Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:42
«Ülvi evdən yox, eldən gedib. Ülvinin yeri hər şeydə, hər yerdə görünür. Bütün qohum-əqrəba, qonşular da onun yoxluğunu hiss edir».

İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş Ülvi Quliyevin anası Zərnişan xanım danışır ki, bir vaxtlar yolunun məhkəmədən, həbsxanadan düşəcəyini heç ağlına da gətirməzmiş.

Quliyevlər ailəsi 90-cı illərdə Cəlilabaddan Bakıya köçüblər. Zərnişan xanım 4 oğul anasıdır, deyir ki, ailədə heç kim heç bir partiyanın üzvü olmayıb, bircə Ülvidən başqa. Məktəbdə təhsil alarkən Ülvi Yeni Azərbaycan Partiyasına üzv yazılıb. Daha doğrusu, ailəsinin dediyinə görə, məktəbdən şagirdləri məcburi qaydada bu partiyaya üzv yazdırıblar. Ülvi isə həmişə hakimiyyətin siyasətinə qarşı olub. Qardaşı Şəhriyar belə deyir:

«O özündən asılı olmayaraq, məcburən YAP-a üzv olmuşdu. Məktəbdən aparmışdılar. Reallıqda müxalif idi. Deyirdi ki, mitinqə gedəcəm. Deyirdim getmə, ağrımaz başını ağrıtma. Daim bu mövzunu dartışırdıq. Məsəl var ki, azlıq çoxluğa tabedir. Amma bizdə çoxluq azlığa tabe oldu, biz Ülviyə tabe olduq».

İLK DƏFƏ İDİ AKSİYAYA ÇIXMIŞDI

Ülvi Quliyev Azərbaycan Beynəlxalq Universitetində inşaat ixtisası üzrə təhsil alıb. Daxili qoşunlarda əsgəri xidmət keçib. 26 yaşı var. Ticarətlə məşğul imiş. 2 apreldə ilk dəfə imiş ki, müxalifətin keçirdiyi aksiyaya qoşulub və elə həmin gün də həbs olunub:

«Aksiyaya getdiyi gün atası ona acıqlanmışdı. Həmin gün onu tutub, sonra buraxmışdılar, o da atası ilə üz-üzə gəlməsin deyə, gecə evə gəlməmişdi».

«KÖMƏK ÜÇÜN YAP-A GETDİM»

Ülvi Quliyev

Ülvi Quliyev

Zərnişan xanım deyir ki, aprelin 6-da, aksiyadan 4 gün sonra Ülvini polis idarəsinə çağırıblar. Ailə «indi gələr, bu dəqiqə gələr» desə də, məlum oldu ki, Ülvini 2 aylıq həbs ediblər. Anası deyir ki, bu müddət ərzində oğlunun adının mətbuatda hallanmasına, şəklinin yayılmasına qarşı olub, hətta kömək üçün Yeni Azərbaycan Partiyasına da üz tutub:

«Mən açığı, istəmirdim ki, Ülvi müsavatçı kimi tanınsın, bəlkə də çəkinirdim, istəmirdim uşağım tutulsun. Tutulanda mən YAP-a getdim, onlar da dedi ki, bizim də aksiyalarımız olur, bizim üzvümüzdürsə, nəyə görə başqa partiyanın aksiyasında iştirak edir. Belə dedilər, mən də çıxdım gəldim».

«ATASI BU GÜN DƏ ÜLVİYƏ HAQQ QAZANDIRMIR»

Zərnişan xanım deyir ki, günü bu gün də atası, böyük qardaşı daxil qohum-əqrəba Ülvini aksiyada iştirakına görə qınayır, amma o, bir ana kimi gördüyü haqsızlıqlardan sonra oğlunu dəstəkləməyə başlayıb:

«İndiki dövlətə deyərdim ki, mən 4 oğul əsgərliyə yola salmışam. Ola bilərdi ki, biri ölərdi. Onda deyəcəkdik ki, vətən sağ olsun. Amma həmin vətənin rəhbəri bir oğlumu «Azadlıq!», «İstefa!» dediyinə görə 3 il həbs edir. Bu haqsızlığa görə mən oğlumu Ülvi Quliyev

Ülvi Quliyev

dəstəkləyirəm».

TOYU OLACAQMIŞ

Zərnişan xanım deyir ki, Ülvinin həbsi ailəyə mənəvi ilə yanaşı, maddi zərbə də vurub. Onun çətinliklə düzüb-qoşduğu ticarəti alt-üst olub. Həm də dağılan Ülvinin təkcə işi yox, qurmağa hazırlaşdığı ailə həyatıdır. Həbsindən bir müddət əvvəl qız qaçırıbmış, Ülvinin həbsi məhz toy etməyə hazırlaşdığı ərəfəyə təsadüf edib.

Amma ailəsi deyir ki, bütün bunlar Ülvidə ruh düşkünlüyünə deyil, haqsızlığa qarşı etiraz səsini daha da ucaltmağa səbəb olub. Məhkəməsi getdiyi vaxtda Ülvi Quliyev Müsavat Partiyasına üzv yazılıb.

Ülvi Quliyev İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunan 14 fəaldan biridir. Nəsimi rayon Məhkəməsi onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunur.

Şərhləri göstər

XS
SM
MD
LG