Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:21
Şairə Səhərin "Oxu zalı"na göndərdiyi yazını təqdim edirik.

Səhər Əhməd

ÜZÜMÜZDƏKİ LƏKƏ
(Rafiq Tağıya gecikmiş cavab)

Derlər utan, heç kəsə bir söz demə,
Haqq sözü derkən utana bilmirəm.
(M.Ə. Sabir)

Əvvəllər klassiklərimizi ilahiləşdirmək nə qədər dəbdə idisə, son vaxtlar da onların gözündə tük axtarmaq bir o qədər dəbdədi.

Bu, kiminsə gündəmdə qalmaq, diqqəti cəlb etmək istəyi, kiminsə başına mövzu qəhətliyidi , hər nədisə, “zövqlər barədə mübahsə eləməzlər” fikrindən çox uzağa getmiş məsələdi.

Rafiq Tağının Mirzə Ələkbər Sabir haqqında “Milləti təhqir edənlərlə yoxam” adlı yazısı kimi.


Yəni doğurdanmı, Rafiq Tağıya Sabirin “Harda müsəlman görürəm, qorxuram” ifadəsi tanış gəlmir?

Əslində bu tipli yazılara ən yaxşı cavab onlara önəm verməmək, üstündən sükutla keçməkdi.

Amma neyləyəsən, hərdən səbr kasası daşır.

Bu yazının müəllifi hər kim olsaydı, mənim ona bir neçə iradım olardı, bunlardan birincisi və ən əsası budu:

İndiki dövrdə- hər əlinə qələm alanın xalqa ağız büzdüyü, haqqı olub-olmadığını düşünmədən ona dərs keçdiyi vaxtda Sabiri milləti təhqir etmə “maddəsi” ilə suçlamaq ən azı cığallıqdı.

Rafiq Tağı hesab edir ki ,millətə qarşı satira düşmənçilik mövqeyi kimi dəyərləndirilməlidir.

“Müşküllərimizin həllində həyatından narazı tiplərin millətə qarşı fikirləri əldə əsas tutula bilməz”.

Elə müəllifin öz təbirincə desək, niyə balam?

Bəyəm Sabir onu ağır sarkazma mübtəla edən, sonunda da vərəmlədib öldürən milləti özündənmi uydurmuşdu?

Bəlkə daha saxta “intelligentlər”, bədbəxt “tükəzbanlar” və bütün şarlatanlar nəsli kəsilərək qırmızı kitaba düşüblər?

Bəlkə Sabir olmasaydı dünya bizim “yol kəsən, nam alan qafqazlılar” olduğumuzu bilməyəcəkdi?

Bəlkə indi küçələrdə aftoşluq edənlər bir vaxtlar Sabirin “aftomabil minməyiriz”-deyə acıdığı millətin övladları deyil?

Yəni doğurdanmı, Rafiq Tağıya Sabirin “Harda müsəlman görürəm, qorxuram” ifadəsi tanış gəlmir?

Sitatın ardı: “ Siyasi savadsız Sabir uğursuz sabun alış-verişinə görə ancaq millətini günahkar bilib və yalnız onu hədəf seçib”…


“Ümumtürk kontekstini anlamaması, Şamaxı lotularını millət kimi görməsi onun korafəhmliyinin göstəricisi idi” və s.

Bu yerdə uzun bir gülüş işarəsi qoyduğumu düşünün. Ya da təəssüf işarəsi. Absurdun yekəsinə reaksiyanın bədii yox, təbii ifadəsi olaraq.

Şamaxı lotuları millət deyildi, düzdü, amma millətin bir parçasıydı, Rafiq bəy.

Bura Axundovun “nuxulular”ını, Mirzə Cəlilin “danabaşlılar”ını, “ölülər”ini, Haqverdiyevin”maralları”nı da əlavə edəndə mənzərə tamamlanır .

Cənubi Azərbaycanda Məşrutə inqilabı, Şimali Azərbaycanda maarifçilik, və qadın hüquqları da sabun satan bir kişinin problemləri ola bilməzdi.

Və nəhayət, sitatın sonu : “Mitilini yoxluğa tullamalıykən millət Sabirə heykəl ucaltdı”
İcazə verin bildirim ki, bu artıq millətin öz işidi. Millət və klassik münasibətlərinə hər cür müdaxilə yersizdi.

Sabirə heykəlin millətin ucaltması elə də dəqiq ifadə deyil, daha sadə desək, millət Sabiri yaşatdı, çünki o, həqiqətdi. Həqiqəti isə ittiham etmək mənasızdı, onsuz da qüvvələr qeyri-bərabər olaraq qalacaq.

Bir də o həqiqətdi ki, bu millət həmişə bir-birinə tamamilə zidd olan iki qütbdən ibarət olub, məsələn, Sabirin tiplərindən və elə onun özündən.

Dahilərdən və cahillərdən.

Qəhrəmanlardan və satqınlardan.

Bizimsə alnımıza arada sıxıla-sıxıla yaşamaq yazılıb.

Tərəflər arasında uçurumun nə vaxtsa götürüləcəyinə inanaraq. Bu qütblərin heç birindən imtina eləmək çıxış yolu deyil; nə millətin Sabirindən, nə də Sabirin millətindən.

Güzgünü sındırmağa nə var, üzümüzdəki ləkəni təmizləməliyik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG