Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:38
«Azərbaycanda avtoritarlığın yaşanma potensialı artıq bitib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Eldar Namazov deyib.

Azərbaycanda son vəziyyəti dəyərləndirən Eldar Namazov deyib ki, son vaxtlar durum daha da ağırlaşmağa doğru gedir:

«Durum əvvəlki durumdur. Ola bilsin ki, durum daha da pisləşib. Yəni, insan haqları, demokratiya, haqq-ədalət, korrupsiya şəxsən mənim aləmimdə get-gedə daha da kəskinləşir. Hətta Qarabağ məsələsi ilə bağlı vəziyyət də daha da kəskinləşir. Rəsmi danışıqlar dayandırılıb və bu məsələdə təşəbbüs yoxdur».

Eldar Namazov vəziyyətin belə davam etməsinin səbəbini dövlət siyasətinin düzgün qurulmamasında görür:

«Dövlət siyasəti düzgün qurulmayıb. Bu vəziyyətin ağırlaşması həmin o aparılan siyasətin içərisində artıq bir bomba kimi qoyulub. Dövlət siyasəti deyəndə, mən onu nəzərdə tuturam ki, Azərbaycanda islahatlar aparılmır. İnsan haqları qorunmur. İnsanın nə siyasi, nə də sosial hüquqları təmin olunur. Korrupsiya baş alıb gedir. Məhkəmələr tam bir qüvvənin hakimiyyətinin nəzarətindədir. Müxalif fikir söyləyən insanlara qarşı daim təzyiqlər mövcuddur. Yəni, belə bir siyasət ölkədə böyük narazılığa, vəziyyətin daha da pisləşməsinə, sosial durumun ağırlaşmasına gətirib çıxaracaq. Bu qədər korrupsiya olan iqtisadiyyatda insanların normal yaşayış şəraiti yaratmaq mümkün deyil. Qiymətlər Avropadan da 2-3 dəfə bahadır. Hansı sahəyə baxsaq, təhsildən, səhiyyədən tutmuş seçkilərə, məhkəmələrə qədər ürəkaçan mənzərə yoxdur».

«HAKİMİYYƏT GƏNCLƏRDƏN EHTİYAT EDİR»

Siyasi şərhçinin fikrincə, olanlar onu deməyə əsas verir ki, Azərbaycanda avtoritarizmin sonu o qədər də uzaqda deyil:

11 mart aksiyası

11 mart aksiyası

«Azərbaycanda avtoritarlığın yaşanma potensialı artıq bitib. Yəni, biz mərhələlərin çoxunu artıq keçmişik. İnsanlar hər şeyi görüb. Qəhrəmanlıq dövrünü də görüb, eyforiya dövrünü də. Total korrupsiya dövrünü də görüb, rəqiblərini susdurmaq, əzmək dövrünü də. Ona görə də, mən hesab edirəm ki, Azərbaycanda avtoritarizmin sonu o qədər də uzaqda deyil».

Azərbaycan kimi ölkələrdə yeni nəslin daha da fəallaşmasını diqqətə çatdıran Eldar Namazov deyir ki, hakimiyyətlər adətən gənclərdən ehtiyat edir:

«Mən Azərbaycan gənclərini görürəm. Son illər məhz Azərbaycan gənclərinə qarşı çox ciddi bir təqib kampaniyası aparılır. Hiss olunur ki, gənclərin fəallığı artır. Eyni zamanda bundan narahat olan qüvvələr də var ki, bunun qarşısını almaq, qorxutmaq, geri çəkilməyə məcbur etmək istəyirlər».

Vəziyyətin bu hala düşməsində isə siyasi şərhçi hamının günahının olduğunu söyləyir:

«Azərbaycanda belə bir vəziyyət yaranıbsa, hamının bunda günahı var. Biz cəmiyyət olaraq bunun qarşısını ala bilmədik. Cəmiyyət dedikdə, mən burda həm ziyalıları, həm ictimai-siyasi qüvvələri, həm media kapitanlarını, həm hakimiyyəti, müxalifəti nəzərdə tuturam. Heç kim burda özünü kənara çəkə bilməz ki, bu, mənlik deyil…».

Eldar Namazovla söhbəti tam olaraq buradan dinləyə bilərsiniz:

Şərhləri göstər

XS
SM
MD
LG