Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:17

«8-ci kilometr bazarı»nda köhnə hamam, köhnə tas


«8-ci kilometr bazarı»nda yanğın, 2009
«8-ci kilometr bazarı»nda yanğın, 2009
«8-ci kilometr bazarı»nda ticarətlə məşğul olmuş, indi işsiz qalmış Ədalət Novruzov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir ki, ötən il bazar yanandan sonra ona dəymiş zərərin ödənilməsini tələb etdiyindən, indi onu bazara yaxın buraxmırlar. Deməsinə görə, bazar rəhbərliyi onun qarşısında şərt qoyub: ya 25 min manatlıq iddiandan əl çək, ora-bura az yaz, ya da bazarda sənə işləməyə yer yoxdur:

YAŞAMAQ UĞRUNDA MÜBARİZƏ

- Məhkəməyə müraciət edəndən sonra təzyiqlər başladı. Yerlərdən çıxarmağa başladılar, yerpulu, mühafizə haqqı artırıldı. Yanğından sonra bazar yenidən qurulanda söz vermişdilər ki, köşkləri yanmayan materialdan tikəcəklər. Ancaq belə olmadı. Hər kəs özü polietilen material alıb öz sahəsini bağladı və başladıq orda işimizə davam etməyə. Hər gün bazarda səsgücləndirici ilə elan edirlər ki, bazar rəhbərliyi itən, yanan mallara cavabdeh deyil. Biz isə tələb edirik ki, bazar rəhbərliyi mallarımızın mühafizəsinə cavabdehlik etmək istəmirsə, onda niyə bizdən yerin hər kvadratmetrinə 15 manat mühafizə pulu, 60 manat da ayrıca yerpulu ödəyirik. Avqustun 8-də isə məni və bir neçə nəfəri bazardan qovdular. Biz ərizə ilə Prezident Administrasiyasına müraciət etmişdik, bazar rəhbərliyinin qanunsuzluqlarından, bizə dəymiş zərərin ödənilməməsindən yazmışdıq. Ərizəyə 20-yə yaxın adam qol çəkmişdi. Bazar rəhbəri hamını bir-bir çağırıb izahat aldı ki, şikayətlərindən əl çəksin. Onları bazardan qovacağı ilə hədələdi. Mən izahat yazmadım, dedim şikayətlərimi geri götürən deyiləm. Ona görə də məni bazardan qovdu. Dedim mənə sənəd verin ki, hansı əsasla bazardan çıxarırsınız. Orda alver edənlər də mənim müdafiəmə qalxdılar, bazar rəhbəri məni və bazardan çıxarılmağıma etiraz edən 4 nəfəri polisə verdi, adını da qoydu ki, guya biz ictimai asayişi pozmuşuq. Bundan iki gün sonra təqribən 50-yə yaxın alverçi yığışıb Nizami rayon İcra Hakimiyyətinə, ordan da Prezident Administrasiyasına getdik. Administrasiyadan bazarın müdirinə zəng etdilər, bazarın müdiri söz verdi ki, mənə bazarda işləməyə yer verəcək. Ancaq onları da aldadır və bu günə qədər də sözünün üstündə dayanmır, mənə işləməyə yer vermir. Öz ailəm 7 nəfərdən ibarətdir. Heç kəs işləmir. Bundan başqa, qoca atam da təqaüdçüdür, onun da xərclərini mən ödəyirəm. Qardaşım Əfqanıstanda həlak olub, Yaşamaq uğrunda mübarizə aparırıq.

«BİZ HÜQUQLARIMIZI TƏLƏB ETDİKCƏ BAZAR MÜDİRİ AQRESSİVLƏŞİR»

- Bazar rəhbərliyi sizinlə müqavilə bağlamışdı?

- Yox. Dəfələrlə müraciət etsək də, bizimlə müqavilə bağlamayıblar. Hətta bizə ödədiyimiz pullara görə də saxta qəbzlər veriblər. Mən o qəbzləri Prezident Administrasiyasına və 15 təşkilata göndərmişəm ki, baxın görün bazarda ticarətlə məşğul olana belə qəbz vermək olar? Biz özümüz sığorta şirkəti də tapdıq, adam gətirdik ki, mallarımızı sığortalasınlar, ancaq bazar rəhbərliyi ona da razı olmadı. Biz hüquqlarımızı tələb etdikcə, bazar rəhbəri daha da aqressivləşir.

Ədalət Novruzov deyir ki, onun şikayətləri əsasında bazarda vergi yoxlamaları aparılıb və bazar rəhbərliyinin vergidən yayındığı üzə çıxıb:

- Hətta buna görə mənə təşəkkür məktubu da gəldi. Orda yazılıb ki, «vergidən yayınanların vergiyə cəlb olunmasında köməklik etdiyinizə görə sizə təşəkkür edirik». Deməyim odur ki, bir daha üzə çıxdı ki, bazar rəhbəri vergidən yayınır, yığdığı vergidən yer pullarını gizlədir.

BAZAR MÜDİRİ NƏ DEYİR

Bazarın müdiri Rasim Məmmədov isə ittihamlarla razılaşmır. Deyir ki, bu adama qarşı hər hansı qanunsuz bir hərəkət olubsa, məhkəməyə müraciət etsin, hüquqlarını orda axtarsın.

- Sahibkarların yanmış mallarına görə dəymiş zərərlər niyə ödənilmədi?

- Çünki bizim müqavilə bağladığımız sığorta şirkəti dedi ki, bazar qəsdən yandırılıb. Yandıran adam tapılmalıdır. Yandıran adam isə hələ də tapılmayıb. Buna görə bir qəpik də sığorta ala bilmədik. Bu, mənlik deyil. Mən də istərdim ki, sığortamız ödənilsin.

- Sahibkar şikayət edir ki, Siz onun qarşısında şərt qoymusunuz - ya iddiasından əl çəksin, ya da bazara yaxın buraxmayacaqsınız.

- Böhtan atır. Mən pul ödəyən deyiləm ki, pulunu məndən tələb etsin. O ki qaldı bazardan çıxarılmağına, o,
burda ictimai asayişi pozduğuna görə onu və başqa bir neçə nəfəri polisə vermişik.

- Neyləmişdilər ki?

- Bazarda səs-küy salmışdılar, həm də 18 yaşında uşaqları başlarına yığıb icra hakimiyyətinə, ora bura gedirlər.

- Ticarətlə məşğul olan sahibkarlarla müqavilələr bağlanıbmı?

- Bəli.

- Onlardan gündəlik yığılan pullara görə qəbz verilirmi?

- Ədalətə qəbz vermişik, göstərsin də Sizə.

- O, iddia edir ki, verilən qəbzlər saxtadır.

- Dövlət müəssisəsi saxta sənəd verər heç? Bu cinayətdir ya yox? Cinayətdir, versin prokurorluğa, polisə. Niyə dayanıb.

Ədalət Novruzov da bazar müdiri ilə bu barədə həmfikirdir ki, sahibkar kimi haqlarını bərqərar etməyincə polis, prokurorluq, məhkəmə - hamısına yazacaq.

Qeyd edək ki, «8-ci kilometr bazarı» ötən ilin oktyabr ayında üçüncü dəfə idi ki, yanırdı. Bu boyda söz-söhbətlərin qarşısında Allah bazarı dördüncü dəfə yanmaqdan qorusun.
XS
SM
MD
LG