Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:04

«BlackBerry»ni kimlər işlədir?


«BlackBerry»
«BlackBerry»
Bir neçə gün öncə «BlackBerry» telefonlarından internetə çıxış və elektron poçtların qəbulunda problem yaşanıb. Problem Azərbaycanda «BlackBerry» istifadəçilərində də müşahidə olunub. Amma həm «BlackBerry»nin Azərbaycanda operatoru olan «Azercell», «Bakcell», həm də bu modelin rəsmi distributoru olan «ABC Telecom» bildirir ki, bu, texniki problem olub. Sistemdə yenilik edilirmiş və istifadəçilərə xəbərdarlıq mesajı ötürülüb.

«ABC Telecom»un satış üzrə müdiri Abdul Əliyev düşünür ki, bu problem telefonların Azərbaycandakı bazarına təsir etməyəcək. O deyir ki, rəsmi şəkildə il yarım əvvəl Azərbaycanda fəaliyyətə başlayandan sonra satış səviyyələri aybaay artıb:

«İlk əvvəl bank rəhbərləri, sığorta şirkətləri idi. Korporativ müştərilərimiz idi. Sonralar mağazalarda satışa çıxarıldı».

A.Əliyev deyir ki, «BlackBerry» gələnə kimi Azərbaycanda mobil bazara «Nokia» liderlik edirdi, amma indi onlar da bu səviyyəyə çatıblar. «Azərbaycan alıcısı bu modelə niyə seçir» sualına A. Əliyevin cavabı belə oldu ki, adına, nüfuzuna, funksiyasına görə də alanlar var, informasiya təhlükəsizliyinə görə də.

«BlackBerry»nin lisenziyasını alan «Azercell»dən AzadlıqRadiosuna bildirirlər ki, onların xidmətindən istifadə edənlərin sayı 20 mindir. «Bakcell» də bu istifadəçilərin sayının son illər artdığını
«Nokia»
«Nokia»
söyləyir.

«AZƏRBAYCANDA HƏLƏ 3G OTURUŞMAYIB»

«Nokia»nın rəsmi distributoru «MobiTel»in biznes analizi üzrə eksperti Əziz Əliyev deyir ki, əslində 3G hələ Azərbaycanda tam oturuşmayıb deyə, alıcılar arasında bu yeniliyi dəstəkləyən telefonlara maraq o qədər də böyük deyil. Smartfonların satışı ümumi satışın 25 faizini təşkil edir:

«Aya 10 min satış var. Bazardan xəbərimiz var, başqa modellərin satışında da elə bir ciddi sıçrayış yoxdur».

«Samsung» telefonlarının rəsmi distributoru olan «İnteqral» şirkətinin satış üzrə rəhbəri Şahin Sadıqov isə AzadlıqRadiosuna deyir ki, son vaxtlar «Samsung» smartfonları Android sistemini dəstəklədiyindən bu modelə maraq artıb. Ş.Sadıqov hər ay nə qədər mobil telefon satdıqlarını söyləməsə də, satışın 25 faiz artdığını bildirib. Smartfonların qiyməti təxminən 200-700 manat arasındadır.

Elə «Nokia» və «BlackBerry»nin də qiyməti modeldən asılı olaraq 200-700 manat arasında dəyişir.

«BlackBerry»nin qiyməti 200-700 manatdır
«BlackBerry»nin qiyməti 200-700 manatdır
​«BlackBerry» istifadəçisi olan Natella Qədirova deyir ki, bu model onu brendinə görə cəlb edib: «Mən iş adamı deyiləm, elə məxfi yazışmalarım yoxdur. Gördüm dost-tanış alır, mən də həvəsə düşdüm, amma indi internetə də girirəm, poçtuma baxıram».

«TELEFONA FOTO-VİDEOAPARAT YANAŞMASI»

Mobil telefonlar üzrə ekspert Rəşad Əliyev deyir ki, Azərbaycanda az adam telefon seçərkən onun dəstəklədiyi sistemə, məlumatı təhlükəsiz saxlama üstünlüyünə diqqət yetirir:

«Bizdə telefon seçəndə, funksiyalarından çox telefonun kamerasına baxırlar. «BlackBerry»lər indi daha çox «qlamur» adamlarda rast gəlinir. «iPhone» da əvvəllər populyar idi, amma onun hər xidmətinə pul ödəmək lazım gəldiyi, mütləq «Apple»in məhsullarından istifadəni tələb elədiyi üçün bir qədər populyarlığını itirib.

R.Əliyev hesab edir ki, telefon şirkətləri Azərbaycan sakinlərini maraqlandıran xidmətləri - məsələn, Azərbaycan dilində hansısa proqramları və ya oyunları tətbiq edərsə - rəqabətdə üstünlük qazanar.
XS
SM
MD
LG