Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Sarkozi Bakıda nədən danışdı?


İlham Əliyev və Nicolas Sarkozy Bakıda görüşərkən

İlham Əliyev və Nicolas Sarkozy Bakıda görüşərkən

Oktyabrın 7-də Fransa prezidenti Nicolas Sarkozy ilə Azərbaycan prezidenti İlham Əliyevin Bakıda keçirilən görüşündə Azərbaycan- Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından danışılıb. Prezidentlər iki ölkənin əlaqələrinin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sarkozynin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında Fransanın FİA qrupunun Azərbaycanda fəaliyyəti ilə bağlı andlaşma memorandumu imzalanıb. Bu Sarkozynin səfəri ilə bağlı yayılan rəsmi məlumatdır.

SÜLH DANIŞIQLARI VƏ ATƏŞKƏS POZUNTUSU

Azərbaycana səfərindən əvvəl Ermənistanda olan Sarkozy Ermənistan prezidenti ilə birgə mətbuat konfransında Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, ATƏT-in sülh danışıqlarını bərpa etməsi Minsk Qrupu çərçivəsində yeganə həll yoludur. “Görürük ki, bu problemlə bağlı sülhün bərqərarı üçün təmas nöqtəsinə nail olmaq lazımdır”, - Sarkozy vurğulayıb. Bildirib ki, Cənubi Qafqaz regionu kifayət qədər qeyri-stabildir və iki ölkənin inkişafı baxımından sülhə nail olunması vacibdir.

Sarkozy Ermənistanda sakinlərlə görüşərkən

Sarkozy Ermənistanda sakinlərlə görüşərkən

Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Fuad Muradov AzadlıqRadiosuna deyir ki, ATƏT-in həmsədr ölkələrindən biri kimi Fransadan Azərbaycanın gözləntiləri var:

“Son zamanlar status-kvonun dəyişməsinin lazımlılığı ilə bağlı həmsədrlərin fikirləri bizim də söylədiyimiz fikirlərdir. Status-kvonun dəyişməsi Azərbaycan torpaqlarının azad olunmasıdır, qaçqın və məcburi köçkünlərin qayıtmasıdır. Bu baxımdan çox istərdim cənab Sarkozy təkcə öz ölkəsinin marağından çıxış etməsin, münaqişənin həllinin tapılmasında Azərbaycana yardımçı olsun”.

Sarkozynin Cənubi Qafqaza səfəri başlayan gün isə Azərbaycan və Ermənistan cəbhə xəttində atəşkəsin pozulması nəticəsində iki azərbaycanlı və bir erməni əsgər həlak olub. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham ediblər.

QAZ MARAQLARI

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Fransa prezidentinin Bakı səfərində Qarabağ münaqişəsi ilə yanaşı, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına nəqli mövzusu da aktualdır:

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

“Paris «Nabucco» layihəsində Avropa Komissiyası qədər israrlı olmasa da, Azərbaycanın qaz ehtiyatlarının şaxələnmiş yollarla Avropaya çatdırılmasında maraqlıdır. Təsadüfə bax ki, Xəzər dənizinin «Abşeron» yatağında aşkar edilən yeni qaz ehtiyatlarının istismarı ilə Fransanın «Total» şirkəti məşğul olacaq. Bu isə Azərbaycan-Fransa enerji əməkdaşlığının genişlənməsi və bu yolla hər iki ölkənin büdcələrinə yeni gəlir mənbələrinin axını deməkdir”.

ƏSL SƏBƏB- ŞƏRQ TƏRƏFDAŞLIĞIDIR

Politoloq Ərəstun Oruclu bildirir ki, Sarkozynin Azərbaycana səfəri ilk növbədə də Avropa Birliyinin Şərq Tərəfdaşlığı ilə bağlıdır:

“Sarkozy bütövlükdə Qərbin, o cümlədən Avropa Birliyinin təmsilçisi olaraq bölgə ölkələrinə gəlib. Bu səfər müddətində də bölgədəki hakimiyyətlərə Avropa Birliyini mesajlarını çatdırmaq vəzifəsi götürüb. Bu öhdəliklər - Avropa Birliyi və Avropa məkanının insan haqları, demokratiya, hüquq və azadlıqlarla bağlı dəyərlərin təsbit olunmasıdır. Bunlara ciddi riayət olunmalıdır. Əks təqdirdə bu ölkələrin hakimiyyətləri ciddi qəbul olunmayacaq”.

Fransa prezidenti Nicolas Sarkozy Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban Əliyevaya “Şərəf Legionunun Zabiti” ordeni təqdim edib. O, Bakıda fransız məktəbinin təməl daşının qoyulması mərasimində də iştirak edib.

Şərhləri göstər

XS
SM
MD
LG