılara qarşı olan hakimiyyətlə əməkdaşlıqda ittiham edib.

Gimrıda terrorçuluq əleyhinə əməliyyatın məqsədi ekstremizmin qarşısını almaq idisə, bunun əksi baş verib. Yerli sakinlər deyirlər ki, evbəev axtarışlardan əlavə silahlı əsgərlər kəndlilərin ərik ağaclarını kəsir, mal-qaranı öldürür, kasıblardan bacardıqları qədər oğurluq edirlər. Maqomedov həmçinin deyir ki, əsgərlər kəndliləri də öldürüblər. Nəbi Maqomedov

Nəbi Maqomedov

O, terrorun hökmranlıq etdiyini, xeyli adamın öldürüldüyünü, heç kimin cəzalandırılmadığını deyir.

Bəzi kəndlilər deyirlər ki, onlar etirazlarını Rusiya qanunlarına əməl etməməklə bildirirlər. Deyirlər ki, əvəzində şəriət qanunları ilə yaşayırlar. Çoxu sələfiliyi qəbul edib.

«MEŞƏYƏ GETMƏK»

Kənddən bir az yuxarıda tikinti işləri gedir, yeni mədrəsə tikilir. Bəziləri inanır ki, bu dini məktəb yerli dövlət məktəbini üstələyəcək. Moskvanın qoyduğu qaydalara belə itaətsizlik Gimrıda köhnə adətdir. Bu kənd İmam Şamilin doğulduğu məkandır. Şamil 19-cu əsrdə çar imperiyasına müqavimətin əfsanəvi lideri olub.

Kremli narahat edə biləcək bir fakt var. Gimrıdan və digər kəndlərdən gənclər evlərini tərk edib yaraqlı qruplara qoşulurlar. Yerlilər bunu «meşəyə getmək» adlandırır. Həmin qruplar az qala hər gün Dağıstanda baş verən partlayışların arxasında durur.

Gimrıda günorta namazına gedən gənclərdən bəziləri qara, sıx saqqal saxlayır, hərbi paltar geyinirlər. Onlardan biri - Abu Maqomedov deyir ki, sələfiliyi qəbul etmək gündəlik həyatda ədalətsizliyə etirazın yeganə yoludur:

«Meşəyə gedənlər Allaha yaxın olmaq istəyənlərdir. Şəriət dünyada ən yaxşı şeyləri əhatə edir. Adamların çoxu kasıbçılıq, çirkab içində yaşayırlar».

Gimrı kəndi

Gimrı kəndi

ƏDALƏTƏ ƏSASLANAN QƏTLLƏR...

Maqomedov deyir ki, iki il bundan qabaq Dağıstanın Daxili İşlər nazirinin qətli və buna oxşar hadisələr ədalət və intiqamla əsaslandırılır. Hücumlardan çoxu Mahaçqalada baş verir. Ötən ay likör mağazasında baş verən partlayışda bir polis zabiti ölüb, 60 nəfər yaralanıb.

Yerli sakin Maqomed Getinov deyir ki, bomba partlayanda o, dostunun evindən çıxıbmış. Partlayış binanın fasadını dağıdıb, böyrünə qəlpə sancılıb. O, partlayışı törədənləri vəhşi adlandırır:

«Onlar çaşıblar, mənəviyyatlarını itiriblər, dini ekstremistlərə çevrilirlər, günahsız adamları öldürürlər, çünki inanırlar ki dünyanı tutacaqlar».

Merin idarəsindən bir az aralıda yekə bir plakatda Baş nazir Vladimir Putinin şəkli və bir sitatı var, deyir ki, o, dağıstanlıları öz ölkələrini müdafiə etdikləri üçün sevir. Ancaq belə sitatlar yerli sakinlərə elə də inandırıcı görünmür.

Sakinlərdən biri Baniyed Maqomedova deyir ki, belə daimi hücumlara görə onlar küçəyə çıxmağa qorxurlar.

PROBLEMİN KÖKÜNDƏ KORRUPSİYA DURUR

Gimrıda Şeyx Şamil ziyarətgahı

Gimrıda Şeyx Şamil ziyarətgahı

Çoxları kimi o da inanır ki, problemin kökündə iqtisadiyyatı boğan korrupsiya durur. Çoxları deyir ki, kənd təsərrüfatı, infrastruktur, sosial xidmətlər üçün ayrılmış böyük pullar Moskva və Mahaçqaladakı rəsmilər tərəfindən oğurlanır. Pulların çoxu bahalı maşınlar və paytaxtın kənarında kərpic evlərin tikintisinə gedir.

Kamerunlu futbolçu Samuel Eto'onun hər mövsüm üçün maaşının 30 milyon dollar olduğu bildirilir. Dağıstanlı milyarder Süleyman Kərimov Mahaçqalanın əvvəllər az tanınan «Anji» futbol klubunu alıb. Onu Kreml buna məcbur edib ya yox, bilinmir, amma görünən odur ki, bu şounun məqsədi insanların enerjisini çıxarmaqdır.

Dağıstan Anaları İnsan Haqları Uğrunda Qrupunun rəhbəri Svetlana İsayeva deyir ki, 25 yaşlı oğlu üç il bundan qabaq yoxa çıxandan sonra təşkilatı fəaliyyətə başlayıb. O, bildirir ki, təhlükəsizlik qüvvələri onun oğlu kimi çox gənci həbs edir. Xüsusilə də məscidə gedənləri, digər dini etiqad əlaməti göstərənləri. İsayevanın dediyinə görə, belə gəncləri məcbur edirlər ki, terrorçuluqla məşğul olduqlarını boyunlarına alsınlar və onları öldürürlər: «Son vaxtlar hüquq-mühafizə əməkdaşları adamları diri-diri maşınlarında yandırır. Sonra da onların özlərini partlatdıqlarını deyirlər».

PARÇALANMA DƏRİNLƏŞİR

Svetlana İsayeva

Svetlana İsayeva

İsayevanın öz ofisi də bu yaxınlarda yandırılıb. O, 2007-ci ildə Çeçenistan müharibəsi zəifləyəndən sonra əsgərlər bura köçəndən oğurlama hallarının da çoxaldığını deyir.

Gimrı dağında yaşayanlar deyirlər ki, gərginliyin artması ciddi qarşıdurmaya gətirib çıxarır. Bəziləri belə qarşıdurmanı formal müstəqilliyi qurmaq vasitəsi kimi baxırlar.

Radikallaşma vaxtilə az-çox dinc şəraitdə yaşayan etnik qruplar arasında parçalanma yaradır. Gimrıda bir oğlanın qonşu sufi kəndi olan İnsukuldan bir qızla münasibəti yeddi nəfərin ölümünə səbəb olan atışmayla nəticələndi. O vaxt bu münaqişə dini kimi qələmə verildi. İndi hər iki kəndin kişiləri qisas almağa hazırlaşırlar.

Hüquq müdafiəçisi Svetlana İsayeva qorxur ki, cəmiyyətdəki bu parçalanma getdikcə daha da pisləşə bilər: «Qorxuram ki, Putin geri qayıdır. Hər şey onun vaxtında başladı». O, 4 il bundan qabaq prezidentlikdən getmiş Rusiya Baş nazirinin həmin vəzifəyə mümkün qayıdışını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG