Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:45

Şairlik - bu qəribə məşğuliyyət və ya demifologizasiya cəhdi


Antonio Porpetta
Antonio Porpetta
Antonio Porpetta

(1936) Görkəmli ispan şairi, esseisti; Pablo Neruda və Xose Yerro mükafatı laureatı


ŞAİRLİK - BU QƏRİBƏ MƏŞĞULİYYƏT VƏ DEMİFOLOGİZASİYA CƏHDİ

Mənim dostlarıma və həmkarlarıma danışmaq istədiyim şey öz-özlüyündə bir qədər də demifologizasiya - yəni şairin və onun "yaradıcı" kimi əhəmiyyətinin mifsizləşdirilməsidir.

Mənə elə gəlir ki, bu cəhdi çox asanlıqla və heç bir vicdan əzabı çəkmədən həyata keçirə bilərəm.

Çünki mən özüm də şairəm, həyatım boyu çoxlu kitablar çap etdirmişəm və artıq uzun müddətdir ki, müxtəlif ölkələrə səyahətlər edir, şeirin sirləri ilə bağlı seminarlar keçirirəm.

Təbii, şəxsi təcrübəm məni ilk növbədə şairin çağdaş İspaniyadakı vəziyyətindən çıxış etməyə sövq edir. Amma əminəm: deyəcəklərimi bütün şairlərə aid etmək olar.

Artıq min dəfə sübuta yetib və aydın olub ki, bir çox ictimai dairələrdə şairin iştirakı sırf dekorativ xarakter daşıyır; bəzən elə də olur ki, çoxları üçün şairlə şəxsi tanışlıq faktı, adətən öz oxucusu ilə yalnız poetik söz vasitəsi ilə ünsiyyət edən bir şəxslə birbaşa əlaqə hissi, yaxınlıq imkanı böyük əhəmiyyət daşıyır.


Bu yerdə "Şair, kitabını hədiyyə eləməkdənsə onu cırsan yaxşıdır" deyən qvatemalalı yazıçı Auqusto Monterroso yadıma düşdü. Sanki zarafat ifadə edən bu sözlərdə nə qədər acı həqiqət var!

Çoxları şairlərin qarşısında pərəstişkaranə həyəcan hissi keçirir, guya biz nə vaxtsa zirvələrdən enmiş, mələklərin himayə etdiyi ali varlıqlar olmuşuq.

Digərləri isə əksinə, bizə nifrət edirlər, şairləri həyata qəribə nəzərlərlə baxan və qəribə şeylər danışan əcaib məxluqlar sayırlar.

Elələri də var ki, - onlar isə, çox şükür azlıqdadırlar - bizi cəmiyyət üçün təhlükəli olan dəlilər sayırlar.

Bir çoxları isə yanlış olaraq şair - yaradıcı ilə şair - insanı eyniləşdirməyə çalışırlar ki, şairin insani sifətləri çox vaxt onun yaradıcılığının səviyyəsi və xarakteri ilə heç uyğun gəlmir.

Biz yaramaz birinin ölməz sətirlər yazdığının, yaxud gözəl qəlbə malik digərinin hətta bizi şeirdən döndərə biləcək mənasız şeylər yazdığının azmı şahidi olmuşuq?!

Budur, şair bu fikir və münasibət rəngarəngliyi ilə, yalnız (bu isə heç də hər zaman olmur) yaxın qohumlarının və bir neçə dostunun köməyi ilə, çaşqın və sadəlövh vəziyyətdə, məhdud sayda oxucularla, nəşrlərinin olduqca kiçik tirajı və ondan da az alıcılıq qabiliyyəti ilə üzbəüz qalır; bütün bunlara baxmayaraq, o, ruhi zəifliyi özünə yaxın buraxmadan onu yeni şeirlər yazamağa və onları çap etdirməyə sövq edən seçkinliyinə sarsılmaz inamını saxlayır.

Don Migel Unamunonun növbəti kitabını çapa verərkən söylədikləri heç də təsadüf deyildi:

"Bu gün mən növbəti kitabımın taleyini insan laqeydliyinin ixtiyarına buraxıram". Eyni zamanda o başqa bir yerdə etiraf etmişdi ki, tarixdə görkəmli filosof və esseist kimi deyil - o isə məhz görkəmli filosof və esseist idi , - şair kimi qalmaq istərdi.

Əslində şair ona görə şeir yazır ki, buna ehtiyac duyur, hər hansı bir andaca qəlbinə sığınan fikir, hiss və duyğularını bütünlüklə poetik sətirlərin, metafora adlanan sözlü materiya və sehrli vasitənin köməyi ilə layiq olduğu azadlığa buraxsın, məhz bu üsulla onları ifadə etsin.

Eyni zamanda şair yaxşı anlayır ki, zəhməti müqabilindəki mükafat çox kiçik olacaqdır, yaxud bəlkə də heç olmayacaqdır.

Ona bəs edər ki, kimsə və nə vaxtsa - hər hansı naməlum və qaranlıq gələcək içində onun şeirlərini oxusun, öz şəxsi hissləri ilə onun şeirləri arasında oxşarlıq tapsın, suallarını cavablandırsın, özü üçün o şeirlərdə elə şeylər aşkar etsin ki, həmin şeylər onun uzun və əzablı axtarış və çıxılmazlıq dolu ömür yolunu işıqlandırsın.

Və bir də nəhayət şairin əzablı zəhməti - ruhi və fiziki cəhətdən əzablı işi onun öz mahiyyəti ilə bəraət alır: ağ vərəqlərlə üzbəüz qalan şair qeydlərini bəzən öz qanı, bəzən göz yaşları, bəzən ani sevinc atəşfəşanlığı, yaxud da ki, ölümün sirri ilə bağlı ağır düşüncələr içindəykən edir.

Və mən romançılar haqqında düşünəndə, xüsusən uğur qazanmış - təkrar nəşrləri, böyük tirajları, çoxminli oxucuları, diqqətlə yoxlanmış tərcümə variantları, gəlirli müəlliflik hüqüqları, kitab prezentasiyaları və avtoqraf mərasimləri,

KİV üçün sürəkli çıxışları olan romançılar haqqında düşünəndə çox az istisnalar olmaqla qismətinə şöhrət qırıntısı düşmüş, o da dilənçi payı kimi verilən sadə şair aqibətini xatırlayıram; olsa-olsa bir neçə resenziya (o da xeyirxahları olan dostlar tərəfindən, özü də son kitabı üçün yazılmış ola)guğursuz vaxtda efirə verilən qısa radiointervüg vur-tut iyirmi nəfərlik auditoriya qarşısınlakı çıxışg nüfuzlu bir şəxsə göndərdiyi kitab müqabilində təbii ki, vaxt olarsa "kitabınızı mütləq oxuyacam" deyə təşəkkür ifadə edən cavab məktubu. Bu yerdə "Şair, kitabını hədiyyə eləməkdənsə onu cırsan yaxşıdır" deyən qvatemalalı yazıçı Auqusto Monterroso yadıma düşdü. Sanki zarafat ifadə edən bu sözlərdə nə qədər acı həqiqət var!

Hə, dostlar, bizim müasir cəmiyyətdə şair taleyi yaşamaq əsl qəhrəmanlıqdır. Yaxşı, bəs biz nə axtarırıq? Niyə inad edirik?

Niyə ətrafımızdakı bütün bu laqeydlk və soyuqluğa rəğmən ruhdan düşmürük? Nədən həcmli forma və ruhi həyəcanımızı daha dərin, təsirli ifadə edəcək kəlmə axtarışlarına saatlar həsr edir, bu əzablı zəhmetkeşliyimizə dönə-dönə qayıdırıq?

Təsdiqləyici, bəraətverici sözlər olmadığından şair yenə öz məğrur tənhalığına varır. Həddən ziyadə müştəbehlik ona gətirib çıxarır ki, şair öz şeirlərini nəinki (= və hökmən) ən yaxşı saymağa, hətta digərlərinin şeirlərindən də üstün oldüğünü düşünməyə, hətta bunu uyğun auditoriya qarşısında dilə gətirməyə belə sövq edir.

Ancaq hələ də həyat işatrtısı qalmış təvazökarlıq və sağlam düşüncə bunu hamının yanında dilə gətirməyə imkan vermirsə də, şair, çox güman, öz şəxsi üstünlüyü və müstəsnalığı haqda dərin əmniyyətini özündə saxlayır.

Bu sayaq qürür və məğrurluq bir çox hallarda gülünc təşəxxüskarlıqla sonuclanır. Hərçənd belə təkəbbür də başa düşüləndir. Zira, qədim dövrlərdən bu yana şairlər özlərini ölməz sanıblar. Düzdür, adətən onlar unublar da ki, bu ölməzlik vur-tut bir an olubg

İspaniyada məhz bu sayaq məğrurluğu ələ salan bir lətifə də var. İki şair rastlaşır. Bir müddət dostcasına öz aralarında söhbətləşdikdən sonra onlardan biri deyir: " Mənim haqqımda danışdıq, yetər. Gəl, indi səndən danışaq: mənim sonuncu kitabım necə, xoşuna gəldimi? "

Bizim-qəlbən kövrək və daim narahat olan şairlərin özümüzü vərdişkar məğrurluqla "yaradıcı" hesab etməyimizdə, özü də bu nəcib ada inhisarçı kimi yanaşmamızda təəccüblü nə var ki. Əlbəttə, doğrudur: "poeziya" kəlməsinin özü də yunan mənşəli "poesis" sözündəndir ki, mənası "yaradıcılıq" deməkdi. Şairə də təbii ki, "yaradıcı" demək olur onda.

Amma yalnız omu? Bəs, kətanla üz-üzə dayanan rəssam nə edir? Bəs not qalağı ilə üz-üzə bəstəkar nə olsun? Bəs mərmərlə üz-üzə daşyonan?

Axı nə qədər dəyərli peşə və sənət vardır ki, onları da yaradıcılıq hesab etmək olar.

Bir də yaradıcı qismdə, yaradıcı kimi o kəs çıxış edir ki, artıq mövcud olanı gerçəkləşdirir, yəni başqa etik və estetik keyfiyyətdə olmaqla yeni reallıq yaradır.

Və hər bir sənəti akt məxsusi qayəyə malikdi. Qaldı poetik yaradıcılıq tipinə, o yəqin ki, daha çox qədim əsnafçılığa yaxındı, çünki böyük ispan şairi Xose Yerro demişkən "bizim alətimiz dildi, istifadə elədiyimiz maddə isə həyatın özüdü".

Bəli, məhz həyatın özü! Budur mahiyyət, burdadır şairlik fəaliyyətinin canı; bizi bu əzablı-iztirablı məşğuliyyətə sövq edən sehrli şırnaqlar mənbəyini məhz burdan götürür.

Bəli, həyat, amma özünün hər iki təzahüründə: şairin duyğu dağarcığın-dan keçirdiyi şəxsi hissləri, yaşantıları, duyğuları, prinsipləri,düşüncələri və təxəyyülündən ibarət iç həyatı; gözümüzü qamaşdıran işıqla və üşüdən soyuqla, qəlbimizə vurduğu yaralar və açdığı şırımlarla, qəlbimizdə əks-səda verən gah çaşqın hayqırtı, gah da sevgi nəğməsi ilə - bir sözlə, gündəlik zalımlıqla bizə müdaxilə edən dış həyat.

Şair üçün bu əzablı və gözəl həyatdan yan keçmək mümkün deyil, çünki mənbə odur, anlasaq da, anlamasaq da yaradıcılıq üçün gərəkəni məhz ondan alırıq.

Hər gün, çox müxtəlif yollar və üsullarla, faktın yalın fiksasiyasından tut-muş ən heyrətamiz düşüncəyə qədər (bu yerdə portuqal şairi Fernando Pesoanın əzbər bildiyim misraları yadıma düşdü: "Şairin yolu dolayı, göstərməkçün el gözündə, gözü yaşla dolmalıdı , hərçənd doğruçu dərdi iləg") hə, bax, təkrar edirəm, hər gün bu qəribə bəşər öz vaxtını, bu vaxtın onun qəlbində doğurduğu əks-sədanı qeydə alır.

Bu mənada şair özünəməxsus salnaməçidi, ona yaşamaq müəssər olan epoxa və şəraitlərin doğrudanışan şahididi.

Görünür, bəşər tarixinin mahiyyətini hərfpərvər elmi araşdırmalarda və çoxcildli tarixşünaslıq təsvir-lərində yox, yaddaşların belə xatırlamadığı zamanlardan bu yana, doğru ya idealizə olunmuşmu olsun, varlığın, aləmin, onun məğzinin diri ürək kimi çırpındığı şair dünyasında axtarmaq lazımdır.

Qəribə - atılmış, yekəxana, məğrur, sözbaz, oyunçu, xəyalpərəst və çılğın olan qəribə məxluqlar bəli məhz belədi.

Amma dünya bina olandan bu yana söyüşə və təhqirə məhkum olunmuş bu səfil yaradıcılar dünyanı gözəlliklə doldurmaqdan usanmır, iztirab, ədalətsizlik, qorxu, dünya güclülərinin öz güclə-rindən sui-istifadəsini, zəiflərin göz yaşını və əzabını görərkən öz ittihamkar qılınclarını hər an sıyırmağa hazırdılar.

Görürsüz, mən başlanğıcda şairin rolunun demifologizasiyasını vəd etmişdimsə də, sonu onun tərifi ilə bitirirəm.

Məni bu ziddiyyət günahına görə bağışlayın. Ola bilsin, bu ona görə belə oldu ki, Jan Kokto demişkən, "biz şairlər həmişə doğru danışan böyük yalançılarıq".

Məncə, bu qədər yetər və sağ olun.

Tərcümə: Səlim Babullaoğlu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG