Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:03

Ermənistan atom elektrik stansiyasında tətilə hazırlaşırlar


Metsamor atom elektrik stansiyası, 26 sentyabr 2010

Metsamor atom elektrik stansiyası, 26 sentyabr 2010


Ermənistandakı atom elektrik stansiyasının 16-dan çox işçisi oktyabrın 20-də tətil edəcəklərini bildiriblər. Onlar maaşlarının artırılmasını tələb edirlər. Amma stansiyanın rəhbərliyi maaşları artırmağa pul olmadığını deyir.

Ermənistanın elektrik enerjisinin 40 faizini istehsal edən bu zavodun nüvə enerjisi mütəxəssisləri də daxil olmaqla bir qrup işçisi rəhbərliyə məktub yazaraq əməkhaqlarının 40 faiz artırılmasını istəmişdilər.

Stansiya rəhbərliyi tətildən çəkindirmək üçün oktyabrın 20-də 162 işçi ilə görüşüb. Amma onlar razılığa gələ bilməyiblər. Rəhbərlik danışıqların nəticəsi barədə jurnalistlərə məlumat vermir. Amma işçilər bildirirlər ki, rəhbərlik heç bir güzəştə getmədiyindən razılaşma mümkün olmayıb.

Metsamor atom elektrik stansiyasında ümumilikdə 1700 nəfər çalışır. Onların 450 nəfəri stansiyada reaktorlar və başqa vacib qurğularda çalışırlar.

Stansiyada işçilərin əməkhaqları ayda 145 000 dramdan 443 000 drama qədərdir (390 dollardan 1200 dollara qədər).

Metsamor atom elektrik stansiyasının daxili.

Metsamor atom elektrik stansiyasının daxili.

Keçən ay stansiyanın rəhbərliyi AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, dövlətin nəzarətində olan bu müəssisənin əməkhaqlarını qaldırmağa pul yoxdur.

Gecə növbəsində çalışanlar tətilə elə oktyabrın 20-dən 21-ə keçən gecə başlayacaqlarını bildiriblər.

Ermənistanın qanunvericiliyinə görə Metsamor atom elektrik stansiyasında çalışanlar rəhbərlik onları əvəz edən adamlar tapmayınca öz iş yerlərini tərk edə bilməzlər.

Sovet dövründə tikilmiş Metsamor atom elektrik stansiyasının fəaliyyəti qonşu ölkələrdə, eləcə də Azərbaycan və Türkiyədə narahatlıqla izlənir. Bu ölkələrdəki fəallar hesab edirlər ki, seysmik bölgədə qurulan bu stansiyada üstəlik həm də sovetlərdən qalma köhnə avadanlıqların istifadə edilməsi orada qəza risklərini artırır. Amma Ermənistan rəhbərliyi ciddi qəza təhlükəsinin olmadığını, yeni atom stansiyası tikilənə qədər ondan istifadə olunacağını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG