Keçid linkləri

Təcili xəbərlər

Mən nədən əxlaqi idealizmə qarşı çıxdım


Niyazi Mehdi
Niyazi Mehdi
ZİYALILAR FORUMUN MƏNƏVİYYAT ÜZRƏ TOPLANTISI

Üç-dörd gün bundan qabaq Ziyalıların Forumunda «Cəmiyyət və əxlaq» konusunda ağrılı, şikayətcil, pessimistik söhbətlərə qatılmışdım. Əxlaqdan söhbət həmişə vicdanın səsini gətirir – o yerdə ki vicdanın səsi var, orada qəzəbli qınaq, danlaq, ağrılı şikayət və narazılıq olur. Vicdanın səsi hayqırtı və sevinclə danışammır, axı!

Ramiz Rövşənin necə parlaq, təsirli, etgili danışdığını hamı bilir. Onun çıxışlarında duyğulandırıcı nəsnələrin dilində söyləmlər ağıllı düşüncələrlə elə səs-səsə verir ki, bunu hamıya arzulardım. Bizim toplumda mənəvi nüfuz qazanmış görkəmli alim Rafiq Əliyev, bədii əsərlərində yüksək mənəvi gərginliklər yaratmış Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov isə bu müzakirələrdə düşüncə sayrışmalarını artırdılar. Sonda Ramiz Rövşənin aprel aksiyasında tutulanlar və Bəxtiyar Hacıyevi buraxmaqla bağlı Prezidentdən xahiş təklifi Forumun etgili naxışı oldu.

NİYƏ FORUMDAN BELƏ BAŞLADIM?

Mən bundan sonra söylədiklərimdə snob (oxu: yekəbaş, təkəbbür) ədasını planlaşdırmamışam ki, yazımı belə başlamağımı ritual ikiüzlülük (oxu: nəzakət) kimi qavrayasınız. Bəlkə də belə başladım ki, Azərbaycanda tənqiddən qabaq deyilən «sizə hörmətim var» axmaq cümləsindən qaçım. Forumda mən də çıxış etdim, ancaq amacım alternativlər ortaya qoymaqdı. Əslində, müzakirələrin intellektual (Aristotel deyərdi, noetik) ləzzəti «ancaq bu da var» prinsipində pillələr və ya mənalar sıralamaqdır. Belə olanda düşüncə barmaqlara çevrilərək «fortepianonun» dillərində gəzir.

MENTALİTETİ İSLAH ETMƏK OLAR

Forumda söylənilənlərə birinci alternativ: hamı ürəyi ağrıya-ayrıya ölkədəki mənəvi böhrandan, yamanın, yalanın, tərbiyəsizləşmənin sosial normaya çevrilməsindən danışdı və bunda nədən, səbəb oxunu sosial pilləkəndə aşağıdan yuxarı cızmadı (yəni demədi ki, xalqın mənəvi korlanması başda duranları korlayıb – yəni biz beləyik, ona görə onlar elədir). Hamı korlatma oxunu yuxarıdan aşağı çəkdi.

Bu düşüncələrdə gerçək var. Çünki Dövlət proqramı ilə millətin hətta nöqsanlı mentalitetini də düzəltmək olar. Sinqapurda yerə atılan saqqız üstündə böyük cərimələrə və başqa tədbirlərə görə mentalitet pintilikdən təmizlənmişdi. Dövlət proqramları ilə qızların doğumuna əngəl olan mentaliteti dəyişmək olar.
Divar. Müəllif: Rəşid Şerif
Qadınları çoxuşaqlı olmağa həvəsləndirmək olar.

Pulla milləti korlamaq da olar, düzəltmək də olar! Pulla milləti korlamaq korrupsion dövlətlərin xasiyyətidir. Ancaq pulla milləti düzəldən dövlətlər də var!

DÜNYA PİSLƏŞİRMİ?

Azərbaycanda mənəviyyat böhranından həyəcan təbili çalanlara bir alternativ düşüncəni söyləmək istəyirsən: Nizami vaxtında öncəkindən pis idisə, Füzuli vaxtında daha da pis oldusa, Mirzə Cəlil vaxtında lap pisləşdisə, niyə indiyənəcən Azərbaycan batmayıb?!

İngilis alimi Stenli Koen yazır ki, toplumlar periodik olaraq əxlaqi korlanma panikasına, vəlvələsinə düşürlər. Belə panika pornoqrafiya ilə bağlı da vardı, indi isə aydın oldu ki, pornonun qorxusu düşünüldüyü qədər də deyil.

ƏXLAQİ SUÇLAMALARIN BİR EYİBİ

İkinci alternativ: biz çox vaxt toplumun əxlaqı böhranından danışanda, bilməzə səmimiyyət yolundan sapınıb yüksək əxlaq zirvəsinə çatmış adam ədasını və sifətini alırıq («millət, axı, niyə mənim, ya biz ziyalılar kimi əxlaqlı olammırsan?!»).

Halbuki əxlaqlı olmaq çox çətindir.

Əxlaqlı olmağı tez-tez bacaran ərənlər var, məsələn, müqəddəslər. Ancaq yüksək əxlaqı aramsız daşıyan adam, bəlkə də İlahi möcüzədir. Bir örnək. Martin Lüter Kinq həm mömin pastor, həm də Amerikada vətəndaş haqları uğrunda ağır savaş aparmış adam kimi tanınır və sevilir. Ancaq Kennedinin xanımı Jaklin söyləmişdi ki, o, dəhşət adamdır. Prezidentin yasına içkili gəlmişdi və lağ-lağı edirdi.

Başqa örnək. Teatr səhnəsindən camaata əxlaq dərsi keçən aktyor və rejissorların, dramaturqların tarixdə o qədər murdar intriqaları olub ki! Yüksək əxlaq asan olsaydı, yüzlərlə etika professorları ki, əxlaqın nə olduğunu yaxşı bilirlər, davranışlarında da əxlaqlı olardılar. Ancaq dünyada o qədər iyrənc əxlaq müəllimləri var ki!

Sözsüz. Müəllif - Rəşid Şerif
Ona görə də biz əxlaqi böhrandan danışanda və əxlaqsızlığa (oxu: pisliyə) görə camaatı qınayanda belə görünməməlidir ki, özümüz əxlaq zirvəsindəyik, əxlaq müqəddəsiyik. Belə görünməlidir ki, əxlaq Günəşinə can atanlardanıq, bu canatmada kimlərdənsə qabaqda olsaq da, kimlərdənsə arxadayıq.

ÜMİD ƏXLAQIN MODASINA QALIR

Üçüncü alternativ: Əxlaq çox çətin olduğu üçün onu tirajlaşdırmaq, yəni minlərlə adama yaymaq da olmur. Halbuki əxlaqi, mənəvi böhrana qarşı çıxanların hamısında əxlaqi maksimalizm və ya utopiya var, sanki yüksək mənəviyyatı böyük «tirajda» yaymaq mümkündür. Dini fundamentalistlərin ən böyük səhvlərindən biri də bu maksimalizmdir. Mənim dediyim alternativ odur ki, yüksək əxlaqı yox, əxlaqın sıyıq və ya yamsılama, görüntü variantlarını dəbə çevirməklə yaymaq olur. Buna ictimai əxlaq da deyirlər. Yəni nəzakət və birgəyaşayış üçün gərəkən elementar əxlaq.

ƏXLAQIN AĞIR YÜKÜNDƏN ÇIXAN BİR KONSTRUKTİV SONUC

Dördüncü alternativ odur ki, dünyamızın əlacını əxlaqda görmək düz deyil. Yəni yüksək əxlaq dünyanın əlacı olardı, əgər geniş çapda yayıla bilsəydi, hamılaşsaydı. Çoxumuzun əxlaqa gücümüz çatmır. Çoxumuzun əxlaqdan nələrəsə adda-budda gücümüz çatır. Ona görə də ən düzü odur ki, bir çox məsələlərdə əxlaqdan ummayıb qanunlardan, İnsan Haqlarından umaq (onda əxlaqın da yükü azalar). Ona görə də Azərbaycanda hakim elitanı onda suçlamaq olar ki, pul və «dayılar» qanunlardan güclü olduğu üçün ortada pul var, qanun yoxdur. Qanun olmadığı (oxu: qanun işləmədiyi, qanunun aliliyi olmadığı) üçün adamlar üzlərini əxlaqa tuturlar və əxlaqın da işlərə gücü çatmayanda, «əxlaqi böhran» deyibən nalə çəkirlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG