Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29
Yüzlərlə etirazçı London, Frankfurt və Amsterdam şəhərlərində çadırlar qurublar. Onlar qənaət tədbirlərinə və iri şirkətlərin xəsisliyinə qarşı «Wall Streeti ələ keçir» hərəkatına dəstək olaraq burada məskunlaşacaqlarını bildirirlər.

Şənbə günü dünyanın 80 ölkəsinin 900-dən artıq şəhərində keçirilən kütləvi etiraz aksiyalarından sonra Avropanın bu üç şəhərinin maliyyə strukturları yerləşən ərazilərində çadırların sayı artmağa başlayıb.

«SAKİT OLUN VƏ LONDONU İŞĞAL EDİN»


Londonda etirazçılar Müqəddəs Paul kilsəsinin qarşısında, London Səhm Birjasının yaxınlığında çadır qurublar. France Press agentliyinin xəbərinə görə, burada 70-ə yaxın çadırı qurulub. Nümayişçilər burada uzun müddət qala bilmək üçün özlərinə şərait yaradır. Aksiyaçılardan biri Reutersə bunları deyib:

«Dünyada sağ qalmaq üçün vacib olan şey su və yeməkdir. Biz də özümüzə yemək bişirmək, çay dəmləmək üçün yer hazırlayırıq. Su, ərzaq toplayırıq. Adamların əllərini qızdırması və isti su ilə yuya bilməsi üçün pul yığırıq ki, qaz sobası alaq».

Şüarların arasında «Sakit olun və Londonu işğal edin», «İnsanları xilas edin, bankları yox» kimi şüarlar da var.

«ELƏ DAYANACAĞIQ Kİ, BANKİRLƏR ARAMIZDAN KEÇİB İŞƏ GEDƏ BİLSİNLƏR»

Amsterdamda isə etirazçılar ölkənin Səhm Birjasının qarşısındakı meydanda çadır qurublar. Aksiyanın təşkilatçılarından biri Seth Lievense bunları deyir: «Burda elə adamlar var ki, uzun müddət meydanda qalmaq qərarı veriblər. Gecə - gündüz, həftələrlə. Onların dəyişiklik etmək arzusu çox böyükdür».

Frankfurtda etiraz aksiyası

Frankfurtda etiraz aksiyası

Almaniyanın maliyyə paytaxtı olan Frankfurtda isə 200-ə qədər insan Avropa Mərkəzi Bankının binası qarşısında düşərgə salıb. Avropanın borc böhranının necə nəticələnməsində bu bank həlledici rolu oynayacaq. Etirazçılardan biri Alexander Sack bunları deyir:

«Sabahdan biz Avropa Mərkəzi Bankının qarşısında dayanacağıq. Elə dayanacağıq ki, bankirlər aramızdan keçib işə gedə bilsinlər. Ancaq həmin vaxt onlar bizim sifətimizi də görə biləcəklər. Görsünlər ki, biz onların törətdiyi maliyyə cinayətlərinə qarşı mübarizə aparmaq üçün burdayıq. Görsünlər ki, dəyişiklik istəyən insanlar var».

BMT-nin baş katibi Ban Ki-moon Cenevrədəki çıxışında deyib ki, dünyanın hər yerində hökumətlər böyük kəsirlərlə üzləşirlər: «Ən böyük çatışmazlıq isə etibar çatışmazlığıdır».

ROMADAKI AKSİYALARDA 130-DAN ARTIQ ADAM XƏSARƏT ALIB

Afinada etiraz aksiyası

Afinada etiraz aksiyası

Oktyabrın 15-də yüzlərlə insan Lissabon, Madrid, Romada da oxşar etiraz aksiyaları keçiriblər. Romada keçirilən aksiyada nümayişçilərlə polis arasında baş verən qarşıdurmalarda 130-dan artıq adam xəsarət alıb. Mağazaların şüşələri sındırılıb, avtomaşınlar zərər görüb. Roma meri şəhərə 1 milyon dollar məbləğində ziyan vurulduğunu bildirib. 12 nəfər saxlanıb.

Yunanıstanda isə dənizçilərin 48 saatlıq tətilə başlayıblar. Bu, ölkənin adalarla əlaqəsinin kəsilməsinə, sərnişinlərin yolda qalmasına səbəb olub. Oktyabrın 19-da isə Yunanıstanda iki günlük ümummilli tətil olacaq. Həmin gün parlamentdə yeni qənaət tədbirləri ilə bağlı qanun layihəsi müzakirə olunmalıdır.

«Wall Streeti ələ keçir» hərəkatı iqtisadi böhran və hakimiyyətin maliyyə siyasətinə etiraz olaraq bir ay bundan əvvəl New Yorkda yaradılıb.

Sayta hazırladı: Kəbiran Dilavərli

Günün bütün mövzuları

XS
SM
MD
LG