Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01
Oktyabrın 18-də Bakıda olan ABŞ Dövlət katibinin birinci müavini Uilyam Börns (William Burns) vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.

Görüşdə həbsdə olan fəallar, toplaşma və ifadə azadlığı hüququnun məhdudlaşdırılması, korrupsiya məsələləri müzakirə olunub.

BÖRNS LEYLA YUNUSUN OFİSİNDƏN XƏBƏRDAR İMİŞ

Həmin görüşdə iştirak etmiş Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus AzadlıqRadiosuna deyir ki, U. Börns onun ofisinin dağıdılması ilə bağlı məsələni də prezidentə çatdırıb:

«Cənab Börns dedi ki, o, vəziyyətdən xəbərdardır. Hətta mənə üz tutaraq dedi ki, bilirik ki, sizin ofisinizi qanunsuz dağıdıblar və biz bunu prezidentinə dedik, narahatlığımızı bildirdik. Mən də dedim, yəqin siz bilirsiniz ki, bu əmr ən yuxarıdan verilib. Bu da avqustun 10-da «New York Times» qəzetinə verdiyim müsahibəylə bağlıdır. Orda demişəm ki, Azərbaycanda vətəndaşların evlərindən qovulması ilə bağlı böyük bir korrupsiya mexanizmi var».

Leyla Yunus deyir ki, U. Börnslə 2010-cu ildə görüşdüklərini, həmin vaxt iki bloqqerin həbsdə olduğunu da xatırlayıblar:

HƏBSDƏ OLANLARIN MƏSƏLƏSİ DƏ QALDIRILIB

«Dedim ki, ancaq mən heç şad deyiləm ki, 2 nəfər çıxdı, 20 nəfər isə həbs edildi. Bu da onu göstərir ki, Azərbaycan iqtidarı, prezident ancaq bir üsul görür – zorakılıq, zorakılıq, bir də zorakılıq. Eldar Namazov

Eldar Namazov

Onu da dedim ki, Azərbaycandakı bugünkü vəziyyət onu göstərir ki, bizdə nəinki avtoritar polis rejimi, bizdə kriminal korrupsiya rejimi var. Vətəndaşlar söz azadlığı, toplaşma azadlığı tələb edəndə, məhkəmələr onları həbsə göndərir».

Leyla Yunus ABŞ Dövlət katibinin birinci müavini ilə görüşdə gənc fəallar Bəxtiyar Hacıyevin, Cabbar Savalanın, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, 2 aprel aksiyaçılarının, islamçıların həbsinin də müzakirə olunduğunu bildirib:

«Dedim ki, Mövsüm Səmədov söz azadlığına görə tutulub, İlham Əliyev haqqında fikrini bildirdiyi üçün 12 il cəza alıb. ​Arif Hacılı və 2 aprelə görə tutulan başqaları toplaşma azadlığı, demokratiya uğrunda mübarizə apardığı üçün qanunsuz həbsə atılıblar».

«DİALOQ ÇOX AÇIQ GEDİR»

«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov isə AzadlıqRadiosuna bildirib ki, U. Börnslə görüş planlaşdırıldığından uzun çəkib:

«Əvvəllər Azərbaycan cəmiyyətində belə bir fikir formalaşmışdı ki, ola bilsin Avropadan, Amerikadan gələn diplomatlar Azərbaycan hakimiyyəti ilə aparılan danışıqlarda insan haqları, demokratiya məsələlərinə o qədər də diqqət yetirmirlər. Ancaq «Wikileaks» saytında yayılmış teleqramlardan bəlli oldu ki, bu, belə deyil. Bu dialoq çox açıq gedir. Baş verən proseslər də, hadisələr də bizim xarici partnyorlarımızın, Azərbaycanla münasibətdə maraqlı olan ölkələrin və təşkilatların həmişə diqqət mərkəzində olur. Bütün məsələlər konkret faktlarla müzakirə olunur. Konkret insanlarla bağlı problemlər də Uilyam Börns

Uilyam Börns

müzakirə olunur».

MƏMURLARA SANKSİYA TƏKLİFİ

Eldar Namazov deyir ki, belə bir dialoq davam etdirilsə, bu, həm Azərbaycan - ABŞ münasibətlərinə, həm də Azərbaycanda demokratiyanın inkişafına böyük dəstək olar.

Müsahiblərim həmin görüşdə insan hüquq və azadlıqlarını kobud şəkildə pozan dövlət məmurlarına qarşı sanksiyanın tətbiq olunması ilə bağlı təklif səsləndirdiklərini deyirlər.

Oktyabrın 18-də Bakıda səfərdə olan ABŞ Dövlət katibinin birinci müavini U. Börns jurnalistlərə deyib ki, prezident Əliyevlə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi yolları barəsində fikir mübadiləsi aparıb. O, həmçinin əlavə edib ki, Azərbaycanda demokratiya, söz azadlığı, müxalifət fəallarının həbsə atılması ilə bağlı məsələlərdə ABŞ öz narahatlığını ifadə etməkdə davam edir.
XS
SM
MD
LG