Keçid linkləri

Təcili xəbərlər

Qismət belədir?!


Ümid. Rəşid Şerifin karikaturası
Ümid. Rəşid Şerifin karikaturası
Bəlkə də hər şey lap çoxdan, Böyük Fransa inqilabından ya da ABŞ-ın istiqlal mübarizəsindən başlamışdı. Mən burada bərabərlik hissini və onun insanın ləyaqətinə verdiyi məzmunu nəzərdə tuturam. Bərabərlikdən danışan zaman ağıla gələn ilk şey sosial-demokratiya və sosialistlər olur. Mənimsə buna müraciət etməyimin səbəbi tamam başqadır. Son dövrdəki prosesləri bir az təhlil edəndə görürsən ki, böyük sosial-siyasi hadisələr təkcə sosial problemlərdən, ağır iqtisadi durumdan törəmir, daha dərin və məzmunlu bir səbəblər var.

İnsan özünü başqaları ilə bərabər hiss edir. Bu, insana ləyaqət hissi aşılayır. O, müxtəlif dini görüşlərin və fəlsəfələrin ona aşıladığı buxov və zəncirlərdən azad olur. Bu gün Azərbaycanda məhz bu çatışmır. Bir dəfə taksidə dostumla neftdən və hakimiyyətdən söhbət edirdik. Sən demə, taksi sürücüsü bizi diqqətlə dinləyirmiş. Birdən o qayıtdı ki, qardaş, gəlin onunla barışaq ki, bu neft bunların – hakimiyyətindir, özümüzə başqa dolanışıq və ruzi yeri axtaraq. Seçki vaxtı da belə hadisələrə çox rast gəlmişəm. Dəfələrlə deyiblər ki, biz fəhlə babayıq, «yuxarı»ların işi bizlik deyil, kreslo onlarlıqdır.

Etiraf edin ki, bu cür «bəyanatlar»ın hamısı insanın kiçilmiş məzmunundan xəbər verir. Bəli, o, əvvəldən özü belə hesab edir və bəlkə uşaqlarına da bu fikri aşılayır ki, o, çox kiçik adamdır, onun həyatda can ata biləcəyi də yalnız bir parça çörəkdir. Qoy, «yuxarılar» necə bilirlər elə idarə etsinlər, qərəz, bu «siyasət bizlik deyil»... Bəli, bütün fəlsəfə budur. Bundan sonra belələrinin seçkidə aldadılması, məhkəmədə hüququnun pozulması, məmurlar, dövlət qulluqçuları tərəfindən get-gələ salınması artıq təəccüb doğurmur.
Şabaş. Rəşid Şerifin karikaturası
Şabaş. Rəşid Şerifin karikaturası
Siz heç vaxt bu insanlardan ciddi bir etiraz görə bilməzsiniz.

Bir müəllim maraqlı bir hadisə danışmışdı. Qazın qıt vaxtında bir neçə adam qərara gəlib ki, gedib icra başçısına şikayət etsinlər. Həmin müəllim deyir ki, icra aparatına çatan vaxt gördüm ki, tək qalmışam, hərə bir bəhanə ilə aradan çıxıb... Mən bunu təkcə siyasi səbəblərlə izah etmirəm, mənə elə gəlir ki, bunun dərin dini və kulturoloji səbəbləri var.

BİZİM QİSMƏTİMİZ

Bizim dini dünyagörüşümüzdə bir neqativ kateqoriya var: qismət. İlk anda bu, halallığa dəlalət edir: sənin qismətin budur və buna da yiyə dur! Amma dərin fikirləşəndə görürsən ki, bu anlayış müsəlmanları olduqca geri salıb.
İnsan ümumiləşdirmələrə meylli olur. Hətta qismət anlayışında bilavasitə bu nəzərdə tutulmasa da, insan başlayır bütün ədalətsizlikləri, uğursuzluqları qismət kimi yozmağa, ona alın yazısı kimi baxmağa. Niyə biri varlıdır, digəri isə kasıb? Qismət belədir! Niyə biri hər şeyə malik olduğu halda digəri heç nə tapmır? Qismət belədir! Mən bu məsələnin lap dərinliyinə getməyə cəhd etmək niyyətində deyiləm. Xristianlıqda, kalvinizmdə də oxşar şeylər var. O, da iddia edir ki, heç də hamı xilas olunmayacaq!

Amma burada bir detal da var. Kimin xilas olacağını da heç kim bilmir, təkcə Allahdan başqa.
Paxıllıq. Rəşid Şerifin karikaturası
Paxıllıq. Rəşid Şerifin karikaturası
​Ona görə hamı çalışmalıdır ki, xilas olunanlardan olsun! Bəli, fərq bundadır. Ona görə daha məntiqli olardı ki, hamı çalışsın ki, varlı olsun, öndə olsun... Bu yolla sosial passivlikdən qurtulmaq olardı. Amma bunun üçün də təhtəlşüurdaca bir inqilab baş verməlidir: insan özünü başqaları ilə bərabər hiss etməlidir ki, onlar kimi varlı olmağa, öndə olmağa jan atsın. O, özünü başqaları kimi bərabər hiss etmirsə, bu, onda daim aşağılıq kompleksi yaradacaq və o, bu maneəni dəf edə bilməyəcək, həmişə sosial nərdivanın aşağı bir pilləsində qalacaq.

MÜASİR KAPİTALİZM VƏ BƏRABƏRLİK

İndi heç yerdə kapitalizm özünün klassik formasında qalmayıb. Müasir və inkişaf etmiş kapitalizm hər addımda insana bərabərlik hissi aşılayır. Birinci olaraq bu, özünü eqalitarizm kimi büruzə verir – hamının qanun və məhkəmə qarşısında bərabərliyi hissi aşılanır. İkincisi, cəmiyyətin və dövlətin resurs və ehtiyatlarına bərabər giriş hüququ təlqin edilir, kapitalizm özü bərabər və ədalətli imkanlar quruluşu kimi təqdim olunur. Məqsəd də aşağılıq vərdişini dəf etmiş güclü fərd – insan yetişdirməkdir. Onların mədəniyyətinə, kinoya baxanda görürsən ki, biz xalq və millətdən yalnız danışmağı sevirik, onlarsa onu həqiqətən də sevirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG