Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:42

Təhsil Nazirliyi 77 məktəbin tikintisində “yeyinti” olduğunu etiraf edir


Arxiv şəkil.
Arxiv şəkil.

Məktəblərin tikintisi və təmirində “yeyinti”yə görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı işdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

Təhsil Nazirliyindən oktyabrın 14-də yayılan məlumata görə Baş Prokurorluqla birlikdə Bakıda 77 məktəbdə araşdırma aparıb. Həmin araşdırma zamanı ciddi qanun pozuntuları aşkar edilib. Nöqsanlarla bağlı Baş Prokurorluğun təqdimatı ilə Təhsil Nazirliyi öz əməkdaşlarını cəzalandırıb. Rəsmi məlumata görə Nazirlik məktəblərin tikintisi və təmiri üzrə tenderlərin təşkili, təmir-tikinti işləri üzərində nəzarət, şəffaflığın artırılması istiqamətində tədbirlərin görülməsi üçün özünün strukturlarına tapşırıqlar verib.

Təhsil Nazirliyi həmçinin xəbər verir ki, 2004-2011-ci illərdə tikinti və təmir işləri üçün Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti İdarəsinə dövlət büdcəsindən 543 665 100 manat ayrılıb.

Həmin pula 121 864 yerlik 353 yeni məktəb, 1 270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris mərkəzi binası, 184 məktəb üçün 49880 yerlik əlavə korpuslar tikilib, 176 məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə məktəbində əsaslı təmir işləri aparılıb.

Qeyri-hökumət təşkilatlarının apardıqları araşdırmalarda da dəfələrlə qeyd edilib ki, bu nazirliyin tikdiyi məktəblərdə qiymətlər həddən artıq şişirdilir. O zaman rəsmilər bu cür iddiaları əsassız adlandırıb həmin araşdırmanın müəlliflərini böhtan atmaqda günahlandırırdılar. Amma bu yaxınlarda məktəb tikintisində “yeyinti” barədə ölkənin baş prokuroru da danışmağa başlayıb.

Prezidentin Təhsil nazirinin iki müavinini işdən çıxarmasından sonra Baş prokuror bəyan etdi ki, “məktəblərin tikintisi və təmiri zamanı həm bu işləri görən kommersiya təşkilatları, həm də Təhsil Nazirliyinin vəzifəli şəxsləri çox ciddi qanun pozuntularına yol veriblər. İndi cinayət işi açılıb, araşdırılır.”
XS
SM
MD
LG