Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

Günel Mövlud: "Qadınlarla rəfiqəlik etmirəm"


Günel Mövlud (solda) və Feyziyyə

Günel Mövlud (solda) və Feyziyyə

"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı şairə Günel Mövluddur.


"Mənim bütün dostlarım kişilərdir."

"Bilirəm ki, Nərmin Kamalda istər intellekt, istər ifadə etmək bacarığı sarıdan elə şeylər var ki, mən bəlkə də onu edə bilməzdim. Amma elə şeylər də var ki, onu mən yazmışam, bəlkə də onlar yaza bilməzdi".

"Beş ildir deyirəm, bəlkə beş il sonra da deyəcəm, bir roman yazmaq istəyirəm".

"Məni yeni gələn yazarlardan çox, yeni oxucular sevindirir".



- Sizin çox maraqlı obrazınız var. Yazılarda cəsarətli, mübariz görünən Günel Mövlud şeirlərində məsum, kövrək uşaq kimidir...

- Birinci dəfədir mənə məsum deyirlər, təşəkkür edirəm (Gülür- F.) İnsanın ruhu kövrək deyilsə, niyə kobudluğa etiraz etsin? Əgər içində ədalətli deyilsə, niyə ədalətsizliyə etiraz etsin? Əgər özü yumşaq biri deyilsə, niyə sərtliyə etiraz eləsin? Niyə bizə elə gəlir ki, cəsarətli insan çox möhkəm, duyarsızdır. Belə deyil, insanın bir içi var. Üstəlik şairsənsə, qadınsansa, ümumiyyətlə, insansansa səni çox şeylər kövrəltməlidir, çox şeylər təsir etməlidir, ağlatmalıdır, incitməlidir.

- Dediyiniz duyğusallıq, həssaslıq bütün qadınlarda var, amma cəsarətli olmaq, həm da yazıda nələrisə qorxmadan yazmaq hər qadının işi deyil axı. Bu, qadının qorxaq olduğu anlamına gəlmir ki?

- Qorxaq deyil. Sadəcə, qadının fiziki gücü onu məcbur edir ki, daha güclü olandan bir instinktiv olaraq çəkinsin. Kişi var mənən çox zəifdir, qadın var mənən çox güclüdür. Yəni o mənəvi zəiflik və mənəvi çəkingənlik kişiyə qadına bölünmür. Ola bilər ki, qadın daha romantikdir, onun beyni bir az daha duyğusal işləyir. Kişisə daha realistdir. Amma mənəvi zəiflik cinslə ölçülmür.

- Yaradıcı insanlar arasında qısqanclıq hissi daha güclü olur. Sizcə, bu gün ədəbi mühitdə bu hiss daha çox qadınlarda güclüdür, yoxsa kişilərdə?

- Bilmirəm. Mən əslində qadınlar arasında intriqalardan və yaxud hansısa mübahisələrdən kənaram. Ona görə ki, mən onlarla rəfiqəlik etmirəm. Bu o demək deyil ki, mənim onlara antipatiyam var. Sadəcə, onlarla ünsiyyətə vaxt yoxdur. Məsələn, Sevinc Pərvanənin ailəsi, üç uşağı var. Nərmin Kamal, Sevinc Çılğın da onun kimi. Əslində münasibətlərimiz xoşdur, rəfiqəlik etmək üçünsə zamanımız yoxdur.
Günel Mövlud

Günel Mövlud

Qısqanclıqdan kişilər elə şeylər deyirlər, elə şeylər eşidirəm, oxuyuram ki, onu heç bir qadın etmir. Əslində qadının içindəki ləyaqət hissi imkan vermir ki, bir yaradıcı adam haqqında elə sözlər desin. Kişilərdə cəmiyyətdə nəyəsə sahib olmuş qadını qısqanmaq, onu qaralamaq, özünə rəqib görmək hissi daha güclüdür, nəinki qadınlarda. Amma ümumi götürəndə yaradıcı qadınları kənara qoysaq, mən razılaşıram ki, qadınlar bir-birlərinə qarşı daha çox qısqancdılar. Ona görə ki, o uğurları əldə etmək qadın üçün çox çətindir. İstər cəmiyyətin mövqeyini, istər qadının gücünü nəzərə alanda uğur qazanmaq çox çətindir. Və nadir hallarda bir həmcinsi bu uğura nail olursa, ona istər- istəməz həsəd də ola bilər, paxıllıq da ola bilər, bu, intiriqalara da gətirib çıxarda bilər. Olsun, amma intriqanın özündə də bir yaradıcılıq var. Baxır sən o intriqanı hansı səviyyədə, hansı mərtəbədə, hansı ruhda aparırsan.

- Bəs sizin kiməsə qarşı qısanclıq hissiniz varmı?

- Bəlkə bu qeyri-təvazökarlıqdır, amma olsun, mənim istedadım mənim kürəyimin arxasindakı böyük bir əldir və mənə ürək-dirək verən çox mənəvi şeydir. O mənə imkan vermir ki, kiməsə həsəd aparım, ya paxıllıq edim. Yazıçıların materialı nədir? Hisslərimizi sözlə çatdırırıq. Bizim istedadımız o sözə yönəlib. Mən ifadə imkanlarımı, ifadə etmək bacarığımı, ifadə etmək istedadımı heç kimdən zəif görmürəm ki paxıllıq edim, ya həsəd aparım. Məsələn, görürəm ki, şair Aqşinin elə ifadə vasitələri var ki, daha gözəl, daha parlaqdır. Amma mən ona paxıllıq etmək əvəzinə çalışıram ki, mənim istedadım onun istedadı ilə ünsiyyətə girsin və bu ünsiyyət nəticəsində mənim istedadım nə isə əldə etsin. Paxıllıq edirsənsə, deməli, bilirsən ki, sən daha istedadsızsan, mənən yoxsulsan, sənin bacarıq imkanların daha azdır. Bilirəm ki, Nərmin Kamalda istər intellekt, istər ifadə etmək bacarığı sarıdan elə şeylər var ki, mən bəlkə də onu edə bilməzdim. Amma elə şeylər də var ki, onu mən yazmışam, bəlkə də onlar yaza bilməzdi. Ona gorə bu hiss məndə yoxdu, özü də bu, bir papulist çıxış deyil.

- Kişilərin və qadınların yaratdığı ədəbiyyat haqqında müxtəlif fikirlər var. Bəs siz bu haqda nə düşünürsünüz?

- Mən fikirləşmirəm ki, Marqaret Mitçelin “Küləklə sovrulanlar” əsərini hansısa kişi müəlif yaza bilər. Bu, Markesin “Yüz ilin tənhalığı”ndan daha zəif əsərdirmi? Onun ifadə imkanları ikincidən dahamı məhduddur? Deyil axı! Sadəcə, baxışlar fərqlidir. Mənim kişilərlə heç bir problemim yoxdur. Nə dostluqda, nə də yaradıcılıqda. Dünyada filosofların doxsan faizi kişilərdir. Amma nadır halda bir qadın filosofun adını çəkə bilərik. Elə işlər var ki, onları ancaq qadınlar görür. Mən bu əbədi qadın-kişi mübarizəsini bir-birinə ittihamlar atmaqdansa, aşağılamaqdansa, təhqir etmək üzərində qurmaqdansa daha yaradıcı, daha oynaq, daha şux bir müstəviyə çevirməyin tərəfindəyəm. Mənim bütün dostlarım kişilərdir, çünki onların mənə ayıracaq vaxtları daha çoxdur. Qadın-kişi dostluğunu artıq qurmaq lazımdır. Mən başa düşürəm, dünyada qadının hüquqları tapdanır, dünyada zorakılığa məruz qalan daha çox
Feyziyyə

Feyziyyə

qadınlardır. Amma zorakılığa məruz qalan, hüquqları tapdanan kişilər də var. Mən razıyam, Azərbaycan ailələrində qadınlar əksər halda ikinici dərəcəli cinsdir. Ona münasibət üstdən aşağıdır. Onun hüquqları kişi qədər deyil. Əslində rəsmən bu hüquqlar ona verilib. Və bu hüquqları tələb etmək qadının öz haqqıdır. Qadın öz haqqını istəmirsə, bir evin xanımı olmaq, maddi cəhətdən kişidən asılı olmaq istəyirsə, bu o demək deyil ki, kişi qadının hüququnu tapdamış olur. Maddi cəhətdən təmin olunmuş heç bir qadın öz hüquqlarını kişiyə yedirmir. O qadınlar ki, maddi cəhətdən kişidən asılıdır, ictimai rəydən asılıdır, qohum-əqrəbanın mövqeyi onlara çox vacibdir, istəyirlər ki, əxlaqlı evdar qadın, ərinin sözünə baxan qadın imicləri olsun, buna qarşı çıxmırlar. Bir tərəfdən də deyirlər ki, bizim hüquqlarımız tapdanır. Buyur, hüquqlarını tələb elə. Amma bu sənə sərf edir axı. Sadaladığım səbəblərə görə də, qadınların nələrinsə qurbanı olması, hüquqlarının tapdanması fikri ilə razı deyiləm.

- Bu yaxınlarda otuz yaşınızı qeyd etdiniz, bu, necə hissdir?

- Əslində, otuz yaşın depressiyası deyilən bir şey var ki, mən də o haldayam. Fikir verdinizsə, üzdən də şux, oynaq görünmürəm. Amma mən fikirləşirəm ki, artıq otuz birin içindəyəm və bu bir il ərzində otuz bir ilin depressiyasından çıxmağa çalışıram. Gəncliyin özünəməxsus gözəlliyi, imtiyazları var. On il əvvəlki pis şeylər yoxdursa, yaxşı şeylər də yoxdur. Bir il bundan əvvəl əlimə beş il əvvəl çəkilmiş şəklim keçdi. Əslində, o şəkildə üzümdə boya yoxdur, paltarım köhnədir, saçım dağınıqdır. Amma o şəkil elə gözəldir ki, o şəkildəki gözəllik mənim bu gün gözəl paltarda, makiyajda çəkdirdiyim şəkildə yoxdur. O nə idisə çox gözəl, işiqlı bir şey idi. Başa düşdüm ki, əslində, o, gənclik idi. Həm də fikirləşirəm ki, beş il sonra bu günkü şəkillərə baxıb otuz beş yaşda olmayan gözəlliyi görəcəm. Yaşla bağlı insanın əldə etdiyi çox şeylər var. Bir az müdrikləşirsən, hər şeyə daha səbrlə yanaşırsan. Son vaxtlar daha az əsəbiləşirəm. Bunu içimdə analiz edəndə görürəm ki, yox, bu, yaxşı şey deyil. Mən niyə müdrik olum ki, müdriklik qocalara aiddir. Hələ cavan olmaq lazımdır. Oskar Uayld deyir ki, sən yenidən gəncləşmək istəyirsənsə, gənclikdə etdiyin səhvləri xatırla və hamısını təkrarla. Gənclik hər şeyi ilə gözəldir və hələ ki mən o gəncliyin ömrünü uzadıram.

- Intihar haqqında necə, əvvəlkindən daha az düşünürsüz, yoxsa daha çox? Şeirlərinizdə bu mövzuya tez-tez toxunursunuz.

- Mən axmaq və mənasız həyat eşqi ilə dolu olan bir adamam. Həyatı çox sevirəm. Çox xırda şeylər məni sevindirə bilir, çox xırda şeylərdən xoşbəxt ola bilirəm. Amma hərdən elə məqamlar olur ki, normal insanların ötüb keçə biləcəyi hallar mənə faciə kimi gəlir. Onlardan daha çox sındırır, daha çox əzir məni. Şeir, yaradıcılıq, əslində, inanın ağrılarının məhsuludur. Nə qədər çox ağrıyırsansa, o qədər gözəl şeylər yaza bilirsən. Nə qədər çox ağrıyırsansa, o qədər təsirli olur sənin onu ifadə etməyin. Inanmıram ki, dünyada elə bir şair olsun ki, intihar etmək istəməsin. Intihar faktları ədəbiyyatda daha çoxdur. Ağrının elə bir həddi olur ki, sən artıq ona dözə bilmirsən. və düşünürsən ki, yaşamasan, bu ağrını hiss etməyəcəksən. O ağrılar olmasa, biz niyə intihardan, ölümdən danışaq?

- Depressiyadan danışdınız, bu otuz yaşın depressiyasıdır, yoxsa tənhalığın?

- Yox, tənhalıqdan deyil. Yaşın artması ilə bağlı isə düşünürəm ki, mən gəncliyi insanın nə qədər sevə və sevilə biləcəyi ilə ölçürəm. Mənə elə gəlir ki, insan yaşlandıqca
Günel Mövlud

Günel Mövlud

sevmək bacarığını bir qədər itirir. Sən yenə sevirsən, amma o, əvvəlki kimi ağrıtmır səni. Bu sevgidə də ümidsizlik olur, amma bu ümidsizlik də səni əvvəlki kimi əsəbiləşdirmir, hər şeylə barışırsan. Bunu hiss etdikcə özümə yıpranmış kimi gəlirəm, sevmək bacarığını itirmək yaradıcı adam üçün çox böyük itkidir. O mənim hər şeyimə təsir edəcək. Mən bəlkə də əvvəlki kimi gözəl yaza bilməyəcəm. Markesin çox gözəl fikri var: biz ona görə qocalmırıq ki, sevməyi yadırğayırıq, sevməyi yadırğadığımız üçün qocalırıq. Yaşdan əlavə bir də sevməyi yadırğamaq qocaldır adamı.

- Təzə nə yzırsınız?

- Yeni şeir silsiləsi yazıram. Sonra, beş ildir deyirəm, bəlkə beş il sonra da deyəcəm, bir roman yazmaq istəyirəm. Hər şey var beynimdə. Içimdə bunları “otur yaz” deyən bir şey olmalıdır. Bilmirəm o bir hərəkətdirmi, bir dost sözüdürmü, bir işarədirmi?

- Indi hansı ovqatdasınız? Şeir, nəsr?..

- Mən bir müddət özümü “Yüz ilin tənhalığı”na köklədim. Düşünürəm ki, həm də yaxşı tərcümə elədim. Amma həm də hesab edirəm ki, ondan on dəfə yaxşı tərcümə edə bilərdim. Indi Murakaminin “Norveç meşəsi”ni tərcümə edirəm. Hal- hazırda yalnız tərcüməyə köklənmişəm. Publisistik yazılarım var, onları bir kitab halına salmağı düşünürəm. Istəyirəm köhnələrlə haqq-hesabı bitirim, təzə şeylərə başlayım. Roman haqqında düşünürəm, ola bilsin ki, iki aya hazır olsun, ya da iki ilə. Amma şeir özü kiçik olduğu üçün ovqatı da çox qısadır. Və onun sənə yazdırmaq müddəti də çox qısadır.

- Hər gün bir köşə yazısı, bir şeir, bir hekayə ilə ədəbi mühitə ayaq qoyan yeni imzalar görünür. Mənzərəni necə görürsünüz?

- Məni yeni gələn yazarlardan çox, yeni oxucular sevindirir. On il bundan əvvəl biz yazmağa başlayanda belə deyildi. Bizim yazıları bilavasitə qəzetə aidiyyatı olan adamlar oxuyurdu. Indi həm ictimai sektorda bir canlanma var. Bu gün ədəbiyyatdan, siyasətdən, mədəniyyətdən başı çıxan gənclər var. Beyinləri informasiyaya açıq olduğu üçün həm də gözəl oxucudurlar. Buna görə də oxucu canlanması məni daha çox sevindirir. Yazarların gəlməsi isə həmişə belə olub, həmişə də belə olacaq- insanın içindən yazmaq gəlirsə, onu qınamaq olmaz ki, sən niyə yazırsan? Yazmaq ehtiyacı yemək yemək, su içmək ehtiyacı kimidir. Ona görə insanı qınamaq olmaz. Ola bilsin ki, insanın mütaliəsi zəifdir, dünyagörüşü çoxdur, mənən ədəbiyyata hazır deyil. Amma içində yazmaq ehtiyacı varsa, buyursun yazsın. Onu oxuyub-oxumamaq, qiymət
vermək artıq bizim işimizdir. Bizim nəsildə, məsələn, Aqşində olan istedadı, hələ ki, 2010-cu ildəki imzalarda görmürəm. Onun kimi parlaq imzası olan, parlaq ifadə tərzi olan, adamı şillə kimi tutan şeirləri olan elə bir gənc yoxdur. Açığı Nərmini də görmürəm, lap Güneli də görmürəm, heç Seymuru da görmürəm. Boz imzalar kimi gələn adamların bir ildən sonra nə yazacağını biz bilə bilmərik. Biz də qəzetlərdə indi oxuyanda güldüyümüz yazıları yazmışıq. Yazıyla, sözlə davranmağı bacarandan sonra ortada imza olur, şeir olur, ədəbiyyat olur. Biz o qədər yazdıqlarımızı cırıb tullamışıq ki. Ədəbiyyata gələndə bizə olan münasibəti nə mən, nə mənim yaşıdlarım bizdən beş il, on il, lap on beş il sonra gələn nəsilə göstərmərik. Biz onlara qollarımızı açmağa, bağrımıza basmağa hazırıq. Yazıçı kimi münasibət bildirməkdən əlavə dost olmağa, ədəbiyyat söhbəti etməkdən tutmuş yeyib-içmək məclisinədək hamısına hazırıq.

- Ötən həftə rubrikamızın qonağı olmuş Rasim Qaraca soruşub ki, Günel sehirbaz olsaydı, ilk göstərdiyi fokus nə olardı?

- Çox maraqlı olardı, heç vaxt sehirbaz olmağı düşünməmişdim. Yəqin ki, Azərbaycanı qıpqırmızı bir sol ölkəsi edərdim.

- Növbəti qonağımız olacaq Qulu Ağsəsdən nə soruşmaq istərdiniz?

- Gördün üşüyürsən, özünü yandır... Bu, Qulunun şeirindəndir. Qulu bəy, yanmaq həmişə çıxış yoludurmu?

FEYZİYYƏ

Həmçinin oxu

Rasim Qaraca: "Böyük yazarlar ciddi mühitdə yetişir"

Musa Yaqub: "Istərdim yeni sədr daha işgüzar olsun"

Əli Əkbər: Azərbaycanda ən çox satılan mənim və Seymur Baycanın kitablarıdır

Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."

Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"

Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG