Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:48

Gürcüstanın futbolda bəxti gətirmədi


Gürcüstanın futbol üzrə milli yığması Avro-2012-nin seçmə mərhələsində 4-cü yeri tutub, 10 xal yığıb. İdman şərhçilərin fikrincə, müsbət məqam yalnız ondadır ki, yığma komanda bundan əvvəlki seçmə mərhələlərlə müqayisədə daha yaxşı nəticə göstərib. Bundan əvvəlki mərhələdə gürcü yığması cəmi 3 xal toplaya bilmişdi, bu il isə göstəricini 7 xal da artırıb və qrupda 4-cü yerə çıxıb. Turnirin gedişi zamanı idman şərhçiləri ehtimal edirdilər ki, ötən il məğlubiyyətsiz oyun göstərməklə qrupa düşən gürcü komandasının playoff-da da oynamaq şansı olacaq. Amma bu gözləntilər özünü doğrultmadı. Gürcüstan millisi öz meydanında Yunanıstan yığmasına uduzub. «Cvarosnebi» azerkeşlər qrupunun rəhbəri Qoça Tandaraşvili Gürcüstan yığmasının ümumilikdə göstərdiyi nəticəni belə şərh edir:

«Bir ay əvvəl biz ikinci yeri tuta bilərdik. Amma düz bir ay sonra biz dördüncü-sonuncudan əvvəlki yeri tutduq. Yalnız Maltanı udduq, bu da hesaba alınmamalıdır. Bir ay ərzində biz zirvədən dibə düşdük».

«ZİRVƏDƏN ENİŞ BƏXTSİZLİYİN NƏTİCƏSİDİR»

Milli yığmanın məşqçisinin fikrincə, zirvədən eniş bəxtsizliyin nəticəsidir. Yunanıstanla oyundan sonra keçirilən mətbuat konfransında o deyib ki:

«Oyunu uduzduq, amma uda bilərdik. Görünür bəxtsizlik bizdən əl çəkmir. Artıq ikinci oyundur ki Tbilisidə uduzuruq. Meydanda 10 nəfər qalana qədər oyun 1:0 bizim xeyrimizə idi. Son 25 dəqiqə ərzində 10 nəfərlə tab gətirmək qeyri mümkün oldu. Mən uşaqlardan razıyam, onlar qələbə üçün hər şey etdilər, amma bu gün uğur bizim tərəfdə deyildi».

İctimai yayım idman prodüsseri David Minaşvili əldə olunan nəticəni Gürcüstan futbolunun mövcud vəziyyətini əks etdirən reallıq kimi qiymətləndirir. Deyir ki, Milli yığımanın playoff mərhələsinə çıxışı onun üçün sürpriz olardı:

«Gürcüstan yığması playoff-da oynamağa hazır deyildi, nə məşqçi, nə də futbolçular. Hesab edirəm ki, bu, Gürcüstan futbolundakı mövcud vəziyyəti əks etdirən bir nəticədir. Çox işlər görülməlidir, amma bu ola bilsin ki məşqçinin səlahiyyətindədir. Görünür perspektivdə oyunçuların heyətini yeniləmək lazımdır. Təəccüblüsü budur ki, futbol federasiyası məşqçi və oyunçular nəticədən razıdırlar. Çünki bundan əvvəlki seçmə mərhələsi ilə müqayisədə nəticə yaxşılaşdırılıb. Onlar hesab edirlər ki, hər şey qaydasındadır, əvvəlki seçmə mərhələsi faciə idi, bu isə pis keçirilməyib və fərq də yalnız bundadır».

MƏŞQÇİYƏ DAHA BİR ŞANS

Amma görünür, futbol federasiyası əldə olunmuş nəticədən bir o qədər də razı deyil. Bu, Federasiyanın vitse prezidenti Revaz Arveladzenin bəyanatında hiss olunur, baxmayaraq ki, məşqçi ilə müqavilənin uzadılması nəzərdə tutulur:

«Dünyada elə bir futbol federasiyası tapılmaz ki, qrupda 4-cü yerdən razı qalsın. Amma şərait elə gətirdi ki, biz bu seçmə mərhələdən belə bir nəticəyə gəldik ki, məşqçiyə işləmək üçün imkan vermək lazımdır. İrəliləyişin olduğunu nəzərə alıb həm məşqçiyə, həm də oyunçulara şans vermək qərarına gəldik. Ümid edirik ki, bunun nəticəsi yaxşı olacaq. Məhz buna görə biz belə bir qərara gəldik və müqavilənin müddətini uzatdıq».

Amma növbəti seçim mərhələsinin – Avro-2013-ün Gürcüstan üçün daha uğurlu olacağına nə idman şərhçiləri, nə də azarkeşlər ümid edir. Amma Azadlıq Radiosuna müsahibələrində azarkeşlər onu da deyiblər ki, bu dövrü Gürcüstan futbolu üçün keçid dövrü kimi qiymətləndirmək və ondan yeni komanda, yeni futbolçuların hazırlanmasında istifadə etmək lazımdır.
XS
SM
MD
LG