Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52
Azərbaycan dünyada əmlak qeydiyyatı göstəricisinə görə 9-cu ölkədir. İnvestorların hüquqlarını müdafiə etməsi baxımından isə 24-cü ölkə sayılıb.

Bu göstəricilər Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi “Doing Bisiness-2012” reytinq cədvəlində öz əksini tapıb.

Cədvəldə ötən il 183 ölkə arasında 69-cu yeri tutan Azərbaycan bu il 66-cı yerə qalxıb.

Bu reytinq 11 meyar üzrə hazırlanıb. Bura şirkətlərin açılması və bağlanması, icazələrin alınması, əmək bazarının vəziyyəti, vergi rejimi, kreditlərin alınması, xarici ticarət rejimi kimi amillər aiddir. Sərhədyanı ticarətlə bağlı göstəriciyə görə, Azərbaycan 170-ci, tikintiyə icazə verməsi üzrə isə 172-ci yeri tutub. Biznesmenlərin kredit almasına çıxışı da ötən illə müqayisədə 3 pillə aşağı düşüb, 48-ci yerdə qərarlaşıb.

“QANUNLAR YAXŞIDIR, İCRASINDA PROBLEM VAR”

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, Azərbaycanda biznes mühitində diqqət çəkən problemlər olsa da, ölkənin “Doing Bisiness”dəki yeri ədalətlidir:

- Mən inanmıram ki, onlar düz olmayan məlumatı verməsinlər. Necə ildi biz izləyirik bu reytinqi. Son illər gömrüklə, vergi ilə əlaqədar müəyyən işlər görülüb, vergi ilə bağlı vahid pəncərə həyata keçirilib. Düzdür, korrupsiya ilə bağlı problemlər var, Qubad İbadoğlu

Qubad İbadoğlu

amma müəyyən işlər görülüb ki, bu yeri veriblər. Onlar baxırlar ki, hansı qanunlar qəbul olunub. Problemlərimiz var, amma qanunla bağlı yox, icrası ilə bağlı var.

“GÖSTƏRİCİLƏRİN BƏZİSİ ŞÜBHƏ DOĞURUR”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə hesab eləyir ki, bəzi göstəricilər üzrə Azərbaycanda vəziyyətin yüksək qiymətləndirilməməyinə baxmayaraq, reytinq cədvəlində 3 pillə qalxması müəyyən şübhələr yaradır:

- Biznesin enerjiyə çıxış indeksinə görə 183 ölkə arasında 173-cü yerdəyik.
Doğrusu, burda elə istiqamətlər var ki, orda Azərbaycanın mövqeyi şübhəli görünür. Ölkədə mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulduğu halda Azərbaycan investorların hüquqlarını qoruyan ən yaxşı ölkədən biri sayılıb. Azərbaycanda əmlak qeydiyyatı sahəsində ciddi problemlərin yaşandığı bir vaxtda ölkənin yüksək göstəricisi olması inandırıcı görünmür.

Qubad İbadoğlu deyir ki, Azərbaycanda vergi dərəcələrinin aşağı salınması, qanunvericilikdə təkmilləşdirmə aparılması ölkəni bu indeks üzrə 105-ci yerdən 81-ci yerə qaldırıb və ümumi göstəriciyə təsir göstərib, amma elə bu ciddi sıçrayış da reallığa əsaslanmır. “Hamı bilir ki, sahibkarlar rəsmi vergilərdən başqa qeyri-rəsmi ödəmələrə məcbur edilir,” ekspert deyir.

Müsahibimiz hesab edir ki, bəzi indekslər üzrə reallığı əks etdirməyən göstəricilərin ortaya çıxmasına səbəb reytinq cədvəlini hazırlayanların ekspert seçimi ilə bağlıdır.
Əgər bu göstəricilər bu qədər şübhəli görünürsə, nədən Azərbaycanda müstəqil iqtisadçılar, bəzi qeyri-hökumət təşkilatların birləşdiyi Milli Büdcə Qrupu öz mövqeyini Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasına rəsmi şəkildə təqdim etmir? Qubad İbadoğlu deyir ki, onlar ötən il də “Doing Bisiness”in araşdırması ilə bağlı mətbuatda öz mövqelərini açıqlayıblar, indi də rəylərini bölüşürlər. Müsahibimiz istisna etmədi ki, bu dəfə məsələ Milli Büdcə Qrupunda müzakirə edilə və rəsmi mövqe bu reytinq cədvəlini müəyyən edən qrupa çatdırıla bilər.
Aslan İsmayılov

Aslan İsmayılov


“MÜSTƏQİL ŞƏXSLƏR BİZNESLƏRİNİ ÖLKƏDƏN ÇIXARIR”

Vaxtilə Azərbaycanda iri biznes qurmuş Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov ölkədə biznes mühitinin gündən-günə pisləşdiyi bir vaxtda belə bir göstərici ilə təqdim olunmasını “ağlasığmaz” sayır:

- Kim deyir ki, Azərbaycanda biznes yaxşılaşır, onun ölkədən xəbəri yoxdur. Azərbaycanda bir qrup oliqarx və onun biznesi var. Sonuncu müstəqil iş adamları da öz bizneslərini, pulunu ölkədən çıxarır, ya Gürcüstana, Dubaya, Ukraynaya, ya da Qazaxıstana köçürür.

Aslan İsmayılov deyir ki, yaxşı qanunlar ola bilər, amma qanunlar işləməyəndən sonra onun yaxşı-pis olmasının heç kimə dəxli yoxdur.

“AZƏRBAYCANDA QEYRİ-RƏSMİ ŞƏRTLƏR VAR”

Rusiyada biznes yiyəsi olan Nadir Həmzəyevin xanımı Sevil Həmzəyeva AzadlıqRadiosuna müsahibəsində deyir ki, bir neçə ildir onlar Azərbaycana qayıtmaq istəyirlər:

- Rusiyada taxta emalı zavodumuz var, bu zavodu Azərbaycana köçürmək istəyirik. Gəldik, maraqlandıq, burdakı şərtlərlə ordakı arasında çox fərq var.

- Bu şərtlər nədən ibarətdir?

- Əgər Rusiyada bir iş qurursansa, dövlət tərəfindən hər cür kömək görürsən. Burda isə icazə almaq çətindir, çoxlu tələblər qoyulur.

- Rəsmi tələblərdirmi bunlar?

- Rəsmi də var, qeyri-rəsmi də.

- Qeyri-rəsmi tələb nədir?

- Zavod qurulandan, hər şey hazır olandan sonra ayrı şəxslər də gəlib sənə şərik olmalıdırlar.

- Heç bir investisiya şərikliyi olmadığı halda?

- İşə pul qoymadığı halda şərik olacaqlar.

Həmzəyevlər ailəsi hələ ki, bu şərtləri qəbul etmədiyindən bizneslərini Azərbaycana köçürə bilmirlər.

AZƏRBAYCAN İKİ QONŞUSUNDAN GERİ QALIR

“Doing Bisiness-2012” reytinq cədvəlində ən əlverişli ölkə Sinqapur sayılır. Ermənistan 55, Gürcüstan isə 16-cı yerdə qərar tutub. Rusiya isə 120-ci yerdədir. Türkiyə isə 71-ci yerdə qərarlaşıb.

İlk beşlikdə Honkonq, Yeni Zelandiya, ABŞ və Danimarka yer alıb. Sonuncu yerdə isə Çaddır.

“Doing Business” cədvəli 9-cu ildir ki, tərtib olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG