Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:59

2012-ci ilin 18 milyardlıq büdcəsi və...


Manat
Manat
«Bildiyimə görə, əmanətlər keçmiş sovet respublikalarında yalnız Azərbaycanda qaytarılmayıb».

Bakı sakini Kifayət Haqverdiyeva hər il büdcə artanda sovet dövründə batmış 10 min manatlıq əmanətinin qaytarılacağını düşünür. Amma hər dəfə də bu baş vermir. Deyir nefti olmayan ölkələrin hamısında əmanətlərin qaytarıldığı halda Azərbaycan üçün o qədər də çox olmayan əmanətlərin hələ də qaytarılmaması başadüşülən deyil.

3 MİLYARDA YAXIN NƏQLİYYATA, 32 MİLYON KƏND TƏSƏRRÜFATINA

Sövet dövrü əmanətlərinin qaytarılması üçün 2012-ci ilin büdcə layihəsində hər hansı vəsait nəzərdə tutulmayıb. Həmin layihə Maliyyə Nazirliyinin internet səhifəsində artıq yerləşdirilib.

2012-ci ilin büdcəsində ən çox vəsait investisiya layihələri üçün vəsaitlər nəzərdə tutulur. 18 milyard manat proqnozlaşdırılan büdcənin 7 milyard 247 milyon manatı investisiya xərcləri üçün nəzərdə tutulur. Bunun da 2 milyard 766 milyon manatını nəqliyyat sahəsinə ayrılacaq vəsait təşkil edir. Kənd təsərrüfatına isə 32 milyon manatdan bir qədər artıq vəsaitin ayrılması nəzərdə tutulur ki, bunun da 20 milyon manata yaxını xarici kreditlərin payına düşür.

Natiq Cəfərli
Natiq Cəfərli
NEFTDƏN ASILI, KORRUPSİYAYÖNÜMLÜ

Gələn ilin büdcə layihəsini təhlil edən iqtisadçı Natiq Cəfərli növbəti dövlət büdcəsini həm neftdən asılı, həm də korrupsiyayönümlü büdcə hesab edir. Onun sözlərinə görə, büdcə layihəsində proqnozlaşdırılan rəqəmlərə baxanda aydın görünür ki, büdcənin təqribən 73 faizi birbaşa neftdən asılı vəziyyətə düşüb:

«Təqribən büdcənin 15 faizi də dolayısı yolla neftdən asılı vəziyyətə düşür. Bunları üst-üstə gələndə büdcənin neftdən asılılığı 90 faizə yaxınlaşır. Bu, çox təhlükəli bir rəqəmdir».

Natiq Cəfərliyə görə, büdcənin ilbəil artması və hər il də korrupsiyalaşmış layihələrə təkrar-təkrar 100 milyonlarla vəsait ayrılması daha çox büdcə vəsaitlərinin korrupsiyanın yemi olmasından xəbər verir. İqtisadçı deyir ki, büdcə layihəsində ayrılan vəsaitlərin təsnifatında hər şey ümumi yazıldığından o, gələn ilki büdcəni də «korrupsiyayönümlü büdcə» hesab edir.

Natiq Cəfərli 2012-ci ilin büdcəsini sosialyönümlü büdcə adlandıranlarla da razılaşmır:

«Sosialyönümlü büdcə anlayışı yalnız maaşların artırılması və ya təmir-tikintinin aparılması ilə ölçülmür. Bu, innovasiya və elmin inkişafına ayrılan vəsaitlə ölçülür. Ötən il fundamental elmlərin inkişafına cəmi 68 milyon manat vəsait ayrılmışdı, sonradan məlum oldu ki, həmin vəsaitin də böyük hissəsi Akademiyanın təmirinə xərclənib. Belə bir vəziyyətdə büdcənin sosialyönümlü olmasını demək müasir büdcə təsnifatı təcrübəsinə uyğun gəlmir».

Vahid Əhmədov
Vahid Əhmədov
«KORRUPSİYA FONDDAN SONRAKI MƏRHƏLƏLƏRDƏ BAŞ VERİR»

Natiq Cəfərli investisiya xərclərinin ilbəil artırılmasını da daha çox korrupsiya ilə əlaqələndirir. İqtisadçının sözlərinə görə, Neft Fonduna yığılan pulları başqa cür mənimsəmək mümkün olmadığından məmurlar bu vəsaitlərin mənimsənilməsini Fonddan sonrakı mərhələlərdə həyata keçirirlər.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə büdcənin 90 faizə qədərinin neftdən asılılığını bölüşmür. Millət vəkilinə görə, büdcənin 53-65 faizi neftdən gələn vəsaitlər hesabına formalaşır:

«Azərbaycan neft ixrac edən ölkədir və əlbəttə, neftin payı büdcədə çox olacaq. Bu, yaxın gələcəkdə də azalan temp üzrə gedən deyil».

«GÜVƏNİLƏN EHTİYATLAR BİR GÜNDƏ ÖZ DƏYƏRİNİ İTİRƏ BİLƏR»

Büdcənin şəffaflığına gəlincə, Vahid Əhmədov burada müəyyən problemlərin olduğunu inkar eləmir. Deyir əvvəllər deputatlara büdcə xərclərinin istiqaməti barədə ətraflı məlumat verilsə də büdcə haqqında qanuna edilən dəyişiklikdən sonra onlara yalnız ümumi rəqəmlər verilir. Onun
sözlərinə görə, büdcə vəsaitlərinin xərclənməsinə nəzarət olsa da problemlər də az deyil:

«Bir vaxtlar büdcə 300-600 milyon idi, indi 16-17 milyarddır. Yəni rəqəmlər çox böyükdür və burada korrupsiya üçün çox böyük imkanlar var. Ona görə də büdcəyə nəzarət lazımı formada yerinə yetirilməsə, şəffaflıq olmasa, korrupsiya həmişə olacaq».

Vahid Əhmədov deyir ki, Azərbaycan büdcəsində qeyri-neft sektorunun payı 50-60 faizə qaldırılmalıdır, yoxsa Azərbaycan istənilən vaxt problemlərlə üzləşə bilər. Ölkənin müəyyən maliyyə ehtiyatları olsa da, deputat hesab edir ki, bu ehtiyatlara da çox güvənmək lazım deyil, çünki, bəzən həmin güvənilən ehtiyatlar öz dəyərini bir gündə itirə bilər.
XS
SM
MD
LG