Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

T. Hammarberg insan haqlarının vəziyyətinə görə Bakını tənqid edən sənəd yayıb


Avropa Şurasının insan hüquqları üzrə komissarı Thomas Hammarberg
Avropa Şurasının insan hüquqları üzrə komissarı Thomas Hammarberg
Avropa Şurasının insan hüquqları üzrə komissarı Thomas Hammarberg qeyd edir ki, Azərbaycanda hələ də jurnalistlərə və tənqidi fikirlərinin ifadə edənlərə qarşı əsassız, xüsusi hazırlanmış cinayət təqibi təcrübəsinə son qoyulmayıb.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Thomas Hammarberg Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıq ifadə edən müşahidələri ilə çıxış edib.

BƏXTİYAR HACIYEVİN HƏBSİ...

Sentyabrın 29-da yayılan müşahidələrdə qeyd edilir ki, Azərbaycanda jurnalistlərə və gənc fəallara qarşı təzyiqlər, ciddi insan haqları pozuntuları, zorakılıq və təqiblər haqqında məlumatlar alır. Komissar yada salır ki, Azərbaycan hökumətinə tövsiyələrində həmişə jurnalistlərə və tənqidi fikirlərinin ifadə edənlərə qarşı əsassız, xüsusi hazırlanmış cinayət təqibi təcrübəsinə son qoyulmalı olduğunu vurğulayıb:

Bəxtiyar Hacıyev
«Buna baxmayaraq, 2010-cu ildə keçirilən parlament seçkisində deputatlığa namizəd olmuş gənc fəal Bəxtiyar Hacıyevin cinayət məsuliyyətinə cəlb edilməsi ölkədə hələ də həmin təcrübədən istifadənin azalmadığını göstərir. Bu il mayın 18-də Gəncə məhkəməsi Bəxtiyar Hacıyevi hərbi xidmətdən boyun qaçırma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edib. Bu ittihamların meydana çıxması onun hökuməti tənqid edən fəaliyyətini dayandırmaq cəhdi kimi görünür.

CABBAR SAVALANIN İŞİ NARAHATLIQ DOĞURUR

Cabbar Savalanlı
AXCP-nin gənc fəallarından olan Cabbar Savalanın işi ilə bağlı proses də narahatlıq doğurur. Bu il mayın 4-də o, narkotik maddə saxlamaq ittihamı ilə iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cabbar Savalan internetdə sosial şəbəkələrdə hakimiyyəti tənqid edən şərhlərinin yayılmasından dərhal sonra tutulub. Bir neçə xarici hökumət və qeyri-hökumət təşkilatı ona qarşı ittihamları saxta adlandırıblar.

Bu yaxınlarda isə 2010-cu ilin parlament seçkisində namizəd olmuş daha bir fəal – Vidadi İsgəndər üç il müddətinə azadlıqdan məhrum edilib. Vidadi İsgəndər seçkinin saxtalaşdırıldığını deyirdi».

Vidadi İsgəndər
Sənəddə daha sonra qeyd edilir ki, komissar jurnalistlərin Naxçıvanda həbsxanada həlak olan adamın işinin araşdırılmasından kənarlaşdırılması haqqında çox sayda şikayətlər alıb.

SİYASİ MƏHBUSLAR AZADLIĞA BURAXILMALIDIR

Thomas Hammarberg vurğulayır ki, Azərbaycanda jurnalistlərin və ictimai fəal adamların müdafiəsi üçün təcili addımlar atılmalıdır. O, bir daha hakimiyyəti öz baxışlarını ifadə etdiyi üçün saxlanan bütün məhbusları dərhal azadlığa buraxmağa çağırır.

Thomas Hammarberg həmçinin hökuməti Azərbaycanda fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatlarına (QHT) yaradılan maneələri aradan qaldırmağa səsləyir. O, qeyd edir ki, son aylar bir neçə yerli və beynəlxalq QHT ölkədə azad fəaliyyətlərinə maneələr olduğunu bildirir. 2010-cu ilin martında Bakıya səfəri zamanı həmin qurumlardan birinin – İnsan Haqları Evi Fondunun üzləşdiyi qeydiyyat problemlərini müzakirə etdiyini xatırladan komissar formal beynəlxalq razılaşmalar əsasında fəaliyyət göstərən QHT-lərə maneələrdən narahat olduğunu bildirir.

SDİ-nun SÖKÜLMƏSİ LEYLA YUNUSUN FƏALİYYƏTİNƏ QARŞI ADDIMDI

Bu baxımdan komissar Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda QHT-lərə dair qanunvericiliyin insan haqları standartlarına uyğunluğunu yoxlamaq barədə Venesiya Komissiyasından xahişini alqışlayır. Onun fikrincə, Komissiyanın tövsiyələri Bakıya QHT-lərə dair qanunvericiliyi təkmilləşdirməyə yardım edəcək.

SDİ-nun ofisi sökülərkən
Sənəddə daha sonra qeyd edilir: «Bir neçə insan haqları təşkilatının – o cümlədən, Sülh və Demokratiya İnstitutunun yerləşdiyi binanın avqustun 11-də sökülməsindən narahatlıq doğurur. Gecə vaxtı həmin binanın sökülməsi onu deməyə əsas verir ki, bu, əslində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun fəaliyyətinə qarşı bir addımdır. Leyla Yunus Azərbaycanda korrupsiya və zorakılığın ən sərt tənqidçilərindəndir. Komissar binanın sökülməsinə dair təcili araşdırma aparıb cavabdehlərin tapılmasına və zərər çəkənlərə uyğun kompensasiya verilməsinə çağırır».

Sənəddə həmçinin bəzi dini icmaların yenidən qeydiyyata alınmasında problemlər yaradıldığı, bu sahədə hələ də qeyri-müəyyənliyin hökm sürdüyü qeyd edilir.

2 APREL AKSİYASINDA İŞTİRAK EDƏNLƏR...

Komissar bu ilin mart aprel aylarında Bakıda keçirilən mitinqlər zamanı aparılan həbs dalğasına da toxunaraq qeyd edir ki, hökumət bəzi hallarda həmin mitinqlərə həddən artıq güc tətbiq edib, jurnalistlərin fəaliyyəti əngəllənib. Təşkilatçılara öz aksiyalarını şəhərin mərkəzi meydanlarında keçirməyə imkan verilməyib.

Aprel aksiyaları
Komissar hökumətin həmin aksiyaların təsirini azaltmaq üçün onun vaxtını dəyişmək, aksiyaçıları mümkün qədər şəhərin mərkəzindən kənarlara göndərmək cəhdlərini tənqid edir. Qeyd edir ki, bu cür cəhdlər aksiyaların məqsədinin geniş ictimaiyyətə çatdırılmasına imkan vermir.

Komissar bir daha Azərbaycan hökumətini toplaşma azadlığını təminat altına almağa çağırır. O, qeyd edir ki, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun Venesiya Komissiyası ilə birlikdə hazırladığı Dinc Toplaşma Azadlığı haqqında Təlimat Azərbaycanda bu sahədə çalışan qanunvericilər və icraçılar üçün faydalı vasitə ola bilər.

Sənəddə həmçinin məlumat verilir ki, Azərbaycanda ifadə azadlığının müdafiəsi üçün böhtan və təhqirə görə azadlıqdan məhrumetmə cəzasının ləğvini nəzərdə tutan qanun layihəsinin ilin sonuna qədər qəbul edilməsi gözlənir.

AZƏRBAYCAN HÖKUMƏTİNİN TƏQDİM ETDİYİ MƏLUMATLAR

Sənəddə Azərbaycan hökumətinin komissarın müşahidələrinə dair təqdim etdiyi məlumat da əksini tapır. Bakıdan rəsmilərin təqdim etdikləri məlumatda qeyd edilir ki, defamasiya haqqında qanun hələ qəbul edilməsə də 2009-cu ilin sonundan bu yana Azərbaycanda jurnalistlərin böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməsi halı olmayıb.

Bəxtiyar Hacıyevin işi ilə bağlı qeyd edilir ki, Avropa Şurasının üzvü olan başqa ölkələrdə olduğu kimi Azərbaycanda da alternativ hərbi xidmətdən öz baxışlarına görə dini funsiyalar yerinə yetirən və ya dini məktəblərin tələbələri istifadə edə bilərlər. Alternativ hərbi xidmət keçmək istədiyini deyən Bəxtiyar Hacıyevin isə həmin əsaslardan heç biri olmayıb.

Rəsmi məlumatda Cabbar Savalanla bağlı məhkəmə prosesinin ölkənin Konstitusiyası və cinayət qanunvericiliyi əsasında açıq keçirildiyi qeyd edilir.
Vətəndaş cəmiyyəti təşkilatlarının problemlərinə dair tənqidləri də rədd edən rəsmilər qeyd edirlər ki, Azərbaycanda bu sahədə mövcud olan bütün problemlər aradan qaldırılıb. Rəsmi məlumata görə Sülh və Demokratiya İnstitutunun binasının sökülməsinə dair iddiaların əsassız olduğu, tikinti gedən ərazidə hər kəsə kompensasiya verildiyi qeyd edilir.

Hökumət rəsmiləri Thomas Hammergergə göndərdikləri məlumatda dini qurumların qeydiyyatı, toplaşma azadlığının pozulması barədə tənqidlərin də gerçəyi əks etdirmədiyi deyilir.

Yevda Abramov
YEVDA ABRAMOV SƏNƏDİ QƏRƏZLİ HESAB EDİR

Parlamentin İnsan Huquqları Komitəsinin sədr müavini Yevda Abramov Avropa Şurasının insan hüquqları üzrə komissarı Thomas Hammarbergin sənədini qərəzli hesab edir.

“Sənəddə ictimai fəlların müdafiəsi və azadlığa buraxılması ilə bağlı çağırış var. Mən 30 ildən çoxdur ictimai fəalam, amma məni indiyə qədər bir sutka da həbs etməyiblər. 9 milyonluq respublikada 55 partiya var, 625 qəzet var. Amma o boyda Amerikada, İngiltərədə iki partiya hakimiyyət uğrunda mübarizə aparır. Amerikanın, İngiltərənin Rusiyanın, Ermənistanın həbsxanalarında o qədər jurnalist var ki, amma onların adı çəkilmir. Bu hesabat qərəzli hesabatdır”.

Yevda Abramov sənəddə “öz baxışlarını ifadə etdiyi üçün saxlanan bütün məhbuslarının dərhal azadlığa buraxılması” ilə bağlı Thomas Hammarbergin çağırışına da münasibət bildirib.

“Heç kim bir dövlət, heç bir beynəlxalq qurum başqa dövlətə belə diqtələr edə bilməz”-deyə cənab Abramaov bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG