Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Rasim Qaraca:
“Azərbaycan nəşriyyat və kitab sektoru ciddi problemlər içərisindədir...”



FRANKFURT KİTAB SƏRGİSİNDƏN NOTLAR


...Ən azından, özünə naşir, kitabçı və ya yazıçı deyən hər bir kəs heç olmasa bir dəfə Frankfurt Kitab Sərgisini görməli, nə qədər böyük bir industriyanın oyunçuları olduqlarını başa düşməlidirlər.

Əlbəttə, tənbəllik etmədən, yorulmadan görüşlərə hazırlaşmaq, aylar öncədən randevülər almaq, az vaxtdan istifadə edib sərginin imkanlarından maksimum yararlanmaq gərəkdir, bu qiymətli vaxtı, bizim sərgiyə getmiş bəzi naşirlər kimi pal-paltar dükanlarını gəzərək və restoranlarda əylənərək itirmək əsl cinayət olardı...



Bu günlərdə Frankfurt Kitab Sərgisindən qayıtmışam və təəssüratlarımı oxucularla bölüşmək istəyirəm. Sərgiyə Höte İnstitutunun dəvəti ilə yollanmışdım, əvvəllər də məlumat verdiyim kimi, 2009-cu ildən başlayaraq Höte İnstitutunun Şərqi Avropa və Asiya ölkələrində nəşriyyat və kitab sferasında çalışanların dərəcələrinin artırılması məqsədilə həyata keçirdiyi 3 illik proqramda iştirak etməkdəyəm, bu proqram çərçivəsində bir neçə dəfə Tiflisdə, Daşkənddə və son olaraq Frankfurtda seminarlara qatılmışam.

Bu illər ərzində nəşriyyat-kitab sektorunun təkmilləşdirilməsi sahəsində çox zəngin bilgilər qazandığımı deyə bilərəm. Təəssüf ki, Azərbaycan şərtlərində bu bilgilərin reallaşdırılması qeyri-mümkünə çox yaxındır. Bunları keçirəm. Qısaca demək istədiklərim: bu seminarlardan və Frankfurt səyahətindən sonra Azərbaycan nəşriyyat və kitab sektorunun ciddi problemlər içərisində olduğunu daha aydın şəkildə dərk etdim və əslində çox böyük ümidsizliyə qapıldım. Dünya bu qədər irəliləmişkən indiki idarəçilik sistemiylə biz onlara necə yetişəcəyik? Budur məsələ!

Hər şey kitabdan başlanır

Almanlar bu hikməti zamanında dərk ediblər, buna görə ən azı kitab sahəsində dünya

Frankfurt kitab sərgisi - 2011, Bolqarıstanın stendi

Frankfurt kitab sərgisi - 2011, Bolqarıstanın stendi

birincisi bir ölkədir. Höte İnstitunun təşkil etdiyi seminarlarda da bu ifadə tez-tez dilə gətirilirdi: “Bildiyiniz kimi, Almaniya dövləti təhsilə çox böyük əhəmiyyət verir”.

Seminarların keçirildiyi Media-Kampus (Alman Kitab Ticarəti Məktəbi) adlanan məkan Frankfurt şəhərinin kənarında çox gözəl yaşıllıq bir ərazidədir. Bura Almaniya nəşriyyat və kitab sektoru üçün ixtisaslı kadrlar hazırlayan tədris mərkəzidir. Hər il 40 000 insan, yerli və xarici vətəndaş, qısa və ya uzun müddətli kurslar keçərək Media-Kampusun diplom və sertifikatlarına sahib olur. Gördüyünüz kimi, təkcə nəşriyyat sahəsinin öyrədilməsi bu qədər insanı əhatə edir. Almaniyanın müxtəlif şəhərlərindən exspertlər dəvət edilərək burada mühazirələr oxuyur, tələbələrin iri çaplı nəşriyyatlara və mətbəələrə ekskursiyası təşkil olunur (Media-Kampusda bulunduğumuz bir həftə ərzində Frankfurt şəhərində yerləşən “Campus” və “Fischer” nəşriyyatlarını ziyarət edirik, daha sonra isə Dermştadt şəhərindəki “Schaumann” mətbəəsinə yollanırıq. Yeri gəlmişkən, “Fischer” nəşriyyatıyla “Alatoran” jurnalı arasında bu günə qədər artıq müəllif haqlarının alınmasına dair 2 müqavilə imzalanıb və Stefan Sveyqin kitabları Azərbaycan dilinə tərcümə edilərək yayınlanıb. Burada, qiyabi olaraq tanıdığım insanlarla görüşürəm və bu hal şərqi Avropa ölkələrindən gəlmiş seminar iştirakçılarında qəribə təsir buraxır.

Bu yazıda sadalayacağım, proqrama salınmış mövzulardan da görə biləcəyiniz kimi, Azərbaycan nəşriyyat sektoru bu sahədə mövcud olan standartlardan çox uzaqlardadır və hələlik özünün ibtidai inkişaf mərhələsini keçirməkdədir: “Multikanallılıq – anlaşılmayan sözdür, yoxsa gələcəyin trendi?” (Son statistikaya görə internet üzərindən kitab satışlarının həcmi artmaqdadır, “multikanallılıq” bu sahədə işlənən yeni bir termindir, məruzəçi “Echtzeit” KİV üzrə konsaltinq firmasının baş məsləhətçisi Hans Huk idi), “Biz hər birimiz yaxşıyıq, lakin birlikdə biz güclüyük – kitab satışı sahəsində əməkdaşlığın populyar modelləri” – məruzəçi Florian Andreas, marketinq üzrə müstəqil ekspert, “Strateji marketinqin yeni alətləri” – məruzəçi Tomas Sorbax, “vm-people” – virus-marketing təşkilatının direktoru (mövzu sosial şəbəkə alətlərindən istifadə etməklə kitabın satışının reallaşdırılması haqqında idi, quqlda vm-people yazaraq bu metodlarla tanış olmaq olar), “Özününəşr şans kimi” – məruzəçi Erxardt Heinold, “Spiller & Partner” konsaltinq şirkətinin eksperti (mövzu müəlliflərin müasir texnoloji imkanlardan yararlanaraq nəşriyyatlara baş vurmadan öz kitablarını yayınlamaq haqqında idi) və s.

Dolayısıyla yeni texniki imkanlar, elektron kitabların get-gedə artan sürətlə insanların həyatına daxil olması nəşriyyat və kitab sektorunun sürətlə yenilənməsini şərtləndirməkdədir. 10 mlrd. avroluq kitab satış dövriyyəsi olan Almaniyada elektron kitabların satış tempi kağız kitablarla müqayisədə hər il rekord həddədir. Buna görə də elektron kitabların özəl yayın formatları, onların qeyri-qanuni çoxaldılmasının qarşısının alınması mexanizmləri işlənib hazırlanmaqdadır, eyni zamanda bu kitabların oxunması üşün lazım olan cihazların istehsalı, onların təkmilləşdirilməsi sahəsində ciddi çalışmalar həyata keçirilməkdədir. Frankfurt Kitab Sərgisində bu cihazlar ayrıca pavilyonlarda nümayiş olunurdu. Bütün bunların fonunda, əlbəttə, Azərbaycan kitab

Fişer nəşriyyatında

Fişer nəşriyyatında

sektoru çox aciz və çarəsiz görünməkdədir. Bayaq ifadə etdiyim kimi, indiki yuxarıdan əmrlə həyata keçirilən idarəçilik sistemində biz dünyada gedən bu proseslərə sadəcə kənardan tamarzı kimi baxmaqla kifayətlənəcəyik. Azərbaycan kitab sektorunun naqislikləri haqqında burada ayrıca danışacam. Hələlik Frankfurta qayıdıram.

Frankfurt Kitab Sərgisi nə deməkdir?

Lütfən kitabla əlaqəsi olan hər kəs – istər naşir olsun, istər yazıçı və ya kitab taciri, - bu sualı özü üçün tam olaraq, birdəfəlik aydınlaşdırsın. Mən də burada yardımçı olmağa çalışacağam.

Frankfurt kitab sərgisi ilk növbədə ticari müqavilələrin bağlandığı bir məkandır və ya başqa sözlə desək, kitab sənayesinin müxtəlif istiqamətlərini təmsil edən ekspertlərin toplaşdığı dünya üzrə 1 nömrəli yerdir, loru dildə desək ən böyük və ən vacib kitab, KİV, müəllif haqları bazarıdır. Hər ilin oktyabr ayında naşirlər, kitab tacirləri, agentlər, prodüsserlər və ya müəlliflər Frankfurt Kitab Sərgisində bir araya gəlirlər. Bu ilki sərgidə 100 ölkədən (bu ölkələrdən biri də Azərbaycan idi) 7300-dən artıq eksponent, 300 000 minə yaxın qonaq və 10 000-dən çox jurnalist iştirak edirdi.

Dolayısıyla, Frankfurt Kitab Sərgisi Azərbaycan üçün kitab sahəsinin Avroviziyasıdır və ya daha asan başa düşülsün deyə, idmanla müqayisə etsək, kitabın Olimpiadasıdır, yəni ciddi əhəmiyyət daşıyan bir məkandır. Artıq neçənci ildir ki, Azərbaycan Frankfurt Kitab Sərgisində təmsil olunur. Bu sahədə ildən-ilə qazanılan bir təcrübə var. Lakin, mənim düşüncəmə görə, biz hələ Frankfurt Kitab Sərgisinin standartlarına və tələblərinə uyğun olaraq orada təmsil olunmuruq.

Nə üçün belə olduğunu deyim: Bu il Mədəniyyət və Turizm nazirliyi Azərbaycan stendini və təmsilçilərin bütün səfər xərclərini öz üzərinə götürüb. Görünür respublikanın indiki inkişaf səviyyəsi bundan artığını etməyə imkan vermir, yəni biz sadəcə təmsil olunuruq, formal olaraq Frankfurt sərgisində Azərbaycanın 40 kv.m-lik yeri var. Burada ayrı-ayrı nəşriyyatlar deyil sadəcə “Azərbaycan kitabı” sərgilənməkdədir (halbuki konkret nəşriyyatlar təmsil olunmalıdır).

Geridə qalmış 3-cü dünya ölkəsi üçün bu hal normal sayıla bilər. Yəni biz öz davranışımızla sanki bəri başdan deyirik: “bizim nə satılası kitabımız, nə də dünyaya çıxarılası müəllifimiz var, bizi rahat buraxın”. Düzdür dünya səviyyəli bir müəllifimiz – Çingiz Abdullayev Frankfurta göndərilmişdi və Azərbaycan panelində oturub öz alıcılarını gözləyirdi (Halbuki, Çingiz

qədər şöhrəti olan bir yazıçı üçün bu işi ədəbiyyat agentləri görməli idi). Müqayisə üçün Gürcüstanlı həmkarlarımızın Frankfurt Sərgisindəki fəaliyyətinə nəzər salaq: Gürcüstan rəsmi olaraq 10 nəşriyyatla təmsil olunur və 5 nəşriyyat öz hesabına qatılıb sərgiyə. Azərbaycan 1 yazıçıyla təmsil olunduğu halda Gürcüstan 7 yazıçısını göndərib Frankfurta. Gürcüstan Mədəniyyət naziri şəxsən özü iştirak edirdi sərgidə. Bundan əlavə, Gürcüstan Mədəniyyət Nazirliyi yanında Gürcü ədəbiyyatının başqa dillərə tərcüməsini dəstəkləyən və xarici naşirlər üçün qrant raundları elan edən yeni yaradılmış qurum fəaliyyət göstərir. (İki ildir fəaliyyət göstərən bu qurumun bu ilki büdcəsi, Gürcüstan respublikası nə qədər kasıb olsa da, 250 000 Avro təşkil etməkdədir. Mədəni Avropa ölkələrinin hamısında xarici naşirləri dəstəkləyən belə bir qurum var.

Azərbaycan Mədəniyyət Nazirliyində isə nənki bu barədə düşünən yoxdur, bu nazirlik kənardan gələn sağlam təkliflərə belə özünü tamamən qapatmış durumdadır.) Və bu qurumun təmsilçisi, bilavasitə Gürcüstan panelində iştirak edir, gürcü ədəbiyyatına aid kataloqlarla, tanıtım bukletləriylə xarici naşirlərlə görüşə hazır durumdadırlar. Dolayısıyla, Gürcüstan bir an öncə özünün əski sovet modeli 3-cü dünya ölkəsi imicini üzərindən atmaq yolundadır və bütün maddi imkansızlıqlara baxmayaraq bunu bizdən bir neçə dəfə yaxşı bacarırlar.

Kitab-nəşriyyat sektorunun dirçəldilməsi üçün bu gün Azərbaycan respublikasının yetəri qədər maddi resursları vardır. Lakin, görünən budur ki, bu resurslardan səmərəli şəkildə istifadə etməyi bacaran kreativ düşüncəli kadrlar yetərsizdir. Mədəniyyət Nazirliyində nəşriyyat və kitab məsələlərindən sorumlu olan insanların məsələyə yanaşması çağdaş tələblərə əsla uyğun deyil, köhnə sovet metodlarıyla işləyərək onlar Azərbaycan kitab sektorunu dirçəltməkdə, sadəcə olaraq, acizdirlər.

Bundan əlavə, böyük hərflərlə AZƏRBAYCAN KİTABININ problemləri təcili olaraq araşdırılmalı, bu kitabı yazan-nəşredən-satan-oxuyan zəncirindəki çatışmazlıqlar aradan qaldırılmalıdır. Bu sahədə bir sıra qanunvericilik aktları yenilənməlidir, məsələn, uşaq kitabları nəşr edən nəşriyyatlar ƏDV-dən azad edilməli, kitab satış mərkəzlərinə,

Frankfurt kitab sərgisi - 2011, İsveçin stendi, Nobel mükafatçısı Tranströmerin posteri

Frankfurt kitab sərgisi - 2011, İsveçin stendi, Nobel mükafatçısı Tranströmerin posteri

xaricdən kağız gətirilməsinə və s. güzəştlər tətbiq edilməlidir. Habelə Mədəniyyət Nazirliyi tərəfindən oxucuları təşviq edən layihələr həyata keçirilməlidir. Məsələn, Almaniyada olduğu kimi, respublikadakı bütün orta təhsil məktəblərini əhatə edən qiraət yarışları keçirilə bilər. Habelə, Ədliyyə Nazirliyində kitab və ədəbi yaradıcılıqla bağlı QHT-lərin qeydiyyata alınması yolundakı bütün maneələr aradan qaldırılmalıdır, dolayısıyla vətəndaş təşəbbüsləri dəstəklənməlidir. Heç yubanmadan naşirlər birliyi formalaşdırılmalıdır. Yaradıcı qurumların sərbəst rəqabət şəraitində fəaliyyət göstərməsinə şərait yaradılmalıdır... Deyəsən çox şey sadaladım. Qısacası, göstərməlik fəaliyyətə son qoyulmalı və real işlər görülməlidir.

Əgər Frankfurt kitab Sərgisinin veb səhifəsini açsanız, artıq indidən 2012-ci ilə sərgisinə hazırlıqların başlandığını görərsiniz. Hətta bu ilin noyabr ayının 30-nadək ilkin sifarişlər üçün endirimli qiymətlər təklif olunmağa başlayıb. Sanıram Azərbaycanlı naşirlır, kiçikli-böyüklü, Frankfurt Kitab Sərgisinin imkanlarından yararlanmağı öyrənməlidirlər. Təkcə dövlət xətti ilə deyil, müstəqil olaraq da bu sərgidə iştirak etmək mümkündür və qiymətlər də düşünüldüyü kimi yüksək deyildir. Ən azından, özünə naşir, kitabçı və ya yazıçı deyən hər bir kəs heç olmasa bir dəfə Frankfurt Kitab Sərgisini görməli, nə qədər böyük bir industriyanın oyunçuları olduqlarını başa düşməlidirlər. Əlbəttə, tənbəllik etmədən, yorulmadan görüşlərə hazırlaşmaq, aylar öncədən randevülər almaq, az vaxtdan istifadə edib sərginin imkanlarından maksimum yararlanmaq gərəkdir, bu qiymətli vaxtı, bizim sərgiyə getmiş bəzi naşirlər kimi pal-paltar dükanlarını gəzərək və restoranlarda əylənərək itirmək əsl cinayət olardı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG