Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:26

Azərbaycan MDB azad ticarət zonasına qoşulsa...


Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının Şurasının oktyabrın 18-də
Sankt-Peterburq-da keçirilən iclası
Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının Şurasının oktyabrın 18-də Sankt-Peterburq-da keçirilən iclası
Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının Şurasının oktyabrın 18-də
Sankt-Peterburq-da keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalanıb. Özbəkistan və Türkmənistanla yanaşı Azərbaycan da bu müqaviləni imzalamayıb. Rusiyanın baş naziri Vladimir Putinin sözlərinə görə, bu üç ölkə müqaviləyə ilin sonunadək qoşulmağın mümkünlüyü məsələsini araşdırmağa üstünlük veriblər.

İŞ ADAMLARI ÜÇÜN FAYDALI MÜQAVİLƏ

Rusiyadan keçmiş sovet respublikalarına tikinti materialları göndərən azərbaycanlı iş adamı İlham Əsədov hesab edir ki, Azərbaycan bu müqaviləni imzalasa hər iki ölkə və onların iş adamları üçün yaxşı olardı. Onun sözlərinə görə, Qazaxıstanla Rusiyanın ikitərəfli sazişlərindən iş adamları artıq bəhrələnirlər:

«Mən Qazaxıstana da mal göndərirəm. Yük maşınları, vaqonlar gəlir, malı yükləyirik, vəssalam. Daha gömrüyə və digər yerlərə getmirik. Sərhəddə həmişə ciddi korrupsiya halları olurdu, indi o da aradan qalxıb və iş adamları razılıq edir. Amma Qazaxıstanın iş adamlarından fərqli olaraq yerli camaatında narazılıq yaranıb. Rusiyada maaşlar yüksək olduğunu görə, ruslar gedib Qazaxıstandan ərzaq məhsulları alıb gətirirlər. Orada alıcı çoxaldığı üçün məhsulların qiyməti qalxır və bundan da əhali narazılıq edir. Yəni gömrük götürüləndən sonra orada qiymətlər qalxıb».

Amma İlham Əsədov hesab edir ki, bu müqavilə imzalansa, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək. Çünki Azərbaycanda ərzağın qiyməti onsuz da Rusiyadan bahadır.

Nazim Məmmədov
Nazim Məmmədov
«AZƏRBAYCAN DÜZ EDİB»

Keçmiş deputat Nazim Məmmədov isə deyir ki, Azərbaycan müqaviləni imzalamamaqda düz edib. Bu, onu göstərir ki, Azərbaycan Avroatlantik məkana inteqrasiya baxımından götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir. Onun fikrincə, bölgə ölkələri ilə bir birliyə daxil olmağa ehtiyac yoxdur, Azərbaycan MDB ölkələri ilə ticari münasibətlərini ikitərəfli müqavilələrlə də davam etdirə bilər. Nazim Məmmədovun sözlərinə görə, həmin müqavilənin imzalanması məhz Rusiyanın fəaliyyəti sayəsində hazırda Azərbaycanla problemləri olan Ermənistanın məhsullarının Azərbaycan ərazisinə daxil olmasına şərait yaratmaqla yanaşı bəzi qardaş ölkələrin daha keyfiyyətli məhsullarının ölkə bazarından sıxışdırılıb çıxarılmasına zəmin yaradar:

«Deyək ki, Türkiyədən gələn məhsullar bizim ölkəmizə daxil olarkən onun üzərinə əlavə rüsum və əlavə dəyər vergisi ilə birlikdə təxminən 38 faizə yaxın vəsait gəlir. Amma Rusiyadan gələn məhsullarla bağlı belə deyil. Bu baxımdan öz bazarımızı Rusiyanın köhnə texnologiyalarına açıq saxlamaqda davam edirik. Bu isə iqtisadiyyatımızın yüksək texnologiyalara sahib olması üçün iş adamlarını, sahibkarları ölkəyə yeni texnologiyalar gətirməyə məcbur etmir».

İqtisadi İnkişaf Nazirliyindən bildirirlər ki, Sankt-Peterburqda keçirilən iclasda iştirak edən nümayəndələr qayıdandan sonra məsələ ilə bağlı ətraflı məlumat verə biləcəklər.

ÜTT-AZƏRBAYCAN ÜÇÜN PRİORİTET

İqtisadçı ekspert Azər Mehdiyev isə deyir ki, Azərbaycan MDB azad ticarət zonasına daxil olmaqdan imtina etməklə heç nə itirmir. Ekspert Rusiyanın baş naziri Vladimir Putinin son dövr bəyanatlarına əsaslanaraq deyir ki, Rusiya MDB məkanında sanki Avropa İtttifaqına oxşar yeni iqtisadi zona yaratmaq istəyir. Azər Mehtiyev hesab edir ki, hazırda Azərbaycan üçün prioritet məsələ Dünya Ticarət Təşkilatına daxil olmaq və beynəlxalq ticarətə bu təşkilatın qaydaları əsasında getmək olmalıdır nəinki, Rusiyanın hazırladığı və arxasında iqtisadidən daha çox siyasi məqsədlərin dayandığı birliyə qoşulmaq.

Azərbaycanın bu müqaviləyə ilin sonunadək qoşulma ehtimalına gəlincə, Azər Mehdiyev hesab edir ki, bu, üzdə olan danışıqlarda hansısa siyasi alverin getdiyindən xəbər verir. Onun fikrincə, bu addım ilk növbədə vaxt qazanmaq məqsədi güdür. Amma eyni zamanda Avropaya bir mesaj da ola bilər ki, Azərbaycan bu birliyə qoşula bilər:

Azər Mehtiyev
Azər Mehtiyev
HƏM İQTİSADİ, HƏM SİYASİ MƏSƏLƏ

«Düzdür, Azərbaycanla ticarətdə Rusiyanın önəmli rolu var. Xüsusilə həm idxalda, həm də kənd təsərrüfatı məhsulları baxımından ixracda Rusiyanın yaxın bazar olması Azərbaycan üçün önəmli rol oynayır. Lakin bu gün Azərbaycann gömrüyündə korrupsiyanın səviyyəsi hamıya bəllidir. Kifayət qədər ciddi korrupsiyalaşmış bir sistem var və yüksək çinli məmurlar buradan böyük gəlirlər əldə edirlər. Ona görə də bu sistemin dağılması, yaxud gömrüyün tamamilə aradan qaldırılması məmurlara sərf edən məsələ deyil. Ancaq hesab edirəm ki, burada qarşı qarşıya qoyulan əsas məsələ odur ki, bu birliyə qoşulmaqla Azərbaycan nə qazanır, nə itirir? Dünya Ticarət Təşkilatına qoşulsa və Avropa İttifaqına istiqamət götürsə, qazançı və itkisi nə olur? Hesab edirəm ki, bu həm də təkcə iqtisadi məsələ deyil».

2010-cu ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard manat olub. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə iki ölkə arasındakı ticarət dövriyyəsi 2011-ci ilin səkkiz ayında 60% artaraq 2 milyard dollara çatıb.

Rusiya Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi Yuri Şedrinin mediaya açıqlamasına görə isə il ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 2,8 milyard dollara çatacağı gözlənilir. Və bu ikitərəfli ticarət əlaqələrində rekord göstərici olacaq.
XS
SM
MD
LG