Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda növbəti prezident kim olacaq?


Azər Rəşidoğlu
Azər Rəşidoğlu


Azərbaycan prezidenti İlham Əliyevin “Aljazeera” televiziyasına müsahibəsi müxalifətin sərt tənqidi ilə qarşılandı. Dövlət başçısının üçüncü dövr üçün prezident seçkisində iştirak edib-etməmək barədə hələlik qərar vermədiyini deməsi də maraq doğurur. Prezident müsahibəsində bildirir ki, üçüncü dəfə prezident seçkisinə qoşulub-qoşulmaması xalqın onun gördüyü işlərə verəcəyi qiymətdən və ona dəstəyinin səviyyəsindən asılı olacaq.

Beləliklə, İlham Əliyev cəmiyyətə mesaj verdi.

Ehtimal etmək olar ki, iqtidar “ən yaxşı yenilik elə köhnəliyin özüdür” şüarına üstünlük vercək və qısa bir zamanda ölkə boyunca İlham Əliyevin növbəti prezidentliyini “tələb edən” “zəhmətkeşlərin” yığıncağı keçiriləcək. Ölkədə olan və bəzi tanınmış beynəlxalq sosioloji mərkəzlər İlham Əliyevin reytinqinin həddən ziyadə yüksək olması ilə bağlı məlumatlatlar yayacaqlar.

Ötən seçkilərdə artıq belə bir praktikadan istifadə edilib. Neft ölkəsi üçün belə bir nəticə əldə etmək çətin deyil. Bir sözlə, hakimiyyətin bu dəfə də köhnə texnologilardan istifadə edəcəyi heç kəsdə sirr deyil.

Xatırladaq ki, Azərbaycanda növbəti prezident seçkisi 2013-cü ildə olacaq. 2008-ci ildə ikinci dəfə prezident seçiləndən sonra – 2009-cu ildə keçirilən referendumda ölkənin Konstitusiyası dəyişdirilib. Yeni dəyişikliklə İlham Əliyev üçüncü dəfə də prezident seçkisində iştirak edə bilər. O zaman müxalifət bunu dövlət başçısının ömürülük prezident olmaq cəhdi kimi qiymətləndirərək referendumu boykot etmişdi.

Bir çox beynəlxalq təşkilatlar bu addımı demokratiyaya zidd hesab edərək, rəsmi Bakını kəskin tənqid etmişdilər. Hakimiyyətin bu addımı iqtidar daxilində 2013-cü ilə hazırlıq kimi qiymətləndirilmişdi. Hakim elitadan dövlət başçısı postuna iddiaları olan namizədlərin fikrini elə beşikdəcə boğmağa yönəlmişdi.

Referendium məsələsi gündəmə gələn kimi, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olacağı heç kəsdə şübhə doğurmurdu. 2003-cü ildə hakim komandanı parçalanmaqdan qoruyub saxlayan ideoloqlar İ.Əliyevin “daimi prezidentliyini” də təmin etmiş oldular.

MÜXALİFƏT NİYƏ ZƏİFDİR?

Sözügedən müsahibəsində İlham Əliyev cəmiyyətin idarə olunmasında
yürütdüyü siyasi kursa sadiq qalacağını bəyan edib və siyasi rəqiblərini 20 il eyni kürsüdə oturub ondan əl çəkməməkdə ittiham edib. Dövlət başçısı bəyan edib ki, müxalifətin çox zəif olması faktı iqtidarın günahı deyil.

Lakin prezident eyni simaların 20 il ərzində nazir və digər yüksək postlar tutması məsələsinə münasibət bildirməyib. Müxalifətin zəif olduğu ölkədə güclü iqtidar ola bilərmi sualına dövlət başçısı cavab verməyib. Müxalifət qəragahdan məhrum olunursa, maliyyə resurslar; inzibati yolla tükədilirdə, fəallar həbs olunsa, liderlərin telekanallara çıxışı bağlıdırsa, müxalifət necə güclü ola bilər? Təbii ki, bu sualları da İ.Əliyev cavablandırmayıb.

“DEMOKRATİK SİLLƏ”

Azərbaycanda insan haqlarının pozulması işgəncələr barədə beynəlxalq təşkilatların tənqidləri mövzusunda suala cavabında prezident bildirib ki, bu cür tənqidlər də Qərbin ikili standartlarla yanaşmasının nəticəsidir.
Prezident Əliyev bunu Avropa ölkələrində mövcud olan güclü erməni lobbisi ilə əlaqləndirib.

Beynəlxalq təşkilatların ünvanına sərt ittihamlar səsləndirən İ.Əliyev bu açıqlaması ilə üçüncü prezidentliyi dövründə də beynəlxalq təzyiqlərə məhəl qoymayacağını indidən bəyan edib.

İ. Əliyev müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bir tezis ilə çıxış etməyib. Bu məsələ ilə bağlı dövlət başçisının dediklərini, beynəlxalq təşkilatların daima rəsmi Bakı ilə alverə hazır olduqlarına eyham vurmasinı “demokratik sillə” də adlandırmaq oalr.

MÜXALİFƏTİN KÖHNƏ SSENARİSİ

Beləliklə, iqtidar seçkillərə yenidən öz namizədi ilə qatılır. Müxalifət isə hələ də seçki ilə bağlı konkret addım atmayıb. Bu isə müxalifətin manevr imkanlarını xeyli dərəcədə daraldır.

Bir həqiqəti də ununtmaq olmaz. Siyasətdə məğlubları sevmirlər. Bir dəfə məğlubiyyətə uğramış siyasətçinin yenidən revanş götürmək şansı real görünmür. Burada səbəb deyil, nəticə əsas götürülür.

“Qalibləri mühakimə etmirlər” deyimi siyasətin əsas təriflərindən biridir. Yeni mübarizə üçün, özü də perespektiv vəd etməyən mübarizə üçün müxalifətə yeni simalar, yeni proqram, yeni lider ve yeni siyasi dəngələr əldə etmək lazımdır. Artıq 80-ci illərin şüarları ilə silahlanmaq əlavə divident gətirmir.

Bir sözlə, müxalifət yeni seçkilərə “məğlubiyyət sindromu” ilə qədəm basır və heç bir “siğorta kəməri”ndən də istifadə etmək fikrində deyil.
Azərbaycandakı seçkilərin taleyi yalnız Bakıda deyil, eyni zamanda dünyanın aparıcı ölkələrinin paytaxtlarında həll edilir. Müxalifət bu həqiqəti də unutmamalıdır.

ETATİZM VƏ LİBERAL DƏYƏRLƏR

Bu illər ərzində İ.Əliyev Rusiya, ABŞ, İran arasında manevr etməklə
mövcud siyasi kursun davam etməsində onların maraqlı olmasını ən azı müzakirəyə çıxara bildi. Yaxın Şərqdəki son olaylardan da hakimiyyət öz xeyrinə bəhrələnmək şanslarından yaralanmağa cəhd göstərdi.

Belə ki, cəmiyyətin demokratikləşməsi və etatizmin məhvi yalnız qərbyönümlü siyasətə yol açmır, Qərb üçün arzuolunmaz nəticələr də doğura bilər. Avtoritar hakimiyyət bir çox hallarda vətənpərvər-millətçi, radikal-dini qrupların hakimiyyətindən daha sərfedici olur.

Rəsmi Bakı nümayiş etdirmək istəyir ki, hazırkı durum Qərbə sərf də edə bilər. Azərbaycan digər Şərq ölkələri qədər despotik bir quruluşa malik deyil, eyni zamanda Avropa ölkəllərində mövcud olan demokratiyaya da sahib deyil. Bu ölkədə simvolik seçkilər keçirilsə də, Özbəkistan və Tacikistanla müqayisədə Azərbaycan daha demokratikdir. Burada ən azı ayrı-ayrı müxalifətçilər, hüquq müdafiəçiləri və azsaylı demokratik KİV mövcuddur.

Lakin Qərb ideoloqları da unutmamalıdırlar ki, demokratik müxalifətin sıradan çıxarılması marginal qruplara, xüsusilə də radikal qruplara yol açır. Nəzərə alsaq ki, ölkədə hakimiyyətdən narazıların sayı həddən ziyadə çoxdur, istənilən anda həmin qrupların narazı təbəqənin lokomotivinə çevrilmək şanslarının arta biləcəyini də ehtimal etmək olar. Bu baxımdan rəsmi Bakının qərbyönlü siyasi kursuna sadiqlik məsələsi Qərb siyasi dairələrini də ciddi şəkildə düşündürməlidir.

HAKİMİYYƏTİN EHTİYYAT VARİANTI

Hakimiyyətin fors-major situasiya üçün ehtiyyat variantları da mövcud ola bilər. İlham Əliyev son anda öz namizdəliyindən imtina edə və hakimiyyətin Qərb üçün (eləcə də Rusiya üçün) cəlbedici görünən digər namizədini dəstəkləyə, yaxın 5 ildə baş nazir postu ilə kifayətlənə və bir sözlə, “Putin variantı”nı təkrarlaya bilər.

Yeni namizəd dünya demokratiyasına bir “gender hədiyyəsi” kimi də təqdim oluna bilər.

Digər tərəfdən, bu halda İ.Əliyev hakimiyyətə nəzarəti əlində saxlamaq üçün baş nazir postunun verdiyi səlahiyyətlərdən də istifadə edə bilər. Eyni zamanda, yeni namizəd Azərbaycanı idarə edən maliyyə qruplarının gəlirlərinə müəyyən mənada zəmanətçi kimi də çıxış edə bilər.

Bu gün Qərbi düşündürən ən ümdə məsələlərədn biri lümpenləşdirilmiş siyasi qürumların hakimiyyətə gələ bilməsi ilə Azərbaycanda başlana biləcək yeni əmlak bölgüsü uğrunda savaşdır ki, bu, sabitliyin tamailə pozulması demək olarddı. Təbii ki, Qərb belə situasiyaya hazır deyil. Odur ki, maliyyə rıcaqlarına malik olmayan siyasi güc mərkəzlərinin hakimiyyət dəyişiklikləri zamanı yalnız “köməkçi element” kimi istifadə olunmasıdan söhbət gedə bilər.

Seçkilərə çox az vaxt qalıb. Əgər, Qərbin siyasi dairələri Azərbaycanda siyasi dəyişikliklərə nail olmaq istəyirlərsə, artıq bir neçə istiqamətdə iş aparılmalı idi.

Birinci, Ukrayna və Gürcüstanda olduğu kimi, “demokratik inqilabın” ruporu ola biləcək yeni telekanalllar və qəzetlər yaradılmalı idi. Digər tərəfdən, yeni siyasi komanda üçün zəruri olan maliyyə yardımlarının ayrılması məsələsi öz həllini tapmalı idi.

Və ən əsası növbəti mümkün dövlət başçısının cəmiyyətə yeni bir simada təqdim olunması prosessinə hazırlıq getməli idi. Bu gün İ.Əliyevdən başqa yalnız bir ictimai-siyasi xadimin bu istiqamətdə təbliğatı getməkdir. Bu isə iqtidarın yeni – “ehtiyat planlarından” xəbər verir.

ÜÇÜNCÜ PREZİDENTLİYƏ DOĞRU

Azərbaycanın hazırki dövlət başçısının idarəetməsi sağdan və soldan tənqidlərə məruz qalır. Müxalifət dövlət başçısının siyasi kursunu qeyri-ardıcıl, təzadlı və qeyri-məntiqi, bulmacalar və paradokslardan ibarət siyasət adlandırır.

Prezidentin opponentləri hesab edirlər ki, bu kurs özünü daxili siyasətdə olduğu kimi, diplomatiyada da büruzə verir. Bu siyasət ilk baxışdan Heydər Əliyev dönəminin siyasətinin davamı təsirini bağışlayır. Lakin belə kurs qaçılmaz böhranlara yol açır. Azərbaycan iqtidarı daxili intiriqalarla zəngin və fırtınaya düşmüş bir gəmini xatırladır. Gəminin batması və ya sahilə çıxması qasırağanın, yəni, xarici təzyiqlərin gücündən asılı olacaq.

Prezidentin tənqidçiləri belə hesab edirlər ki, idarəetmənin təzadlarından danışmaq da yersizdir, əslində Azərbaycanda hakimiyyət böhranı müşahidə olunur. Heydər Əliyev dönəmindən fərqli olaraq, artıq bir şəxsin iradəsi ilə idarəolunan mexanizmdən də danışmaq mümüküm deyil.

Keçmiş prezidentin gölgəsindən çıxmaq istəyi hazırki prezidenti siyasi kursunda bir sıra redaktələr etməyə vadar elədi. Yeni prezident xarici və daxili siyasətdə müəyyən addımlar atmağa başladı. Məhz bu dönəmdən başlayaraq, İ.Əliyev barədə müstəqil və yeni siyasət yürüdən siyasi xadim kimi danışmağa başladılar.

Lakin onun idarəetməsi bir çox müəmmalı suallar doğurdu. Cəmiyyət prezidentin ölkə üçün nələr edəcəyini, onun təşəbbüslərinin nə məqsədə xidmət edəcəyini anlamaq istəyirdi.

İ.Əliyev yeni siyasi kursa üstünlük verən siyasi xadim təsiri bağışlayırdı. Bu paradiqmalar uyğunsuzluq, natamamlıqla müşaiyyət olunmağa başladı ki, bir çox suallar doğurdu və həmin suallara bu günə qədər cavab verən olmayıb.

Siyasi rəhbərliyin azərbaycansayağı siyasi kursu - demokratiya və avtoritarlıq arasında manevr siyasəti idi. Nə Avropasayağı demokratiya, nə də Şərqsayağı diktatura. İkisinin arasında olan bir siyasət.

Ziddiyyətlərlə dolu, eyni zamanda yenilikçi bir siyasət. Bir tərəfdən cəmiyyətin müsbət gözləntiləri və siyasi rəhbərliyin liberal niyyətləri, digər tərəfdən isə anti-Qərb çağırışları və qeyri-demokratik addımlar dövlət başçısının nə etmək istədiyini müəmmalarla doldururdu. Burada da bir incə məqam mövcuddur. Azərbaycan daha da inkişaf etdirilməsi strategiyasına qarşı çıxış edənlərin “köhnə qvardiya” üzvləri olduğu, prezidentin isə praqmatik və mütərəqqi bir siyasətçi olmaqla yanaşı, “artıq yüklərdən” azad olmaq cəhdlərindən xəbər verirdi.

Prezident iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı kimi görünsə də onun addımlarının gözlənilən nəticələr verməməsi paradoksal siyasi kursun təzahürü kimi qiymətləndiriliməyə başladı. Lakin İ.Əliyev üçüncü prezidentliyində cəmiyyət bu qeyri-ardıcıl siyasi kursun başa çatmasını arzulayacaq. Bu isə yeni, islahatlara meylli komanda ilə həyata keçirilə bilər.

Ehtimal etmək olar ki, seçki öncəsi siyasi məhbusları azad etməklə yanaşı prezident kadr dəyişiklikləri də həyata keçirməyə üstünlük verəcək. Ancaq bütün bunlar xalqın gerçək dəstəyini qazanmağa yetərlidirmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG