Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:42

Cənub rayonlarında məmurların internet qorxusu


Arxiv foto
Arxiv foto
Rayonlarda internet istifadəçilərin sayı artır. Bu da sürətli və keyfiyyətli internetə tələbat yaradır. Masallı rayon Telekommunikasiya Qovşağının əməkdaşı Nizami Bağırov deyir ki, onlardakı mövcud internet Bakı şəhərindən ötürülür və yüksək sürəti var:

«Kim istəsə sürətli internetə qoşula bilər. Bundan başqa Masallıda 24 min telefon xətti var, bunların hamısının internetə çıxmaq imkanı var. Şəhərdə yüksək sürətli və keyfiyyətli internet istəyirlər, tələbat da böyükdür. Bu tələbatı Aztelekom istehsalat birliyinə bildirmişik, onlar tələblərin müəyyən hissəsini ödəyiblər. Hazırda 200 nəfər sürətli internetdən istifadə edən abunəçimiz var».

«TƏLƏBAT BÖYÜKDÜR»

Nizami Bağırov deyir ki, sürətli internetə tələbat dünyada gedən inkişafla bağlıdır:

«Əsasən abunəçilər xarici ölkələrdə, o cümlədən Rusiyanın ayrı-ayrı şəhərlərində olan adamları ilə görüntülü danışıq vasitəsi ilə əlaqə saxlamaq niyyəti ilə sürətli internetə qoşulurlar. Dünyanın hər yerində, keçmiş SSRİ-nin bütün şəhərlərində Masallıdan adamlar var. Ona görə bizdə daha böyükdür bu tələbat».

MASALLIDA 6 İNTERNET KLUB VAR

Masallı şəhərində fəaliyyət göstərən internet klublarına da baş çəkdik. Bu şəhərində 6 internet klub var. Əvvəllər bu klublarda az sayda kompüterlər olardı. İndi hər klubda 20-30 kompüter var. Masallı şəhərinin mərkəzində yerləşən internet klublarından birinin sahibi Ağamid Nəzərov:

«İstifadə edirlər, aralarında cavanlar da var, qocalar da. İnternet klub 5 ilə yaxındır fəaliyyət göstərir. Son iki il ərzində internetə maraq artıb. İnformasiya almağa daha çox nəzər yetirirlər. Oyna güclü maraq yoxdur».

«İNTERNET ARADA ZƏİFLƏYİR, LAKİN...»

Sahibkar Kamran Seyfullazadə isə deyir ki, internet həmişə normal işləmir:

«Arada zəifləyir, lakin tez-tez olmur. Ayda 35 manat ödənilir. Bir saatı 60 qəpikdir. Bütün internet klublarda eyni qiymətdir, 60 qəpikdir».

27 yaşlı Teymur Süleymanov da hər gün internet kluba gəldiyini deyir. O sürətdən razıdır. Lakin xəttlərdə problemlərin olduğunu da bildirir:

«İstərdim ki, ucqar kəndlərdə də rabitə olsun. Kəndlərdə cavanlar var, onlar internetə girmək istəyirlər. Onların imkanı olmur».

Zahir Əmənov
«SÜRƏTLİ İNTERNETDƏ DÖVLƏT QURUMLARI MARAQLI DEYİL»

Masallı rayonunda çıxan «Cənub Xəbərləri» qəzetinin redaktoru Zahir Əmənov isə deyir ki, inkişafdan geri qalırıq. O deyir ki, rayonlarda hələ kartlardan istifadə olunur. Qısa müddətə sürətli internetin qurulacağına da şübhə ilə yanaşır:

«Hamı ümidini ona dikib ki, yeni tikilən telekommunikasiya binasında tam müasir avadanlıqlar quraşdırılacaq. Bundan sonra sürətli internet üçün yaxşı şanslar yaranacaq».

Zahir Əmənov dediyinə görə, sürətli internetin yaradılmasında, bölgələrdəki dövlət qurumların marağı yoxdur. O qeyd edir ki, adi adamlar öz veb səhifəsini yaratdıqları halda, dövlət qurumları buna barmaqarası yanaşırlar:
«Masallıda Dadaşbala müəllim var, ilin müəllimi elan edilib. Savadlı müəllimdir, özünün internet saytını yaradıb. İndi ikincisini yaradır. Hal bu ki, Masallı təhsil şöbəsinin internet saytı yoxdur. Küçədə adi uşaqlar sayt yaradırlar. Yardımlının, Cəlilabadın icra hakimiyyətlərinin isə internet saytları yoxdur».

«MƏMURLAR İNTERNETƏ TƏHLÜKƏ KİMİ BAXIRLAR»

Zahir Əmənovun sözlərinə görə məmurlar aşkarlıqdan çəkinirlər. İnternetə təhlükə kimi baxırlar. Bu baxımdan da, yaxın vaxtlarda əyalətlərdə sürətli internetin tam tətbiq olunacağına inanmır:

Arxiv foto
«Birinci texniki imkan yaranmalıdır, ən ucqar kəndlərdə, texniki imkanlar yaratmaq lazımdır. Çox yerlərdə internetə qoşulmaq üçün kartlardan istifadə edirlər. Onu da hər rayon mərkəzində almaq mümkün deyil. Bakıda satmırlar, deyirlər ki, bu əsas kənd rayonları üçündür. Bakıda bir neçə seçim yeri var, amma rayonda bir yerdən, telekomdan alırsan. Bu da zona mərkəzində olur, Lənkəranda. Lənkəranda 8 manata satılan kart Masallıda 10 manata satılır. Astarda isə qiymət artır. Ardıcıl istifadəçi üçün bu da problemdir».

«MASALLI YENİ TEXNOLOGİYAYA KEÇƏCƏK»

Masallı rayon Telekommunikasiya Qovşağının əməkdaşı Nizami Bağırov isə deyir ki, onlarda tətbiq ediləcək yeni texnologiyadan cəmi bir neçə rayon istifadə edir. Həmin texnologiya telefon xətti üzərindən sürətli, geniş zolaqlı internetə girməyə imkan verəcək. Eləcə də ev telefonları vasitəsi ilə kabel televiziyasına baxmaq xidmətindən faydalanmaq imkanı qazanacaqlar. Nizami Bağırovun dediyinə görə, 2012-ci ilin sonuna kimi isə Masallı rayonun bütün ərazisində sürətli internet xidmətindən istifadə edə biləcəklər.
XS
SM
MD
LG