Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42
«BƏXTİYAR ÖZÜNÜ CANAVARLAR İÇİNDƏ YALNIZ HİSS ETMƏSİN»

- Əkrəm müəllim, Ziyalılar Forumunda (tədbir sentyabrın 30-da keçirilib- müəl.) təklif etdiz ki, həbsdə olan Bəxtiyar Hacıyevə baş çəkmək lazımdır. Nə zaman gedirsiz həbsxanaya? Bir də ziyalılar adından onun və 2 apreldə həbs olunmuş müxalifətçilərin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət olunmalıydı. Dediniz orda qaldı, yoxsa edəcəksiz?

- Mən öz təklifimin dalında dururam. Yəni mən hamını təcili surətdə həbsxanadan çıxartmaq, ya hamısı ilə görüşməyi təklif etməmişdim. Bu, qeyri-realdır. Bizə imkan da verməzlər. Məni kövrəldən bir hadisəni danışım. Eynulla həbsdən çıxandan sonra mənə dedi ki, o vaxt siz, Rüstəm İbrahimbəyov, başqaları deyəndə ki, prezidentə müraciət edək, Eynullanı azad eləsin, elə bildim o gün artıq həbsdən azad olmuşam, bir ay toy-bayram içindəydim. Artıq özümü türmədə hiss eləmirdim... Məsələ bundadır ki, mən demişəm Bəxtiyarla görüşək, Bəxtiyar ziyalıdır, xaricdə oxuyub, bir söhbət edək, görək nə fikirləşir, bir az yaxından tanıyaq. Mən bu fikri irəli sürmüşəm, dalında da dururam. Hələ məndə məlumat yoxdur ki, tədbir görüblərmi, məktub hazırlanıbmı? Mənə elə gəlir ki, məktub hazır olmaz, hazırlanma mərhələsində ola bilər.

- Bəs Bəxtiyar Hacıyevin yanına getməklə nəyə təsir edə bilərsiz sizcə?

- Bu adamı yaxından da tanımıram açığı. Fikirləşdim ki, yəqin bu insan bizim dərdlərimizin bir qismini bizdən də ağır yaşayır, bu haqda öz sözünü bizdən də bərk deyir. Buna görə görüşək dedim. Hansı nəticə hasil olacaq? Onu kim deyə bilər ki? Mən deyə bilərəm ki, bizim onun yanında olmağımız bəlkə Eynullaya təsir etdiyi kimi edər. Müəyyən dərəcədə sınmaz. Sınmış insan ölmüş insandan pisdir. Kaş ki, Allah insanı sınmamış öldürə. Bu mənada deyirəm ki, sınmasın, görsün bunu müdafiə edən var, ziyalılar bunun tərəfindədir. Özünü çölü-biyabanda canavarlar içində hiss etməsin.

Bəxtiyar Hacıyev
«ƏZƏRSƏN, ARXADAN DAHA GÜCLÜ QÜVVƏLƏR GƏLƏR»

- Azərbaycanda sınmış adam çoxdurmu?

- Mənə elə gəlir ki, xeyli var. Nə yaxşı ki, azdan-çoxdan sınmayanlar da var. Səbəbin biri insanın mübarizəyə hazır olub-olmasındadır. Sındırmağın isə səbəbi çoxdur.

- Siyasi hakimiyyətin də təsiri varmı bunda?

- Möhkəm dövlətin aparıcı ideologiyası gərək buna şərait yaratmaya. Yəni hakim ideologiya hökm eləmək üçün deyil. O məmləkəti bərabər saxlamağa cəhd göstərməlidir. Hakim ideologiya ona xidmət etməyən və ya ona qarşı çıxanları əzib-basmaq üçün deyil. Bu yanlış təsəvvürdür ki, əzərsən, davamı olmayacaq. Əzərsən, arxadan daha güclü qüvvələr gələr.

- Əkrəm müəllim, yeri gəlmişkən, oktyabrın 3-də üç müxalifətçi -Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli 2,6 ay azadlıqdan məhrum edildilər, Fuad Qəhrəmanlı isə şərti cəza aldı. Bundan əvvəl də bir neçə müxalifətçi azadlıqdan məhrum edildi. Buna münasibətiniz?

- Açığı bəlkə mənim günahımdır ki, məhkəməyə-zada getməmişəm. Bilmədiyim şeyi də danışmıram. Amma burda cinayət tərkibi yoxdur. Aydın məsələdir ki, bunlar siyasi çağırışla meydana çıxıblar. Hakimiyyətin də siyasi yanaşması olduğunu kim inkar edə bilər. Yəqin onları çox saxlamazlar, buraxacaqlar.

- Bəs onlara da məhbəsdə baş çəkmək istərdizmi? Bayaq deyirdiz insanlar sınmasın deyə yanlarında olmaq lazımdır.

- Mən onları tanıyıram. Daha düzü, Arifi tanıyıram. Mənə maraqlıdır ki, tanımadığım adamlarla tanış olam. Bir də mən inanmıram ki, 10-15 nəfər ora gedib desək onları buraxacaqlar. Yəni yalandan qəhrəmanlıq, özünü sevdirmək mənim prinsipim deyil.

Həbsdə olan gənclərə dəstək məqsədiylə Bakının mərkəzində keçirilmiş etiraz aksiyası. 12 avqust 2011
- Amma dəstək ola bilərdiz onlara...

- Dəstək... Elə biz hamımız, ziyalılar toplaşanda da dedik ki, hər halda burda siyasi motiv varsa, onlar azad olmalıdır.

«URVATLI KOMMUNİST PARTİYASINA ÜZV OLMAQ İSTƏRDİM»

- Ziyalıların Forumunda dediniz ki, ölkədə urvatlı bir kompartiya olsa, üzv olardım. Niyə kommunist partiyasına üzv olmaq istəyirsiz?

- Gözümün qabağında məmləkətdə sosial fərqlər, qeyri-bərabərlik elə həddə çatıb ki, buna artıq dözə bilmirəm. Gözdən pərdə asmaq, gözə kül üfürmək, cürbəcür metodlarla təbliğat aparmaq camaatı bezdirib. Ona görə deyirəm ki, elə ədalətsizliklər gördüm ki, kompartiya mənə daha cazibədar görünür. Şüarları nəydi onların: İnsanlar bərabər olmalıdır, bir-birinə hörmət etməlidir, millətlərarası düşmənçilik olmamalıdır. Bizim üzdə olan şüarlarımız nədir?

«MOLLALAR GƏLİB HAKİMİYYƏTİ GÖTÜRƏCƏKLƏR»

- Mən bu iki ayı kənddə keçirmişəm. Məni yandırır, öldürür ki, bu il Əylisdə 4 uşaq birinci sinfə gedəcək. 40 nəfər əylislinin uşağı Bakıda dərs oxuyacaq. Bu saat Londonda, Parisdə kimlərin balaları oxuyur. Gözünü açıb keflə yaşamış, bahalı maşında gəzən o oğlanlar Azərbaycan xalqının dərdini hardan biləcəklər? Bu millət tənəzzülə gedir. Həqiqi ziyalılarla münasibət qura bilməsələr, axırda mollalar gəlib hakimiyyəti götürəcək. Əxlaqi cəhətdən buna yaxınlaşırıq. Açıq deyirəm, mitinq keçirmək üçün müsibətlə 200-300 adam yığırdılar, islam şüarları ilə meydana çıxandasa qarşıları alınmasa bir günə on minlər gələcək.

«ÇADRA SALMAQLA QADINLAR DAHA LƏYAQƏTLİ, DAHA NAMUSLU OLACAQLAR?»

Təhsil Nazirliyi qarşısında «Hicaba azadlıq» şüarıyla keçirilən etiraz aksiyası
- Sizcə, belə bir inqilab Azərbaycan üçün təhlükəlidirmi?

- Mən bunda Azərbaycanın məhvini görürəm. Mən Azərbaycan mədəniyyətinin məhvini görürəm. Hərdən mənə zəng vururlar ki, qadınların başına çadra salmaq çox vacibdir. Harası vacibdir? Qadınların başına çadra salmaqla ləyaqəti artacaq, daha namuslu olacaq? Bu gülünc və mənasız şeyləri insanların beyninə soxuşdururlar. O məmləkət ki, azad qadına heykəl qoyub, indi orda qadının başına çadra bağlayacaqlar...

- Amma islamda da solçularda olan bəzi ideyalar var: insaflı ol, ədalətli ol, imkanın varsa, başqasına yardım et.

- Bizim Konstitusiyamızda da elə bir şey yoxdur ki, vəzifə tutan rüşvət almalıdır, o stuldan bərk-bərk yapışmalıdır. İndi bu fəlakət səviyyəsindədir, 20-30 il otururlar vəzifədə tərpənmirlər. Yaponiyada bir ildə iki baş nazir dəyişdi. Bizdə dəyişiklik üçün rəhbərliyin dəyişməsi əşhədü-ehtiyacdır.

İlham Əliyev
«BUNLARIN HAMISINI PREZİDENTƏ DEYƏRƏM»

- Prezidentlə görüşsəniz, onunla bu haqda danışardızmı?

- Məmnuniyyətlə. İmkan yaratsa, bundan sərt söhbətlər edərəm.

- Məsələn?

Bizimi kənddə məktəb açırdılar. Axı mən buranın adamıyam, bilirəm ki, ora su çəkməyə uzun illər lazımdır. Birdən gördüm ki, deyirlər: «Heydər bulağı açırıq». Kranı açdılar, doğrudan da su gəldi, qaldım mat-mətəəl. Sonra soruşanda deyirlər ki, orda yuxarıda bir maşın qoyublar, şlanqla su buraxırlar, o da gəlib tökülür. Dedim: İlahi, ilahi, bunlar kimi aldadır? Bunlar bu oyunu kimə gəlir? O məktəblidən haçan adam çıxacaq, əgər gözünü açandan fırıldaq görürsə... Belə şeylərin hamısını mən şəxsən prezidentə deyərəm.

Şərhləri göstər

XS
SM
MD
LG