Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41

Xarici jurnalist: «Məni yerə yıxmışdılar, təpikləyirdilər»


Böyük Britaniya vətəndaşı Celia Davies

Böyük Britaniya vətəndaşı Celia Davies

İTTİHAM

Oktyabrın 6-da Yasamal rayon Məhkəməsində ABŞ vətəndaşı Amanda Erickson və Böyük Britaniya vətəndaşı Celia Daviesə qarşı xuliqanlıq hərəkətləri etməkdə, onları döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun məhkəməsi başladı. Məhkəmə iclasına hakim Elçin Qurbanov sədrlik edir.

Əvvəlcə dövlət ittihamçısı Rizvan Sultanov ittiham aktını elan etdi.

İbtidai istintaqın qənaətinə görə, bu gənclər iyunun 15-dən 16-na keçən gecə Akademik Milli Dram Teatrının binasının arxa tərəfində Amanda Ericksonla Celia Daviesə hücum ediblər, onları yerə yıxaraq döyüblər.

Təqsirləndirilənlər ibtidai istintaqa etirafedici ifadələr veriblər. Ancaq məhkəmədə həmin ifadələrindən imtina etdilər. Dedilər ki, istintaq vaxtı vəkillə formal şəkildə təmin olunublar, faktiki isə onlara vəkil xidməti göstərilməyib, hüquqları izah olunmayıb. Müstəntiq kompüterdə yazdığı hazır ifadələrə onlara imza atdırıb. Onlar ifadələrlə tanış olmaq istəsələr də, müstəntiq vaxtın azlığını bəhanə gətirərək buna imkan yaratmayıb. Təqsirləndirilən şəxslər belə dedilər.

«ONLAR QIŞQIRANDA BİLDİK Kİ, XARİCİLƏRDİR»

Müttəhim Adil Tağızadə:

«Bizə ittiham veriblər ki, guya onlarla tanış olmaq üçün yaxınlaşmışıq və onları döymüşük. Bizim belə fikrimiz olmayıb, onlar ikisi də sərxoş idilər, mən birinə yaxınlaşıb əlimlə kürəyinə vurdum, dedim sizə kömək lazımdır? Onlar qorxdular, qışqırmağa başladılar, onda bildik ki, xaricidilər. Dayım oğlu Nazim öz telefonunu onlardan birinə uzatdı, dedi ki, qorxmayın, istəyirsinizsə «102» xidmətinə zəng edin. Qız telefonu alıb yerə çırpdı, telefon sınıq-sınıq oldu. Biz onları yerə yıxmamışıq, döyməmişik. Özləri sərxoş idilər deyə, qaçanda bir-birlərinə dəyib yıxıldılar».

Digər müttəhimlər də məhkəmədə oxşar ifadələr verdilər. Qızların sərxoş olduqlarını, qaçarkən yerə yıxıldıqlarını deyiblər.

«YALAN DANIŞIRLAR»

Ancaq zərərçəkmiş Celia Davies məhkəməyə dedi ki, müttəhimlər yalan danışır:

«Onlar dalımızca düşmüşdülər, bizə baxıb möhkəm gülürdülər. Bizə çatanda onlardan biri çantalarımızı əlimizdən alıb yerə tulladı. Onların nə dediklərini başa düşmürdük. Bizi itələyib yerə yıxdılar».

Vəkillərdən biri zərərçəkmişdən «sizi bu adamlardan konkret hansıları yerə yıxmışdı?» sualına dedi ki «məni yerə yıxmışdılar, təpikləyirdilər, ona görə də üzlərinə baxmaq imkanım yox idi» deyə cavab verdi.

Vəkillərin suallarına cavab olaraq Celia Davies hadisə baş verməmişdən əvvəl Amanda Erickson ilə pivə içdiklərini, ancaq sərxoş olmadıqlarını dedi.

TƏRCÜMƏÇİ PROBLEMİ

Sonra Celia Davies məhkəmədə onun ifadəsinin Azərbaycan dilinə düzgün tərcümə olunmadığını deyərək ifadə verməyi dayandırdı və tərcüməçinin dəyişdirilməsini xahiş etdi.

Elə zalda oturan müşahidəçilərdən bəziləri də hakimə bildirdilər ki, tərcüməçi hüquqi terminləri düzgün tərcümə etmədiyinə görə onu dəyişdirmək lazımdır.

Hakim başqa tərcüməçi təyin olunması ilə əlaqədar məhkəmə prosesini oktyabrın 13-nə kimi təxirə saldı.

Təqsirləri sübuta yetirilsə gəncləri 3 ildən 7 ilə qədər həbs gözləyir.

Hadisə baş verən dövrdə Amanda Erikson və Celia Davies Bakıda yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər.

Erikson həmçinin «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir. Hazırda o, Amerikadadır.

Şərhləri göstər

XS
SM
MD
LG