Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:02

Məktəb direktorunun valideyndən istədiyi pulların siyahısı


Arxiv şəkil
Arxiv şəkil

Azərbaycanda uşaqğı orta məktəbə gedən valideynin il ərzində "fond pulu, süpürgə pulu" kimi yerlərə nə qədər pulu çıxdığını bu dəfə jurnalistlər, ya da ictimai fəallar yox, elə məktəb direktorunun özü hesablayıb. Bu il övladı Bakıda orta məktəblərdən birinə birinci sinfə gedən valideyn məktəbin direktorundan aldığı ödəniş siyahısını AzadlıqRadiosuna təqdim edib. Siyahıda valideynin il ərzində nə üçün və nə qədər pul verməli olduğu adbada qeyd edilir.

VALİDEYNİN İLLİK XƏRCİ

Siyahıdan aydın olur ki, ümumilikdə 45 valideyndən 2010-2011-ci dərs ili üçün 830 manat sinif fonduna, 520 manat isə müəllimlər günü və 8 mart üçün pul tələb olunur. Yəni, hər valideyn il ərzində məktəbdəki bu kimi xərclərə 30 manat verməlidir.

Siyahıda 520 manatın müəllimlər günü və 8 mart bayramı ilə bağlı necə bölüşdürüldüyü də qeyd olunub.

Həmin siyahıya görə, 520 manatdan:

  • - 120 manatı müəllimləri günü və 8 martda informatika və musiqi,
  • -310 manatı Azərbaycan və ingilis dili müəllimləri üçün xərclənəcək,
  • -90 manat da məktəbdə xadimə üçün ayrılır.

Siyahını bizə verən valideynin bildirdiyinə görə onlara il ərzində verəcəkləri pulu bəri başdan, ya da aybay ödəyə biləcəkləri deyilib.

Valideynin AzadlıqRadiosuna təqdim etdiyi yığılmalı olan pulların siyahısı.
Valideynin AzadlıqRadiosuna təqdim etdiyi yığılmalı olan pulların siyahısı.
3 MANAT FONDA, 50 MANAT DA BAYRAMLARA

AzadlıqRadiosuna müraciət edən, amma yenə də adının çəkilməməsini xahiş edən başqa bir valideyn isə iddia edir ki, onun uşaqlarının oxuduğu məktəbdə Valideyn Komitəsinin sədri hər valideyndən 3 manat fond pulu, 50 manat da müəllimlər günü və 8 mart hədiyyələri üçün pul istəyib. Amma əvvəlkindən fərqli olaraq yığılan puldan nə qədərinin hara xərclənəcəyi barədə ona siyahı verilməyib:

«Mən övladımdan narahatam. İstəmirəm məktəbin nömrəsi və mənim adım çəkilsin. Sadəcə istəyirəm bu işə baxsınlar. Direktorla danışsınlar bu məsələlər aradan qaldırılsın. Kasıb kasıb adamam, o pulu verməyə imkanım yoxdur».

TƏHSİL NAZİRLİYİ İSƏ "SÖZ-SÖHBƏT YOX, FAKT VERİN" DEYİR

Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı isə məktəblərdə pul yığılmasının məktəblərə, məktəb direktorlarına heç bir aidiyyatı olmadığını deyir. Ardınca da əlavə edir ki, pulu elə valideynlərin özlərinin seçdikləri Valideyn Komitələrinin rəhbərləri tələb edir:
...520 manatdan 120 manatı müəllimləri günü və 8 martda informatika və musiqi, 310 manatı isə Azərbaycan və ingilis dili müəllimləri üçün xərclənəcək. Daha 90 manat da məktəbdə xadimə üçün ayrılır...

«Biz birmənalı şəkildə valideynlərə demişik, pul yığmayın, pul yığılmaya qoşulmayın, kimsə sizi nəyəsə məcbur edirsə, verməyin. Əgər bunu valideyn komitəsinin sədri edirsə o hansısa valideyndən güclüdür bəyəm, niyə onun sözünə qulaq asırlar. Bu işləri valideyn komitələrinin rəhbərləri qurur, günahı da məktəbin və müəllimlərin üstünə atırlar. Bu məktəbə və müəllimə aidiyyatı olmayan məsələdir.

Məktəblərdə heç bir halda fond pulu yığılmır. Müəllimlər gün ilə bağlı da həmçinin. Bizə müraciət olunmuşdu, araşdırdıq, məlum oldu ki, bu işi valideyn komitələri görüblər.

Bizə bir məktəbin nömrəsi deyilsin, fakt verilsin biz də araşdıraq. Fakt təsdiqini tapacağı halda heç bir insan cəzasız qalmayacaq, heç kim nə həmin müəllimin, nə də məktəbin direktorunun başını sığallamayacaq».

«GÖRÜNƏN DAĞA NƏ BƏLƏDÇİ, HAMI BİLİR DƏ...»

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, əgər Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi çoxsaylı əməkdaşlarının məktəblərə nəzarət etdiyi bir vaxtda yenə də pul yığılırsa, onda bu prosesin qarşısını almaqda hökumətin təhsil qurumları gücsüzdür.

Korrupsiyaya Qarşı Mübarizə fondunun icraçı direktoru, həm də Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun üzvü Vasif Mövsümov isə məktəblərdə pul yığılmasının hamıya bəlli olan bir proses olduğunu deyir: «Görünən dağa nə bələdçi. Hamı bilir ki, məktəblərdə müxtəlif adlar altında pul yığılır».

Vasif Mövsümov valideynlərin bu məsələləri açıqlamasını müsbət hal
sayır, amma hesab edir ki, valideynlər bu kimi şikayətləri müvafiq dövlət orqanlarına göndərsələr daha effektli nəticə əldə olunar.

HAMI QORXURSA, MÜBARİZƏNİ KİM APARSIN?

Vasif Mövsümova görə, orta məktəblərdə pul təkcə valideynlərdən yox, elə müəllimlərin özlərindən də yığılır:

«Hamı bilir ki, rayonlarda müəllimlərdən təmir, abadlıq adı altında pul yığılır, amma müəllimlərdən biri də cürət edib ondan pul alındığını deyə bilmir. Bax, bu faciədir. Valideyn açıq demir uşağının taleyindən, müəllim də dərs saatının azalacağından qorxur. Hamı qorxur, bəs sonra nə olacaq! Əgər heç kim ondan pul alınmasını açıqlamırsa, şikayət etmirsə, mübarizə necə aparıla bilər?».
XS
SM
MD
LG