Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:36
Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri oktyabrın 1-də Ermənistandan olan boksçu Hovanes Danielyanı rinqdə olarkən daşlayıb, müxtəlif şüarlar səsləndiriblər. Nəticədə oyun dayandırılıb.

Bu haqda AzadlıqRadiosuna təşkilatın sədri Akif Nağı məlumat verib. O hesab edir ki, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə Ermənistanla gediş-gəliş olmamalıdır:

«Biz hələ çempionat başlayanda, dinc aksiya keçirdik. Amma fikir vermədilər. Məcbur olduq radikal formaya əl atdıq. Tək-tək zala girib, erməni idmançını daş atəşinə tutduq. Oyun dayandı».

Akif Nağının dediyinə görə, QAT üzvləri Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinə aparılıblar.

Bölmədən bildirdilər ki, QAT üzvləri qaydaları pozduqlarına görə bura gətiriliblər. İki saat saxlandıqdan sonra xəbərdar edilib buraxılıblar.

Akif Nağı daha radikal addımların atılacağını da istisna etmədi.

«BURDA SİYASİ AKSİYA KEÇİRİLMİR. BURDA DÜNYA ÇEMPİONATI KEÇİRİLİR».

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev belə deyir. O hadisə zamanı zalda olmadığını söyləsə də, oyunun bu səbəbdən dayandırılmadığını bildirdi:

«Heç kim onlara mane olmayıb. AIBA-nın qaydalarına uyğun yarış keçirilir. Həmin boksçu 12-2 uduzurdu. Bərk zərbə aldı. Qolu əzildiyindən döyüşdən imtina etdi. O zamana qədər artıq 10 xal uduzurdu, udmaq mümkün deyil. Adətən fərq böyük olanda oyun dayandırılır».

Bu insidentdən sonra Ermənistandan olan idmançıların təhlükəsizliyi gücləndiriləcəkmi?

Ağacan Əbiyev bu suala belə cavab verdi:

«Mühafizə var. Bu təkcə ermənilərə görə deyil. Beynəlxalq oyundur və bütün iştirakçılar mühafizə olunur... Narahat olmayın. Çempionat yüksək səviyyədə olacaq».

Bakıda boks üzrə dünya çempionatı keçirilir. Çempionatda Ermənistandan 7 boksçu yarışır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG