Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

​​​​​​​​Krım tatarlarının lideri Bakıdan gileylidir (Fotosessiya)


Mustafa Cemilev

Mustafa Cemilev


AzadlıqRadiosuna qonaq olan Krım tatarlarının lideri, Krım Tatar Xalq Məclisinin başqanı Mustafa Cemilev Azərbaycan sevgisindən və umaqcaqlarından danışdı. “Qardaşlıq hansısa toplantılarda biz qardaşıq deyib qucaqlaşmaq deyil” – deyən Mustafa Krımoğlunun müsahibəsini təqdim edirik.

- Mustafa bəy, Azərbaycanda Sizi sevənlər çoxdur. Bəs, Azərbaycandan Sizin – Krım türklərinin gözlədikləriniz nədir?
Qardaşlıq hansısa toplantılarda biz qardaşıq deyib qucaqlaşmaq deyil. Birlik qurmaq, bir-birimizə faydalı olmağımız gərəkdir.
- Mənim fikrimcə, oralarda məni hər kəs də sevmir. Sevməyənlər də var. Çünki biz əsasən Azərbaycanda demokratik qüvvələrlə bağlantıdayıq. Bakıya gedəndə də AXCP, Müsavatla görüşəndə bəziləri belə görüşlərimdən məmnun olmur.
Amma əlbəttə, Azərbaycan xalqı bizim qardaşımızdır. Mümkün olduqca bağlantılarımızın daha çox olmasını istəyirik.
Rəhmətlik Əbülfəz Elçibəyin zamanında əlaqələrimiz çox yaxşı idi. Böyük planlarımız vardı. Amma o çevriliş olandan sonra bəzi şeylər dəyişdi.

- Sizcə, Bakı Krım türklərinin problemlərinin həllində nə iş görə bilər?

- Elçibəyin zamanında razılaşmalarımız vardı, Bakıya tələbələrimizi göndərirdik. Sağ olsunlar, onları Bakıda universitetlərdə oxutdular, indi də xalqımıza faydası var.

Strasburqda azərbaycanlı deputatlarla da görüşdük, bəzi şeyləri anlatdıq. İstədik ki, onlar bizə dəstək versinlər. Amma əslində onlar Ukrayna deputatları ilə bir çox məsələlərdə eyni fikirdədirlər.

Oradakı deputatlarınızla bəzi məsələləri müzakirə etdik, amma təəssüf ki, hələlik bir nəticəsini görmürük. Onlar Krıma da gəldilər. Azərbaycanlı deputatlara orada da məsələlərimiz anlatdıq. Azərbaycan tərəfdən nələrin edilə biləcəyini dedik. Onlar razı oldular. Amma sonra bəlkə unutdular, ya bəlkə də işləri çoxdur, hər halda, bir nəticə görmədik.

Məsələn, mən onlara demişdim ki, hazırda bizim ən çətin problemimiz ana dilində məktəblərimizin olmamağıdır. Onlara dedim ki, Azərbaycanın Krım tatarlarına bir məktəb tikməsi çox da böyük problem deyil. Bunun mənəvi tərəfləri daha önəmlidir.

Biz uşaqlarımıza başa salacağıq ki, bu məktəb sizə azərbaycanlı qardaşlarımızdan bir hədiyyədir. Yəni, uşaqların beynində qalacaq ki, orada bizim qardaşlarımız var.
Maddi tərəfdən çox da böyük bir şey deyildi. Amma təəssüf ki...

- H.Əliyev Fondunun dəstəyi ilə Misirdə, Pakistanda məktəblər tikilir...

- Elə mən də onu dedim, bildirdim ki, belə imkanlarınız var. Krım da bir məktəb tikin. Dedilər, tamam, tikərik. Amma təəssüf ki, hələlik bir nəticəsi yoxdur.

- Sizin də qeyd etdiyiniz ki, Azərbaycanda demokratiya sarıdan problemlər var. Amma Bakıda rəsmilər bildirirlər ki, Azərbaycanın özünün demokratik inkişaf yolu var. Demokratiya da kənardan ixrac edilə bilməz. Bu mövzuda Sizin fikirləriniz nədir?

- Demokratiya, demokratiyadır. Hərənin öz demokratiyası necə ola bilər. Mənim öz yolum var deyib də azadlıqları boğanda o artıq demokratiya olmur. Əslində bütün dünyada demokratiyanın nə olmasının bir standartları var. Sən kənara çəkilib desən ki, mən öz demokratiyamı qururam, bu demokratiya yox, diktatura olacaq.

- Gələcəyə ümidləriniz nədir? Məsələn, Azərbaycanın prezidenti İlham Əliyev bildirir ki, əvvəlcə iqtisadi inkişaf təmin edilməlidir, sonra siyasi islahatların bir nəticəsi olar.

- Bunun hər ikisinin bərabər getməsi lazımdır. Əgər siyasi islahatlar olmasa, azadlıqlar təmin edilməsə, iqtisadiyyatda da güclü inkişaf baş verməz.

Siz baxın, SSRİ-nin dağılmasından sonrakı 20 il ərzində niyə bəzi keçmiş sovet respublikaları sürətli addımlarla həm demokratiya, həm də iqtisadiyyat sahəsində irəli getdilər, bəziləri isə öz ölkələrində elə rejimlər qurdular ki, elə sovet rejimindən bir fərqi yoxdur.

Mən Azərbaycanı demirəm, Orta Asiya respublikaları ilə müqayisədə hələ Azərbaycanda vəziyyət qat-qat yaxşıdır. Amma demokratiya məsələlərində Azərbaycanın özündə də çox sayda problemlər var.

Axı hamımız eyni bataqlıda idik?! Bəziləri ayaqlarını sildilər, təmizləndilər, irəli getdilər, bəziləri isə yenə həmin bataqlıqda qaldılar. İndi də pisliklərin içində gedirlər. Ona görə də demokratiya ilə iqtisadiyyat eyni səviyyədə, bərabər getməlidir.
Əgər kimsə durub deyirsə ki, hələ öncə iqtisadiyyatı düzəldim, sonra demokratiya verəcək deyirsə, bu xətadır.

İqtisadi yüksəliş, insanların sosial rifahı demokratiya ilə bərabər təmin edilməlidir.

Məsələn, Baltik ölkələrinə, eləcə də bu Çexiyaya, Polşaya baxın, niyə onlar belə irəli getdilər! Axı hamımız eyni bataqlıda idik?! Bəziləri ayaqlarını sildilər, təmizləndilər, irəli getdilər, bəziləri isə yenə həmin bataqlıqda qaldılar. İndi də pisliklərin içində gedirlər.

Ona görə də demokratiya ilə iqtisadiyyat eyni səviyyədə, bərabər getməlidir.

- Mustafa bəy, Siz Bakıda rəsmilər üçün bir mesajlarınızı ifadə etdiniz, Avropa Şurasında dəstəyə ehtiyacınız olduğunu dediniz, məktəb tikilməsində yardım lazım olduğunu çatdırdınız. Bəs, adi, sıravi Azərbaycan vətəndaşları üçün bir deyəcəyiniz varmı?

- Bunu deyim, biz qardaş olduğumuzu unutmamalıyıq. Bir-birimizə gedib-gəlməliyik.
Qardaşlıq hansısa toplantılarda biz qardaşıq deyib qucaqlaşmaq deyil. Birlik qurmaq, bir-birimizə faydalı olmağımız gərəkdir.

Azərbaycanlı iş adamlarının, alimlərin, müəllimlərin və professorların Krıma gəlmələrini istəyirəm. Problemlərimizi öyrənib bir-birimizə dəstək verməyimiz lazımdır. O zaman qardaşlıq gerçək qardaşlıq olar.


QISA TANITMA

1943-cü ildə o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasında anadan olub. Hələ bir yaşındaykən bütün Krım tatarları kimi onun da ailəsi Orta Asiyaya sürgün edilib.

1961-ci ildə Daşkənddə gizli yaradılmış “Krım tatar gənclərinin ittifaqı” təşkilatında tarixi şöbəyə başçılıq edir. Az sonra SSRİ KQB-si tərəfindən repressiyaya məruz qalır, “antisovet fəaliyyətində” ittiham edilərək işdən çıxarılır və KQB-nin nəzarətinə götürülür.

Bu fəaliyyətinə görə 1966, 1970, 1972, 1979, 1983, 1986-cı illərdə Krım tatarlarının pozulmuş hüquqlarının müdafiəsi yolunda millətçilik və pantürkizm, sovet quruluşuna nifrət yaradan təbliğat aparmaq ittihamları ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib, sürgünə göndərilib.

1991-ci ilin iyunundan bu günədək o, Krım Tatar Xalq Məclisinin sədridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG