Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07

Rus kilsəsindən Nabokov və Markesə qadağa təşəbbüsü


Vsevolod Çaplin

Vsevolod Çaplin

Feyziyyə Hacıyeva


Radikal təşəbbüsləri ilə tanınan rus ruhanisi dünya ədəbiyyatının klassikləri Vladimir Nabokov və Qabriel Qarsia Markesin kitablarını "uşaqbazlığı təbliğ etdikləri üçün" qadağan etməyə çağırıb.

Rusiya Pravoslav Kilsəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Vsevolod Çaplin bildirib ki, "Lolita" və "Yüz ilin tənhalığı" romanları Rusiyanın mənəvi dəyərlərinə böyük təhlükədir və "həmin kitablarla bağlı son qərar verilməsi üçün ətraflı filoloji təhlilə ehtiyac var".

Çaplin "İnterfaks" agentliyinə deyib ki, sözügedən əsərlər "əxlaqsız ehtirasları romantikləşdirir" və onların təbliği, o cümlədən məktəb proqramına salınması "cəmiyyətin mənəvi sağlamlığına ziyan vurardı".

Tanınmış rus ziyalıları ruhaninin təşəbbüsünə sərt reaksiya veriblər, təşəbbüsü "axmaq və təhlükəli" adlandırıblar.

"Kilsə ədəbiyyata senzura tətbiq edə bilməz" - deyə yazıçı, dramaturq Leonid Zorin bildirib. "Nabokov və Markesin savadsız oxucuların verdiyi qiymətə ehtiyacı yoxdur, xüsusən də Rusiya Pravoslav Kilsəsindən olanların"

Çaplin Rusiyanın ən radikal din xadimlərindən sayılır. Bundan əvvəl o, rusiyalı qadınlar üçün ümumi geyim kodeksinin hazırlanması, abort və gey paradların qadağan edilməsi təşəbbüsləri ilə də çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG