Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:04

Naxçıvanda müəllimlərə bayram «sovqatı»...


Foto: Arxiv
Foto: Arxiv
Naxçıvan Muxtar Respublikasında müəllimlər maaşlarının hesablama qaydasından şikayət edirlər. Bu haqda muxtar respublikadakı müəllimlərdən bir qrupu AzadlıqRadiosuna məlumat veriblər. Onlar deyir ki, Ramazan bayramına düşən günlər əməkhaqqı cədvəlindən çıxarılıb.

Babək rayonundan olan, adının çəkilməsini istəməyən müəllim deyir ki, bu səbəbdən avqust ayında onun maşından 4 gün tutulub:

«BİRİNCİ DƏFƏDİR Kİ, BU CÜR HAL OLUR»

«Müəllimlərin maaşı büdcədən maliyyələşdiyi üçün bayram günləri həmişə əməkhaqqı almışıq. Birinci dəfədir ki, bu cür hal olur. Avqustun 11-dən işə çıxmışam, ayın axırına kimi 19 günlük əməkhaqqı almalı idik. Bizə 15 günlük əməkhaqqı verdilər. Mühasibatlıqdan deyiblər ki, bayram günləri tutulub, həmin günlərin əməkhaqqısı verilməyəcək. Vermədilər də».

Müəllimin fikrincə, belə bir göstəriş verilibsə, onlar əvvəlcədən xəbərdar edilməliydilər. O hesab edir ki, bunun səbəblərini bilmək onların haqqıdır:

«BELƏ ÇIXIR Kİ...»

«Tarixdə görünməyən iş olub ki, bayram günlərinin əməkhaqqısı tutulur. Qarşıdan tətillər gəlir, işə çıxmayacağıq. Belə çıxır ki, həmin günləri də maaş almayacağıq?».

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən yerli təhsil şöbələri ilə əlaqə saxlamağımızı məsləhət gördülər.

Etibar Əliyev
Babək rayon Təhsil İdarəsində mühasib işləyən Abbas Vəliyev isə suallarımıza belə bir cavab verdi:

«BİZ BELƏ GÖSTƏRİŞ ALDIQ, ONA GÖRƏ DƏ...»

«İş günlərinə görə böldük də. Bayram günləri çıxıldı. Biz belə göstəriş aldıq, ona görə. Yuxarıdan dedilər, biz də belə etdik...».

Azərbaycan Təhsil Nazirliyindən baş verənlərə münasibət bildirmək istəmədilər.

Təhsil üzrə ekspert Etibar Əliyev isə müəllimlərin əməkhaqqılarından bayram günlərinin çıxılmasını qanunsuzluq sayır:

«NAXÇIVANIN ÖZ QANUNLARI VAR»

«Bu hal Naxçıvanda baş veribsə, kim nə deyə biləcək? Oranın öz qanunları var. Bu hal başqa bölgələrə adlamasa, yaxşıdır. Müəllimə yayda tətil pulu verilir. Belə çıxır ki, o da «vedomost»lara düşməməlidir? Sonra da deyirlər, Azərbaycan təhsili Avropa standartlarına cavab verir. Müəllimin üzərində çox böyük basqılar var. Ona görə də heç yerə şikayət edə bilmir. Dünyada qayda belədir ki, əslində bayram günlərindəki bahalığa görə müəllimə mükafatlar verilməlidir. Burda isə əksinə, maaşdan tuturlar. Bu yeni texnologiyadır. Həmin texnologiyanın digər rayonlara da keçmək təhlükəsi var».
XS
SM
MD
LG