Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:11

İrandan hər gün azərbaycanlı fəalların həbsi xəbəri gəlir


Polis avqustun 27-də Urmiyədə etiraz aksiyasını dağıdarkən.

Polis avqustun 27-də Urmiyədə etiraz aksiyasını dağıdarkən.


Ötən ayın sonunda İranda Xoy şəhərində, tanınmış milli fəal İbrahim Cəfərzadənin və onun ailə üzvlərinin yas mərasimində həbs olunmuş 26 yaşlı Şirzad Hacılunun harda saxlandığı məlum deyil. Qardaşı Abbas Hacılu bildirir ki, o, dünənə qədər zindanda idi, dünəndən aparıblar ETTELAAT-a, heç özləri də bilmirlər: "Bu günə qədər ona qarşı işgəncə olmasını eşitməmişik, ancaq bundan sonra necə olacaq, bunu bilmirik. Heç ona qarşı hansı ittihamın irəli sürüldüyü də məlum deyil.”

SAXLANAN 60 NƏFƏRDƏN 4-NÜN HARDA OLDUĞU BƏLLİ DEYİL

Qardaşının sözlərinə görə, Şirzad Hacilu kompyuter təhsili alırdı, həm də kiçik mağaza sahibi imiş. Əvvəllər də İranın dövlət qəzetlərindən birində türklərin təhqir olunmasına etiraz edənlərə qoşulub və həbsə atılıb.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (Association for Defense of Azerbaijani Political Prisoners in Iran - ADAPP) sözçüsü Yaşar Həkkəkpur deyir ki, həmin yas mərasimində tutulan 60 nəfərdən 4-ü – Şəhram Yüzbaşı, Şirzad Hacılu, Bəhmən Nəsirzadə və Vəhid Xalispur hələ də həbsdədir. İki gündür ki, onları ETTELAAT-ın Xoydakı şöbəsindən Urmiyə şöbəsinə köçürüblər. Onlara hansı ittihamların verildiyi bəlli deyil. Ailə üzvləri də vəziyyətlərindən xəbər tuta bilmir.

MƏHKƏMƏ YAXINLAŞIR, AMMA İTTİHAM BİLİNMİR

“Gələn həftə Səid Nəiminin məhkəməsidir. Vəkili hələ ittihamnamə ilə tanış olmadığına görə, Səidin nədə ittiham olunduğunu bilmirik. Təbrizdə zindanda saxlanılır”.

Bunu isə 7 ay əvvəl ETTELAAT əməkdaşları tərəfindən öz evində həbs olunmuş Səid Nəiminin həyat yoldaşı Səidə İslami AzadlıqRadiosuna deyib. Səid Nəimi həbsdə olduğu müddətdə aclıq aksiyası da keçirmişdi və ADAPP əvvəllər onun vəziyyətinin ağır olması barədə məlumatlar yaymışdı.

BİRİNİN QABIRĞALARI SINDIRILIB, O BİRİNİN QASIĞI YIRTILIB

Həbsdə olan azərbaycanlı fəallar Məhəmməd Əlimuradinin və Qadir Novruzinin ailələrindən isə AzadlıqRadiosuna bildirilib ki, hər ikisinə qarşı işgəncələr davam edir. İşgəncələr nəticəsində Məhəmməd Əlimuradinin qabırğaları sınıb, Qadir Novruzinin isə qasığı yırtılıb.

Hər iki fəal avqustun 24-də tanınmış fəal Mustafa Əvəzpurun evində verilən iftar süfrəsi zamanı ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları tərəfindən həbs olunublar və hazırda da həmin bölmədə saxlanılırlar.

İftar süfrəsi zamanı ümumilikdə 29 nəfər həbs olunmuşdu, onlardan 16-nın məhkəməsi olub və iki il dörd ay müddətinə azadlıqdan məhrum ediliblər. Verilən verilən cəzanın dörd ayı həbsxanada, iki ili isə azadlıqda şərti cəza kimi çəkilməlidir. 13 nəfəri isə hələ də öz mühakiməsini gözləyir.

“MİLLİ FƏALLARIN QƏZALARDA ÖLMƏLƏRİ ŞÜBHƏLİDİR”

Yaşar Həkkəkpur deyir ki, indi İranda həbslər kütləvi olmasa da, demək olar ki, hər gün baş verir. İki iki gün əvvəl Tehranda milli fəal Behnam Şeyxi həbs olunub. Onun konkret hansı ittihamla tutulduğu və harda saxlandığı bilinmir.

Həkkəkpurun sözlərinə görə, son aylarda Təbriz, Urmiyə, Ərdəbil, Qoşaçay, Sulduz, Xoyda baş verən etirazlarda həbs olunanların sayı 4 min nəfərə yaxındır. Bu aksiyalar zamanı ən azı 4 nəfər həlak olub. Aksiyalarda iştirak edənlər əsasən Urmiyə gölünün qurumasına, İran rəsmilərinin bu məsələdə hərəkətsizliyinə etiraz edirlər:

“ADAPP olaraq bu insanların həbslərini pisləyirik. İran hökuməti insanların azadlıqlarına ehtiramla yanaşmalı, onların toplaşma haqqını tanımalıdır. İran hökuməti tezliklə onları azadlığa buraxmalıdır, çünki onlar öz sözlərini dinc yolla deyərkən tutulublar, ölənlərə görə də İran hökuməti məsuliyyət daşıyır”.

ALLAHA QARŞI ÇIXANLAR?

İranın Qərbi Azərbaycan əyalətinin ədliyyə təşkilatının rəisi Məhəmmədəli Musəvi Urmiyə gölünün qurumasına etiraz edənləri Allaha qarşı çıxmaqda günahlandırıb.
İran qanunlarına görə, Allaha qarşı çıxanlara edam cəzası kəsilir:

“İran rəsmisi bu açıqlaması ilə Urmu gölünün qurumasına etiraz edənlərin səslərini kəsmək istəyir”. Yaşar Həkkəkpur belə deyir. O, hesab edir ki, bu, İran rəsmilərinin azərbaycanlılara növbəti təzyiqidir.

Şərhləri göstər

XS
SM
MD
LG