Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:27

«Son illərin ən ağır hesabatı»


Azərbaycanda dini etiqad azadlğı ilə bağlı durum pisləşib. Bu ilin sentyabrında ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini duruma dair hesabatında belə rəy yer alıb

Hesabatda dini qurumların qeydiyyatı ilə bağlı problemlər, məscidlərin bağlanması, hicabın qadağası, dini ədəbiyyatın yayılmasına məhdudiyyətlər və s. bağlı faktlar verilib.

Milli Məclisin insan haqları komitəsinin üzvü Fazil Mustafa hesab edir ki, bu sahədə vəziyyətin kəskin pisləşməsi haqda fikri qəbul etmək çətindir. Çünki Azərbaycan müstəqilliyini yenicə əldə edən bir dövlət kimi din siyasətinin formalaşmasında axtarış mərhələsindədir. Bir qədər subyektiv informasiyaya əsaslanır.

“Din elə bir sahədir ki, bunun ya həddən artıq nəzarətdə saxlanması, ya da nəzarətdən çıxması təhlükəlidir. Azərbaycanda isə “Dini etiqad azadlığı haqqında” qanuna edilən son dəyişikliklərdə dövlətin dini özünə tabe etdirməsi tendensiyası hiss olunur”.

RADİKAL İSLAM DÜŞÜNCƏSİ ÖNƏ ÇIXDI

Fazil Mustafa
Fazil Mustafa
Fazil Mustafa hesab edir ki, qanuna edilən son dəyişiklik bir sıra zərərli tendensiyaların əsasən qoydu.

Dövlətlə savaşda olmayan, amma öz inanc sferasına müdaxiləni sevməyən dindar kəsimin rolunu aşağı salındı, əvəzində İslamın mahiyyətinə uyğun olmayan, mərasimçiliyi yaşadan İslamı önə çıxartdı:

“Nəticədə radikal İslam düşüncəsini daşıyan insanların daha çox fəallaşması hiss olunmağa başladı. Maarifçilik yönündən də deformasiya baş verdi. Fikir verdinizsə, Ramazanda televiziyada bu mövzuda heç bir veriliş getmədi”.

DAHA ÇOX MÜSƏLMAN TƏŞKİLATLARINA MƏHDUDİYYƏT QOYULUR

Departamentin açıqlamasında xristian təşkilatlarına qarşı atılan məhdudlaşdırıcı addımlar haqda məlumatı xatırladan F.Mustafa deyir ki, bu, həqiqət deyil.

“Ən çox məhdudlaşdırma müsəlmana təşkilatlarına yönəlib. Aqressiv, radikal olmayan xristian təşkilatları üçün tam münbit şərait yaradılıb, onların sıxışdırılması yoxdur, əksinə stimullaşdırması var”.

Altay Göyüşov
Altay Göyüşov
DİNİ KİTABLARI YIĞACAQLAR, İNTERNETDƏN TAPIB OXUYACAQLAR

Teoloq Altay Göyüşov bu hesabatı “son illərin ən ağır hesabatı” adlandırır. Onun sözlərinə görə, bu dəfə hesabatda digər dinlərin nümayəndəsinə qarşı sosial diskriminasiya haqda faktlar da yer alıb:

“2006-cı ildən etibarən ölkəyə dini ədəbiyyatın gətirilməsinin qarşısı alınır. İndi internet dövrüdür, bu cür qadağalar işləməyəcək. Kitabları yığışdıracaqsan, internetdə oxuyacaq. Həm dövlət vəsaiti boş yerə işlənir, həm də dövlətin adı bu cür hesabatlara düşür”.

QADAĞALAR PARTLAYIŞA SƏBƏB OLA BİLƏR

Dinçi alim hesab edir ki, bu cür məsələlərdə qadağa əvəzinə insanlara azadlıq vermək, həm də düzgün təbliğat aparmaq lazımdır:

“Belə proseslərin qarşısını almaq problemi daha da ağırlaşdırır. Hətta sonradan partlayıcı situasiyaya da gətirib çıxara bilər”.

İRANDAN KİRİL ƏLİFBASI İLƏ TƏHRIF OLUNMUŞ DİNİ KİTABLAR GƏTİRİLİR

Fazil Mustafaya görə, bəzi hallarda dövlətin apardığı siyasətin dəstəklənməsinə ehtiyac var. Məsələn, İranda kiril əlifbası ilə çap edilən dini ədəbiyyatın yayılması düzgün deyil:

“Hətta Quran-Kərimin bilərəkdən təhrif olunmuş variantları gətirilir. Bu cür ədəbiyyatda İranla bağlı dünyagörüşü ifadə olunur, ona uyğun şərhlər verilir. Həzrət Əlinin Nəhcül-bəlağası ilə Türkiyədə, bizdə tərcümə olunan Nəchül-bəlağa arasında ideya, üslub fərqi olur”.

İRAN AYƏTULLASININ HƏDƏSİNDƏN SONRA MƏSCİDİN AÇILMASI YANLIŞDIR

Deputatın fikrincə, başqa ölkələrin Azərbaycanda öz ideologiyasını yaymasının qarşısı alınmalıdır. Amma dini etiqad azadlığını məhdudlaşdırmaq - məscidləri bağlamaq, hicaba qadağa qoymaqla yox.

“Şəhidlər Xiyabanında dövlət müstəqilliyinin simvolu olan, türk şəhidlərinə abidə sayılan məscidin təmir adıyla bağlanması, amma İrandan bir ayətullahın hədələnməsindən sonra bağlanmış məscidin açılması – yanlış yanaşma idi”.

İRAN TƏSİRİ AZƏRBAYCAN ÜÇÜN NƏ DƏRƏCƏDƏ TƏHLÜKƏLİ OLA BİLƏR?

Qurban Yaquboğlu
Qurban Yaquboğlu
Dini yazar Qurban Yaquboğlu isə xaricdən gələn dini təsirlərin həmişə ziyanlı ola biləcəyi fikri ilə razılaşmır:

“Ona qalsa, demokratiya ilə bağlı Qərbdən gələn təsirlər heç bizə təsir etmir. İran təsiri Azərbaycan üçün nə dərəcədə təhlükəli ola bilər ki? Bəlkə də, əksinə, Azərbaycandan müstəqillik, milli hissələrlə bağlı İrana təhlükə gedə bilər”.

YALNIZ DİNDARLARIN YOX, MÜXALİFƏTİN DƏ AKSİYALARI DAĞIDILIR

Qurban Yaquboğlu hesabatda dini mərasimlərin dağıdılması haqda faktların əslində yalnız dini sahəyə bağlı olmadığını deyir. Onun fikrincə, bu, sırf ifadə azadlığına aid olan məsələdir.

“Çünki digər demokratik qüvvələrin də aksiyaları dağıdılır. Ümumiyyətlə, indi ölkədə müsəlmanlara qarşı ictimai basqı da hiss olunur. Belə yanaşma var ki, müsəlman qorxulu varlıqdır, daim təhlükə mənbəyidir, məscidə hansısa xoşagəlməz iş dalısıycan gedir”.

Qurban Yaquboğlu hesab edir ki, dini etiqad azadlığı sahəsindəki qadağalar qarşılığında tutarlı arqumentlər ortaya qoyulmur.

“Ayinlərin keçirilməsi, hicabın qadağası ilə bağlı konkret əsaslanma yoxdur. Aydınlıq gətirilmir ki, məktəbli forması niyə baş örtüyünü istisna etməlidir? Ədalətli qərar olmayanda, insanlar ya çaş-baş qalır, ya da etiraza qalxırlar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hesabatla bağlı rəyini buradan oxuya bilərsiniz:
XS
SM
MD
LG