Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:05
Moskvada yaşayan müsəlmanlar üçün xüsusi sorğu xidməti yaradılır. Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsi tərəfindən təşkil edilən bu sorğu xidmətinin köməyilə bəzi məhsullar və xidmətlər barədə məlumat almaq mümkündür.

Sorğu xidməti artıq bir aydır ki, sınaq rejimində işləyir. Bu xidmətdən istifadə edənlərə telefon, yaxud da xüsusi internet saytı vasitəsilə cavab verilir.

Saytın yaradıcılarından biri Tahir Halyamovun dediyinə görə, hələlik onların o qədər çox müştərisi yoxdur:
“Gündə 5-6 zəng gəlir, 10-12 nəfər də sayta daxil olur. Amma Moskva və şəhər ətrafında 4 milyon müsəlman yaşayır. Onlar bizim potensial müştərilərimizdir”.

Sorğu xidmətinin bazasına sırf müsəlmanlar üçün məhsul və xidmət təklif edən 240 şirkətin koordinatları daxil edilib. Bura halal qida, həmçinin halal xidmətlər, məsələn, Məkkəyə həcc ziyarətini təşkil edən turizm firmalar aiddir.

Rusiya Müftilər Şurası bu cür xidmətə ehtiyac olduğunu bildirib. Qurumun mətbuat katibi Gülnur Qaziyeva deyib ki, onlara Moskvada yaşayan müsəlmanlar tərəfindən çox sorğular daxil olur:
“Hansısa məscidin yerini, iş vaxtını, halal mallar mağazasını və s. soruşurlar. Bayram qabağı hardan qoyun almaq, harda halal kəsdirməklə bağlı zənglərin sayı çoxalır. Bizim isə bu məlumatları axtarıb tapmağımız çətin olur. Əslində, bu iş bizim təşkilatın profilinə uyğun deyil”.

Saytda həmçinin müsəlman icmaları, onların keçirdiyi tədbirlər, dini təhsil müəssisələri haqda məlumatlar yerləşdiriləcək. Burada hətta müsəlmanların sosial şəbəkəsi, yaxud tanışlıq bölmələrinin yerləşəcəyi də istisna olunmur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG