Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:55

Nobel mükafatının üç qadın qalibi


Elen Conson-Serlif (EllenJohnson-Sirleaf), Yəmənli hüquq müdafiəçisi Təvəkkül Karman və Leyma Qbove (Leymah Gbowee)
Elen Conson-Serlif (EllenJohnson-Sirleaf), Yəmənli hüquq müdafiəçisi Təvəkkül Karman və Leyma Qbove (Leymah Gbowee)
Nobel sülh mükafatı üç qadına verildi. Onlar Liberian prezidenti Elen Conson-Serlif (EllenJohnson-Sirleaf), onun həmvətəni Leyma Qbove (Leymah Gbowee) və Yəmənli hüquq müdafiəçisi və demokratiya fəalı Təvəkkül Karmandır (Tawakkul Karman). Mükafatın qalibləri Osloda elan edilib.

Norveç Nobel Komitəsi bildirib ki, onlar qadınların hüquqlarının müdafiəsində və qadınların təhlükəsizliyində göstərdikləri fəallıq üçün mükafata layiq görülüblər. Komitənin rəhbəri Torborn Yaqland (Thorbjorn Jagland) oktyabrın 7-də Osloda çıxışı zamanı deyib:

- Əgər qadınlar da kişilər kimi cəmiyyətin bütün səviyyələrində hadisələrə təsir etmək üçün eyni imkanları əldə edə bilməzsə, onda biz dünyada demokratiya və sülhə nail ola bilmərik.

1895-ci il noyabrın 27-də Alfred Nobel öz sonuncu vəsiyyətnaməsini imzalayıb. O, öz varidatının böyük hissəsini bir sıra mükafatlar üçün ayırdı. Bu mükafatlar Nobel mükafatı adı altında hər il müxtəlif elm və ədəbiyyat sahələrinə aid şəxslərə verilir.

“QADINLARIN KİŞİLƏRLƏ BƏRABƏR İŞTİRAKINA EHTİYAC VAR”

Norveç Nobel Komitəsinin rəhbəri Torborn Yaqland nitqində BMT-nin Təhlükəsizlik Şurasının qadınlara qarşı zorakılığı pisləyən qərarını xatırlayıb:

Thorbjorn Jagland
Thorbjorn Jagland
- BMT-nin Təhlükəsizlik Şurası 2000-ci ilin oktyabrında bir qərar qəbul etdi. Bu qərar ilk dəfə silahlı münaqişələrdə qadınlara qarşı zorakılığa beynəlxalq təhlükəsizlik məsələsi kimi yanaşdı.

Bu qərar qeyd eləyib ki, dünyada sülh proseslərində qadınların kişilərlə bərabər iştirakına ehtiyac var.

QALİBLƏRİ TANIYAQ

Qaliblərdən biri Elen Conson-Serlif Afrikanın ilk demokratik yolla seçilmiş prezidentidir. 2006-cı ildə prezident kimi and içməsindən bəri o, Liberiada sülhü təmin etmək, iqtisadi və sosial inkişaf üçün töhfəsini verib, qadınların mövqeyini möhkəmləndirib.

O biri qalib Leyma Qbove Liberiyada uzun sürən etnik və dini müharibəyə son qoymaq üçün qadınları səfərbər etdi, onların seçkilərdə iştirakına yardımçı oldu. O, Qərbi Afrikada müharibə zamanı və sonra da qadınların hadisələrə təsirini artırmaq üçün fəaliyyətini davam etdirir.

Yəmənli fəal Tawakkul Karman etiraz aksiyasında iştirak edərkən 29 yanvar2011
Yəmənli fəal Tawakkul Karman etiraz aksiyasında iştirak edərkən 29 yanvar2011
Digər qalib Təvəkkül Karman "Ərəb baharı"ndan qabaq və inqilablar müddətində də Yəməndə qadınların hüquqları, o cümlədən, ölkədə demokratiya və sülh prosesləri üçün aparıcı rol oynayıb.

BU SEÇİM DÜNYADA SÜLHƏ TƏSİR EDƏCƏK

Norveç Nobel Komitəsinin rəhbəri Torborn Yaqland hesab edir ki, qadınlara verilən bu yüksək mükafat dünyada sülh prosesində qadınların roluna təsir edəcək.

- Komitə ümid edir ki, Elen Conson-Serlif, Leyma Qbove və Təvəkkül Karmana bu mükafatın verilməsi bir çox ölkədə qadınlara qarşı neqativ münasibətə son qoyacaq və demokratiya və sülh proseslərində qadınların böyük potensialından istifadəyə imkan yaradılacaq.

Nobel Sülh mükafatı 1 milyon avrodur və bu məbləğ laureatlar arasında bölünəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG