Keçid linkləri

Təcili xəbərlər

Fələstin təqvimi ilə bahar nə vaxt gələcək?


Mahmud Abbas ölkəsinə qəhrəman kimi döndü, 25 sentyabr 2011
Mahmud Abbas ölkəsinə qəhrəman kimi döndü, 25 sentyabr 2011
Hamı Mahmud Abbasın taktiki qələbəsindən danışır. Hamıdan da çox buna onun özü inanır. BMT sessiyasındakı çıxışından və müraciətindən sonra ölkəyə qəhrəman kimi dönən Abbasa belə bir qələbə lazımdır, ən azı ona görə ki, onun komandası ilə «Həmas» arasında bir çəkişmə var. M.Abbas Fələstinin öz baharının gəlişini də xəbər verməyi unutmadı. Hələlik məsələni BMT Təhlükəsizlik Şurasının özü müzakirə edir.

ABŞ artıq bildirib ki, Fələstinin üzvlük məsələsində veto hüququndan istifadə edəcək və bu, hamıya yaxşı məlumdur. Bəs, M.Abbas nəyə ümid edir? Fələstin minimum BMT-də müşahidəçi dövlət statusunu qazanacaq və buna heç kim maneçilik etmək iqtidarında olmayacaq.

Bəlkə indi bu mövzudan da maraqlısı var. Amma münaqişəyə cəlb olunmuş ölkə digər münaqişə ocaqları haqda nə qədər məlumatlı olsa, bunu bir o qədər təqdir etmək olar. Həm də Fələstin Azərbaycanın xarici siyasətinə artıq fakt kimi daxil olub, bu problem də özünə münasibət formalaşdırmağı tələb edir.

İSRAİLİN DƏ MÖVQEYİNDƏ HAQLI MƏQAMLAR VAR

Əvvəlki yazılarda mən bu haqda yazmışdım. Hətta Azərbaycan müxalifətinin belə problemi yenidən öyrənməsinə ehtiyac var. Burada bir məqamı yaddan çıxarmaq olmaz – Fələstinin hüquqlarının tanınması, ona dəstək verilməsi Yaxın Şərq münaqişəsinin digər bir komponenti - İsrail ilə münasibətlərə bir xələl gətirməməlidir, çünki İsrailin də mövqeyində haqlı məqamlar var. İndi bu haqda çox az danışırlar.

Bəlkə də bunun səbəbi budur ki, İsrail regionda özünün iki ciddi müttəfiqini – Misiri və Türkiyəni artıq itirib. M.Abbasın BMT sessiyasında sürəkli alqışlarla qarşılanması və yola salınması göstərir ki, İsrailin mövqeyi o qədər də
İsrail hərbçiləri fələstinli etirazçını saxlayırlar, 15 may 2011.
güclü deyil.

Bir tərəfdən bu anlaşılandır, ən azı ona görə ki, ortalıqda işğal faktoru var. Amma İsrail bunu inkar edirmi? Bu dövlət də işğal faktını etiraf edir və bundan çıxış yolu arayır. Bəs, problem nədədir?

İSRAİLİN ÇIXDIĞI ƏRAZİLƏRDƏ «HƏMAS» PEYDA OLUR

Bəli, ən ciddi problemlərdən biri budur. İsrail Qəzzada güzəşt etdi. Lakin nə baş verdi? Qəzza «Həmas»ın təsiri altına keçdi. İsrail çoxdan FAT-ı milli təmsilçi, Fələstin xalqının təmsilçisi kimi tanıyıb. Amma bəla burasındadır ki, bu təşkilat Fələstinə tam nəzarət edə bilmir. Amma digər problemlər də var. Məsələ təkcə «Həmas»la bitmir.

ŞƏRQİ QÜDSÜ DƏYİŞMƏK OLARMI?

Şərqi Qüds və eləcə də digər işğal olunmuş ərazilərdə bu günədək aparılan məskunlaşdırma siyasəti danışıqların əsas düyün nöqtələrindən biridir. Bir çox analitiklər və müşahidəçilər belə hesab edir ki, ən azı Şərqi Qüdsə görə Fələstin-İsrail münaqişəsi heç vaxt öz həllini tapmayacaq.

Bəs, İsrail özü nə vəd edir? Çox maraqlıdır ki, bu məsələdə də ərazi mübadiləsi təklifi var. İsrail bəzi dini və tarixi məqamlara görə Şərqi Qüdsü özündə saxlamaq, onu digər ərazi ilə dəyişmək istəyir. Bununla bağlı Xarici İşlər naziri Libermanın öz planı var.

Qüds
Təbii ki, Şərqi Qüds Fələstin üçün də eyni mahiyyət daşıyır. Bu, təbii ki, problemi qəlizləşdirir. Amma o, nə qədər qəliz olsa da, öz həllini və çözümünü tapmalıdır.

Təəssüf ki, FAT-ın kompromis imkanı elə qədər böyük deyil, çünki onun hər bir səhvi, güzəşti «Həmas»ın daha artıq və stabil güc toplaması deməkdir. Necə deyərlər, rəqiblər biri-birinə macal vermir, biri dərhal o birisinin səhvindən yararlanır.

«ƏRƏB BAHARI» HANSI DƏYİŞİKLİYİ GƏTİRƏCƏK?

Bu sual da çox adamı düşündürür. İndi ərəb dünyasında böyük proseslər baş verir. Biz bu vaxta qədər bilmirdik ki, ərəblər bir cəmiyyət və millət kimi Yaxın Şərq prosesi haqda nə düşünür. İndi heç də bütün cəmiyyətlərə fikir ifadə etmək imkanı verilməyib. Bəlkə bu cəmiyyətlər əvvəlki avtoritar rejim və sistemlərdən daha radikal olacaqlar? Bəlkə onlar da «Həmas» tək təşkilat və qurumları dəstəkləyəcəklər?

Hər halda, onların fikrini bilmək və onlarla anlaşma qurmaq daha yaxşı olardı, çünki rejimlər müvəqqətidir, millətlər isə əbədi. Bunu hamıdan yaxşı elə yəhudilərin özləri bilirlər, çünki uzun zaman ərzində onları heç bir dövlət təmsil etməyib, onlar özlərini bir icma tək hifz etmək və qorumaq məcburiyyətində olublar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG