Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:53

Rüfət Hacıbəyli: «Nikola Sarkozi, İlham Əliyevi həbsxanaya görüşə dəvət edirəm»


2 aprelçilərin məhkəməsi

2 aprelçilərin məhkəməsi

«Bu gün nədən müdafiə olunduğumuzu düzü bilmirik».

İctimai Palatanın 2 aprel aksiyasında həbs olunan Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi QuliyevRüfət Hacıbəylinin məhkəmə prosesində vəkil Xalid Bağırov belə dedi. Oktyabrın 7-də Nəsimi rayon Məhkəməsində proses müdafiə tərəfinin və təqsirləndirilənlərin çıxışı ilə davam edib.

Xalid Bağırov dedi ki, müdafiə etdiyi şəxs - AXCP üzvü Elnur Məcidli ilə birlikdə istintaq dövründən tutmuş məhkəməyədək ittihamın mahiyyəti ilə bağlı yazılı suallarla dəfələrlə müraciət ediblər. Amma suallarına cavab verən tapılmayıb. Vəkil bildirdi ki, istintaq aktında «cinayət əməlləri» ifadəsi işlənsə də, söhbətin hansı əməllərdən getdiyi aydın deyil.

«ŞAHİDLƏRİ DİNDİRMƏK HÜQUQUMUZ DA TƏMİN OLUNMAYIB»

«İttiham aktında sübutlar nə qədər gülünc və əsassız olsa da, Siz - hakim də buna lazımi münasibət göstərməmisiniz». Bunu da Xalid Bağırov dedi. Bildirdi ki, hər kəsin hüququdur ki, onun əleyhinə ifadə vermiş şahidləri dindirsin, amma onların bu hüquqları da təmin olunmayıb. Vəkil dedi ki, məhkəmə prosesində Elnur Məcidlinin əleyhinə ifadə vermiş 3 şahiddən yalnız birini – Sevindik Dadaşovu dindirmək imkanları olub.

Daha sonra təqsirləndirilənlər son sözlərini deyiblər.

«HAKİMİYYƏT DÜŞÜNMƏSİN Kİ...»

«Bizdən öncə 9 nəfərə oxunmuş hökm də göstərir ki, bu, bir siyasi sifarişdir, hakim rejimin qəbul etdiyi qərardır». Bunu həbs olundan sonra Müsavat Partiyasına üzv olmuş Ülvi Quliyev dedi. Bildirdi ki, hakimiyyət gəncləri həbs etməklə düşünməməlidir ki, Azərbaycan gəncliyinin mübarizə əzmini sarsıda bilər. Ülvi Quliyev hakimi vicdanının səsinə qulaq asmağa, sifariş yerinə yetirməməyə çağırdı. Vəkil Xalid Bağırov

Vəkil Xalid Bağırov

Həmçinin, hakimdən xahiş etdi ki, səhhətindəki problemləri nəzərə alaraq Müsavat üzvü Rüfət Hacıbəyliyə alternativ cəza növü təyin etsin.

«NECƏ RADİKAL OLMAYIM?»

«Əhəd Məmmədli meydanda ölər, amma qaçmaz». Bunu son sözündə Müsavat üzvü Əhəd Məmmədli polislərin onu guya meydandan qaçarkən tutduqlarına münasibət bildirərək dedi. Gəncliyini etiraz aksiyalarında, sutkalıq həbslərdə keçirdiyini deyən Əhəd Məmmədli bu dəfə də həbsə hazır olduğunu bildirdi. Əhəd Məmmədli onu radikal olmaqda ittiham edənlərə də müraciət etdi, bildirdi ki, Dağlıq Qarabağı azad edə bilməyən, Qarabağ veteranlarını döyən, əsgərlərini bir-birinə güllələtdirən, azanın səsini kəsən, hicaba görə qızları məktəbə həsrət qoyan, məscidləri bağlayan hakimiyyətə qarşı radikal olmaya bilməz.

«İLHAM ƏLİYEV MƏNİM QARŞIMDA ACİZDİR»

«Bu kürsümdən İlham Əliyevə demək istəyirəm ki, sən bu həyatı çox sevirsən, ölməkdən qorxursan, mən isə əksinə ölməkdən qorxmuram. Ona görə də sən mənim qarşımda acizsən». Bunu da Əhəd Məmmədli dedi.

Sonda o, Müsavat Gənclər Təşkilatının sədri, hazırda həbsdə olan Tural Abbaslıya müraciətdə dedi ki, heç də hər bir müxalifətçiyə Müsavatın 100 illiyində həbs olunmaq qismət olmayıb. «Görünür, biz seçilmişlərdənik», - deyə Əhəd Məmmədli bildirdi.

YENİ AZƏRBAYCAN QURMAQ İSTƏYİ

Təqsirləndirilən Elnur Məcidli isə son sözündə bildirdi ki, onu həbsə gətirən «yol yaşamaq istəyidir, sürünmək yox». Dedi ki, aksiya günü meydana yeni Azərbaycan qurmaq istəyinə görə gedib, elə bir Azərbaycan ki, orada korrupsiya olmasın, insanların mülkiyyət, sərbəst toplaşmaq azadlıqları tapdanmasın.

Nəsimi rayon Məhkəməsi

Nəsimi rayon Məhkəməsi

DÜNYANIN 9-CU MÖCÜZƏSİ

«Mənə hər şeydən çox vəkilimin işindən uzaqlaşdırılması pis təsir edib. Onu çörəksiz, məni isə müdafiəsiz qoydunuz». Bunu isə Rüfət Hacıbəyli dedi. O, vəkili Elçin Namazovun vəkillik hüququndan məhrum edilməsini həm də özünün müdafiə hüququnun pozulması kimi qiymətləndirdi. Rüfət Hacıbəyli dedi ki, onda, ittihamda deyildiyi kimi, guya onun polis maşınına təpik vurmasını inkar edən videogörüntülər var. Belə olan halda onun haqqında həbs qərarının çıxarılacağı halda, Rüfət Hacıbəyli bunun dünyanın 9-cu möcüzəsi olacağını bildirdi.

Rüfət Hacıbəyli hazırda Bakıda səfərdə olan Fransa prezidenti Nikola Sarkoziyə də müraciət etdi, dedi ki, həqiqətən də demokratiya tərəfdarıdırsa, Kürdəxanıdakı həbsxanaya – onlarla görüşə gəlsin. O, müxalifətlə dialoq tərəfdarı olduğunu bildirən prezident İlham Əliyevi də həbsxanada onlarla görüşə dəvət etdi.

Sonda isə «Eurovision» mahnı müsabiqəsinin iştirakçı ölkələrinə müraciət edərək dedi ki, necə bir ölkəyə gəldiklərini götür-qoy etsinlər.

Məhkəmənin oktyabrın 10-da hökm çıxaracağı gözlənilir.

Bundan öncə isə dövlət ittihamçısı Əhəd Məmmədli və Ülvi Quliyevin 4 il 6 ay, Elnur Məcidli və Rüfət Hacıbəylinin isə 2 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

«ƏDALƏTİ BU ÖLKƏDƏ AXTARMIRIQ»

İbrahim Hacıbəyli

İbrahim Hacıbəyli

Hakimin çıxaracağı qərardan da ədalət gözləməyən vəkil Xalid Bağırov AzadlıqRadiosuna bu işin tezliklə Avropa Məhkəməsinə göndəriləcəyini bildirib:

«İttihamın nə qədər qondarma və saxta olduğunu açıq-aşkar ortaya qoyduq. Biz özümüz də yaxşı bilirik ki, bu işin sonu bu ölkədə deyil, Avropa Məhkəməsindədir. İndidən Avropa Məhkəməsinə müraciətimizi hazırlamışıq».

Təqsirləndirilən Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli də məhkəməni qərəzli olmaqda ittiham etdir:

«Hökmün mahiyyəti bizim üçün heç bir şey kəsb etmir. Biz mübarizəmizi, haqqımızı tələb etməyi davam etdirəcəyik. Bu insanların heç biri cinayət törətməyib, bu, bir siyasi sifarişdir. Biz valideynlər övladlarımızın arxasından çəkilən deyilik».

Elnur Məcidli və Rüfət Hacıbəyli ictimai qaydanı pozmaqda, Əhəd Məmmədli və Ülvi Quliyev isə həm də hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar. Onlara qarşı həm də 6028 manatlıq mülki iddia da qaldırılıb.

Şərhləri göstər

XS
SM
MD
LG