Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:12

Səudiyyə Ərəbistanın səfirini kim öldürmək istəyib?


Manssor Arbabsiar Nyu-York məhkəməsində, 11 oktyabr 2011
Manssor Arbabsiar Nyu-York məhkəməsində, 11 oktyabr 2011
Səudiyyə Ərəbistanı İrana işlədiyi deyilən şəxslərin Vaşinqtondakı səfirinə qarşı sui-qəsd hazırlama planını «mənfur» addım adlandırıb.

Səudiyyə Ərəbistanının rəhbərliyi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, krallıq bu istiqamətdə ABŞ-la məsləhətləşmələrini, əlaqələrini davam etdirəcək.

Bəyanat Səudiyyə kralı Abdullahın ABŞ prezidenti Barak Obama (Barack Obama) ilə telefon söhbətindən sonraya təsadüf edir.

İRAN İDDİALARI RƏDD EDİR

Obama və kral Abdullah razılaşıblar ki, sui-qəsd planı «fundamental beynəlxalq norma, əxlaq və qanunlara qarşı biabırçı zorakılıqdır».

Amerika hökuməti bu həftə bəyan edib ki, Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirinə qarşı hazırlanan sui-qəsdin üstünü açıblar. Sui-qəsdi İran hökuməti təşkil edirmiş.

İran isə bu iddianı rədd edir, deyilənləri «ABŞ-ın uydurması» adlandırır.

Ağ Evin sözçüsü Viktoriya Nuland (Victoria Nuland) deyir ki, ABŞ dünya ölkələrini İrana qarşı siyasi və iqtisadi təzyiqləri artırmağa çağırır:

«Biz özümüz bu tip sanksiyaları həyata keçirən zaman başqalarını da həvəsləndiririk ki, imkanları çatan yerədək bizi izləsinlər. Təbii ki, İranla şəxsi əlaqələrini də nəzərə alsınlar. Çünki bu əlaqələr bizimkilərdən fərqli ola bilər».

ABŞ BİR NƏFƏRİ ARTIQ HƏBS EDİB

ABŞ hökuməti artıq hadisədə əli olmaqda şübhəli bilinən bir nəfəri – həm İran, həm də Amerika pasportu olan Manssor Arbabsiarı həbs edib.​O, 1.5 milyon dollara razılaşdırılmış sui-qəsdi maliyyələşdirmək üçün ABŞ-dakı bank hesablarından birinə 100 min dollar pul köçürməkdə ittiham olunur.
Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfiri Adel əl-Cubeyr
Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfiri Adel əl-Cubeyr

ABŞ hökuməti bu işdə daha bir iranlının – Golam Şakurinin (Gholam Shakuri) də iştirak etdiyini bildirir. O, hazırda İrandadır.

Bu iki şəxs İran rəsmiləri ilə birlikdə Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfiri Adel əl-Cubeyrə (Adel Al-Jubeir) qarşı partlayıcıdan istifadə etməklə sui-qəsd planlaşdırırmışlar.

5 NƏFƏRƏ VƏ 1 ŞİRKƏTƏ QARŞI SANKSİYA

Gözlənilir ki, M. Arbabsiar oktyabrın 25-də məhkəmə kürsüsünə çıxarılacaq, ilkin dinləmələri olacaq.

ABŞ həmçinin, sui-qəsdlə əlaqəli olmaqda şübhəli bilinən 5 nəfərə qarşı sanksiya da qoyub, ikisi barəsində istintaq başlanıb. G.Şakuri və 5 nəfərdən 3-ü Qüds Qüvvələrinin üzvü kimi təqdim olunur.

ABŞ həm də Qüds Qüvvələrinin üzvlərinə xidmət edən İranın «Mahan Air» aviaşirkətinə qarşı da sanksiya qoyub.

İTTİHAM OLUNANLARDAN BİRİ HAQDA

ABŞ-da Səudiyyə Ərəbistanının səfirliyi
ABŞ-da Səudiyyə Ərəbistanının səfirliyi
56 yaşlı M.Arbabsiar Birləşmiş Ştatlara gənc yaşlarından gəlib, 30 ilə yaxın Texasda yaşayıb, burada təhsil alıb. İlk evliliyindən sonra Amerika vətəndaşlığı almağa nail olub. 2001-ci ildə oğurluqla bağlı ona qarşı ittiham irəli sürülüb, amma sübutlar kifayət etmədiyindən ittihama xitam verilib.

İttihamnaməyə əsasən, o, İrana və Meksikaya gedirmiş ki, səfiri restoranda öldürmək üçün Meksikanın narkotik karteli üzvlərindən birini tutsun.

«The New York Times» yazır ki, M.Arbabsiarın köhnə dostları və Texasdan olan yoldaşları bu xəbəri heyrətlə qarşılayıblar, deyiblər ki, onu belə bir işdə çox səriştəsiz hesab edirlər. Dostları deyir ki, Arbabsiar siyasət və dinlə heç vaxt maraqlanmayıb, marixuana və spirtli içki aludəçisi olub.

«Associated Press» isə ABŞ rəsmilərinə istinadən yazır ki, Arbabsiar planlaşdırdığı işin peşəkarı olmayıb, xeyli ehtiyatsızlıqlara yol verib. Yerli televiziyalardan birinə müsahibə verən həyat yoldaşı Arbabsiarı günahkar hesab etmədiyini deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG