Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

«ABŞ demokratik və iqtisadi islahatlara öz dəstəyini bildirəcək»


ABŞ Dövlət katibinin birinci müavini William Burns

ABŞ Dövlət katibinin birinci müavini William Burns

«Azərbaycanda demokratiya, söz azadlığı, müxalifət fəallarının həbsə atılması ilə bağlı məsələlərdə biz öz narahatlığımızı ifadə etməkdə davam edirik».

Bunu oktyabrın 18-də ABŞ Dövlət katibinin birinci müavini William Burns jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, prezident Əliyevlə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi yolları barəsində fikir mübadiləsi aparıb. Cənab Burns deyir ki, görüş zamanı müzakirə etdiyi məsələlərdən biri də elə demokratiya sferası olub:

«Biz vətəndaş cəmiyyətinin əhəmiyyəti barəsində də söhbət elədik. Mən bir daha demokratik və iqtisadi islahatların əhəmiyyətini vurğuladım. Bu, Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının dərin marağını kəsb edən məsələdir. Bu həm də xalqın uzunmüddətli tərəqqi və firavanlığının elementidir. Keçən il dövlət katibi Hillary Clintonun qeyd etdiyi kimi, bizim dünyada ən yaxın əlaqələrimiz insan hüquqları və qanunun aliliyinə hörmət edən ölkələrdir. İnanmağa davam edirik ki, qanunun aliliyinin gücləndirilməsi, ümumbəşəri dəyərlərə hörmətlə yanaşılması, güclü demokratik təsisatlar yaradılması Azərbaycan insanının marağına daxildir. Aydın şəkildə görünür ki, bu sahədə görüləsi işlər çoxdur. ABŞ keçmişdə olduğu kimi demokratik və iqtisadi islahatlara öz dəstəyini bildirəcək».

William Burns vətəndaş cəmiyyəti təmsilçiləri ilə də görüş keçirib:

«Onların fikirlərinə və ideyalarına öz dəstəyimizi ifadə etmək imkanı əldə etdim. Azərbaycan çox böyük potensiala malik bir ölkədir. Birləşmiş Ştatlar bu potensialı reallaşdırmaq işinə sadiqdir».

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obamanın Washingtonda görüşü (24 sentyabr 2010)

Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Barak Obamanın Washingtonda görüşü (24 sentyabr 2010)

Dövlət katibinin müavini deyir ki, prezident Obama və dövlət katibi Clinton Azərbaycanla ikitərəfli münasibətlərə böyük önəm verir:

«Birləşmiş Ştatların Azərbaycanda prioritetləri arasında yenə də təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar olaraq qalır. Biz birgə qlobal məsələlərlə məşğul oluruq. Bunlar arasında zorakı ekstremizmlə mübarizə və enerji təchizat marşrutlarının şaxələndirilməsi var. Mən bir daha prezident Əliyevə Azərbaycanın, Əfqanıstan da daxil olmaqla, beynəlxalq təhlükəsizlik səylərində verdiyi mühüm töhfəyə görə bir daha təşəkkürümü bildirdim».

«QARABAĞ MÜNAQİŞƏSİNİN HƏRB YOLU İLƏ HƏLLİ YOXDUR»

«ABŞ Dağlıq Qarabağ məsələsinin həllinə Minsk qrupunun həmsədri olaraq çox güclü, fəal yanaşma sərgiləyir. Bizim yanaşmamız ona əsaslanır ki, bu münaqişənin hərb yolu ilə həlli yoxdur»- diplomat William Burns bu fikirdədir.

O deyir ki, ABŞ bu məsələyə təxirəsalınmaz, çox vacib məsələ kimi yanaşır:

«Biz inanırıq ki, status-kvo uzun müddət davam edə bilməz. ABŞ ən yüksək səviyyədə Minks qrupu prosesini gücləndirmək və yeniləmək üçün əlindən gələni etmək işinə sadiq olaraq qalır. Həmsədr ölkə olaraq öz məsuliyyətimizə ciddi yanaşırıq».
XS
SM
MD
LG