Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:35

İslam Partiyasının sədri son sözündə bəraət istədi, hakimin qərarı gözlənir


Mövsüm Səmədov
Mövsüm Səmədov

Oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində proses salondakıların hakim Eldar İsmayılova şikayəti ilə başladı:

- Hamımızı saldılar təpik altına.
- Polis camaatı maşına basıb aparır. Mənim ağız-burnumu, başımı yumruqladılar, yıxıb sürüdülər.
- Mən də döyüləndən sonra gəlib çıxmışam bura.

Hakim: Başa düşdüm. Əyləşin, mənim küçədə baş verənlərdən xəbərim yoxdur.

MƏHKƏMƏ BİNASI ƏTRAFINDA QARŞIDURMA

Hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıqda ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədovun və daha 6 nəfərin məhkəməsi hələ başlamamışdan, səhər saatlarında məhkəmə binasının ətrafı Nəsimi rayon polisinin və mülki geyimlilərin nəzarətinə götürülmüşdü. Məhkəmə binasına tərəf heç kəs buraxılmırdı.

Məhkəməni izləməyə gələnlərlə polis arasında qarşıdurma yaranmışdı. Polis adamları itələyə-itələyə məhkəmə binasından Səməd Vurğun küçəsinə, oradansa “Torqovı” istiqamətində sıxışdırırdı. Müvazinətini itirib yerə yıxılan çarşablı qadınlar polislərin tapdağı altında qalmışdı.

Buna baxmayaraq təqsirləndirilənlərin bir neçəsinin ailə üzvü məhkəmə binasına daxil ola bilmişdi ki, onlar da hakimə döyülməklərindən şikayət edirdilər. Hakim isə baş verənlərdən xəbərsiz olduğunu deyərək məhkəmə nəzarətçilərinə “küçədə kim varsa, buraxın, gəlsin” göstərişi verdi. Nəzarətçi küçəyə baş çəkəndən sonra dedi ki, “binanın qarşısı bomboşdur”.

Günün sonunda öyrəndik ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən öyrəndik ki, məhkəmənin qarşısında saxlanan İslam Partiyası fəallarından iki nəfəri sonradan azad edilib.

“GÖRÜNÜR Kİ, SİZ DƏ MƏSLƏHƏTƏ TABESİNİZ”

Sonra hakim məhkəmədə son söz deməsi üçün Mövsüm Səmədova müraciət etdi. Mövsüm Səmədovun və zaldakıların bir ağızdan salavat deməsindən sonra o, sözə başladı.

Dedi ki, həbsinin kökündə bu il yanvarın 2-də partiyanın qərargahında hicab qadağasına görə etdiyi çıxışı dayansa da, ibtidai istintaq və məhkəmə onu həbsinin əsl səbəbinə aidiyyəti olmayan və saxta hesab etdiyi ittihamlara görə dindirib:

“3 ay gedən məhkəmədə bizim çıxışlarla bağlı əsas məsələyə heç üst-üstə 2 saat vaxt ayrılmadı. 19 dəqiqəlik çıxışımdan montaj edib 4 dəqiqəlik hissəsini göstərdilər burda, dərhal vəsatət verdik ki, ekspertlər dəvət olunsun, görək mənim o çıxışda dediklərimə səlahiyyətim çatırdı, ya yox? Sən deyirsən ki, mən orda cihad sözü işlətmişəm, bir qulaq as, gör orda cihad sözü var? Cihad sözünü əsas tutub yalançı sözlərdən təşkil olunmuş ittihamlarla günahsız insanları azadlıqdan məhrum edirsən.

Təəccüblü deyil, görünür, belə məsləhət imiş və görünür siz də bu məsləhətə ciddi surətdə tabesiniz”.

Mövsüm Səmədov barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi.

İSLAM PARTİYASI FƏALI: "SİLAHDA ƏLİMİN İZİ HANI?

Mövsüm Səmədovun müavini Vaqif Abdullayev son sözündə dedi ki, onu yanvarın 2-dəki tədbiri təşkil etməsinə görə tutublar, ancaq bununla yanaşı silah saxlama ittihamı da veriblər, o həmin ittihamı saxta hesab edir:

“Allah da şahiddir, siz də şahidsiz, deyin görüm, bir şahid gəlib dedi ki, mən bu kişini tanıyıram? Dedilər ki, bəli, bu kişini tanıyırıq, silahı da möhürdür, təsbehdir. Biz bunda başqa silah görməmişik”.

Digər təqsirləndirilən şəxs - Masallı ruhanisi Fəramiz Abbasov son söz çıxışında dedi ki, şahidlər ziddiyyətli ifadələr versələr də, məhkəmə ifadələri araşdırmağa maraq göstərməyib. Onun yaşadığı ünvandan çıxan silahların üstündəki əl izlərinin götürülməməsi ilə bağlı vəsatət də təmin olunmayıb:

“Yenə deyirəm, o silahlardan mənim xəbərim yoxdur, siz hamınız bunu yaxşı bilirsiniz ki, o silahlar ora necə gəlib düşüb. Sadəcə mən hicab qadağasının əleyhinə danışmışam ki, bu da mənim vətəndaşlıq haqqımdır”.

"FAKT QARŞISINDA QOYSUNLAR, MƏN DƏ SUSUM"

Fəramiz Abbasova verilən ittihama görə, o, yas məclislərində dövlət əleyhinə çıxışlar edib:

“Məni başa salmaq üçün gərək ortaya fakt qoyaydınız. Hanı bir audio, bir video yazı varmı? Mən mütəşəkkil dəstədə iştirak edirdimsə, bəs MTN hara baxırdı? Məni fakt qarşısında qoyaydı ki, mən də bu gün susaydım”.

Digər təqsirləndirilənlər - Rufulla Axundzadə, Zülfüqar Mikayılzadə, Dəyanət Səmədov və Firdovsi Məmmədrzayev də son sözlərini dedilər. Onlar da yaşadıqları ünvanlardan silah tapılması ilə bağlı ittihamların saxta olduğunu, silahların evlərinə əməliyyatçılar tərəfindən atıldığını deyərək barələrində bəraət hökmü çıxarılmasını xahiş etdilər.

Oktyabrın 7-də hakim hökm elan edəcək.

Avqustun 29-da dövlət ittihamçısı məhkəmədən Mövsüm Səmədova, Vaqif Abdullayevə, Rufulla Axundzadəyə, Fəramiz Abbasova 12, Firdovsi Məmmədrzayevə, Dəyanət Səmədova 11 il, həbs cəzası, Zülfüqar Mikayılzadəyə isə 10 il şərti həbs təyin edilməsini istəyib.
XS
SM
MD
LG