Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:58
İslam dinindən imtina edib xristianlığı qəbul etdiyinə görə ölüm hökmünə məhkum edilmiş iranlı keşiş Yusef Naderkhaninin vəkili Mohammad Ali Dadkhah deyib ki, müdafiə etdiyi şəxsin bəraət alması üçün şans böyükdür:

«Məhkəməyə izahatlar təqdim etmişəm. İnanıram ki, bunlar məhkəmənin qərarının dəyişməsinə gətirib çıxaracaq. Məhkəmə 90-95 faiz müdafiə etdiyim şəxsə bəraət verəcək».

KEŞİŞ DİNİNDƏN DÖNMƏKDƏ İTTİHAM EDİLİR

33 yaşı Yusef Naderkhani xristianlığı 1997-ci ildə 17 yaşında qəbul edib. Ölkənin şimalındakı Rəşt şəhərində kiçik bir kilsədə keşiş işləyib. 2009-cu ildə həbs olunub. Məhkəmə onu dinindən dönməkdə ittiham edərək haqqında edam cəzası çıxarıb. Bu hökm beynəlxalq ictimaiyyətdə böyük narahatlıq yaradıb.

İranda müsəlmanının öz dinindən imtina edib başqa dini qəbul etməsi ölümlə cəzalandırılır. Naderkhaninin həyat yoldaşı da ömürlük azadlıqdan məhrum edilmişdi. Sonradan azadlığa buraxılmışdı. İranın Ali Məhkəməsi isə Naderkhani haqqındakı hökmü qüvvədə saxlayıb. Məhkəmə bildirib ki, əgər o peşman olduğun bildirib yenidən islam dininə qayıtsa, qərar dəyişdirilə bilər.

«MƏHƏMMƏD PEYĞƏMBƏR ONLARI ÖLDÜRMƏK GÖSTƏRİŞİ VERMƏYİB»

Vəkil Dadkhah deyir ki, Yusef Naderkhani bundan imtina edib. Vəkil müdafiə etdiyi şəxs haqqında ölüm cəzası çıxarılmasına etiraz edir:

İranlı vəkil Mohammad Ali Dadkhah
«Mən dedim ki, Məhəmməd peyğəmbərin dövründə heç kim dinindən imtinaya görə öldürülməyib. İslam tarixindən bəllidir ki, peyğəmbərin dövründə 3 qəbilə islamdan üz döndərib. Lakin Məhəmməd peyğəmbər onları öldürmək göstərişi verməyib. Quranda da başqa dini qəbul edənlərin öldürülməsi haqqında heç nə yoxdur».

Mohammad Ali Dadkhah tanınmış vəkildir. O iyul ayında 9 il azadlıqdan məhrum edilib, ona 10 il vəkil işləmək qadağan olunub. Vəkil məhkəmənin bu qərarından apelyasiya şikayəti verib. İndi qərarı gözləyir.

Yusef Naderkhaninin işi ilə bağlı hökm bir neçə günə icra oluna bilər. ABŞ, Britaniya ona edam cəzası kəsilməsini kəskin tənqid edib, keşişin dərhal azadlığa buraxılmasını tələb edib. ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının direktor müavini Dwight Bashir deyib ki, Yusef Naderkhanini yalnız beynəlxalq təzyiq xilas edə bilər:

«Son 20 ildə bir xristian keşişi xristianlığı qəbul etdiyinə görə öldürülməyib. Ancaq indi bu baş verə bilər. Bunun qarşısını indiki mərhələdə almaq lazımdır».

İran son illərdə xristian missionerlərin fəaliyyəti ilə bağlı amansız mübarizə aparır. Məlumatlara görə bir neçə kilsə bağlanıb. Xristianlığı qəbul edən bir neçə şəxs isə həbs olunub. Ancaq indiyə qədər heç kim buna görə heç kim edam olunmayıb.
Xristianlığı qəbul edənlər isə bildirirlər ki, son vaxtlar İranda xristianlığa maraq artır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG