Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Azərbaycanın Şərq tərəfdaşlığı


Varşavada «Şərq tərəfdaşlığı» proqramı ölkələrinin ikigünlük sammiti başlayıb

Varşavada «Şərq tərəfdaşlığı» proqramı ölkələrinin ikigünlük sammiti başlayıb

Sentyabrın 29-da Polşanın paytaxtı Varşavada «Şərq tərəfdaşlığı» proqramı ölkələrinin ikigünlük sammiti başlayıb. Belarus istisna olmaqla, proqramda iştirak edən ölkələrin dövlət başçıları avropalı həmkarları ilə birlikdə Avropa İttifaqına yaxınlaşma üzrə yeni proqramları müzakirə edirlər.

Bu, proqram yaranandan ikinci yüksək səviyyəli görüşdür. «Şərq tərəfdaşlığı» proqramı 2009-cu ildə təsis olunub. «Şərq tərəfdaşlığı» proqramı Avropa İttifaqı və 6 tərəfdaş ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus ilə münasibətlərin gücləndirilməsi üçün bir təşəbbüsdür. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır. Tərəfdaş ölkələrin hər birinə siyasi və iqtisadi islahatların aparılmasına dair konkret planlar da təqdim olunub.

AZƏRBAYCAN ÖHDƏLİKLƏRLƏ BAĞLI HANSI ADDIMLARI ATIB?

Varşava sammitindən öncə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Ketrin Eşton da bəyan edib ki, bu təşəbbüsə qoşulan ölkələrin Brüssellə münasibətləri onların demokratiya sahəsində uğurlarından asılı olacaq.

Bəs geridə qalan iki il ərzində Azərbaycan demokratiya, bazar islahatları və üzərinə götürdüyü digər öhdəliklərlə bağlı hansı addımları atıb?

İlqar Məmmədov
Politoloq İlqar Məmmədov deyir ki, əslində «Şərq tərəfdaşlığı»nın bir tərəfi olmaq Azərbaycan üçün gələcəkdə Avropa Birliyinə üzvlüyə qapı açır. Çünki «Şərq tərəfdaşlığı» çərçivəsində yaradılan parlament birliyinin rəsmi sənədində də deyilir ki, bu proqramın tərəfdaşları gələcəkdə Avropa Birliyinə üzv ola bilərlər. Amma bunun üçün gərək tərəfdaş ölkələr də tələb olunan islahatlardan boyun qaçırmaya. İlqar Məmmədov deyir ki, Azərbaycan hələ ki keçən dövr ərzində ciddi islahata imza atmayıb:

«Azərbaycan əksər mühüm sahələrdə Avropa perspektivinə uyğun ola biləcək dəyişiklikləri həyata keçirməyib. Bunun böyük bir qismi də siyasi və iqtisadi azadlıqlarla bağlıdır. Azərbaycan tərəfdən də, Avropa Birliyi tərəfdən də niyyət ifadə olunub, amma bu niyyətə doğru hərəkət Azərbaycanın özündən asılıdır və bu hərəkətlilik hiss olunmur. Sadəcə danışırlar, gerçək iş həddən artıq azdır».

GERÇƏKDƏ YALNIZ VƏDLƏR VAR

Politoloq Zərdüşt Əlizadə də bu fikirdədir ki, «Şərq tərəfdaşlığı»na üzvlük hələ ki Azərbaycan cəmiyyətinə sadəcə əsası olmayan ümidlər verir, gerçəkdə isə islahatlarla bağlı yalnız vədlər var, əməllər yox:

«Çünki ölkənin əsas məşğuliyyəti neft, qaz satmaqdır və bu məsələdə heç bir xüsusi imtiyazlar tələb olunmur. Bütün dünya neftə, qaza ehtiyac duyur və münasibətlərdən asılı olmayaraq hamı alır. Prinsip etibarilə neft-qaz amilini və hakim zümrənin xalqın maraqlarından fərqli maraqlarını çıxsaq, bütövlükdə Azərbaycan xalqına Avropa ilə xüsusi münasibətlərin qurulması vacibdir. Çünki biz Avropanın demokratiya mədəniyyətini və iqtisadi fəaliyyətini, elm, texnologiya, sənaye, kənd təsərrüfatı – bütün bunları öyrənə bilərik. Və nəhayət əgər viza məsələsi yüngülləşdirilərsə, insanlarımız Avropaya daha asan gedib-gələ bilər».

Zərdüşt Əlizadə
«Şərq tərəfdaşlığı» proqramının tövsiyyələrindən biri olan Avropa Birliyi ilə Azərbaycan arasında qısamüddətli vizanın verilməsi qaydalarının sadələşdirilməsinə dair danışıqların yaxın gələcəkdə başlayacağı gözlənilir.

Zərdüşt Əlizadə bu addımı dəyərləndirsə də daha vacib islahatların - demokratiyanın inkişafı, insan hüquqlarının təmin olunması, iqtisadiyyatın sərbəstləşdirilməsi, söz və mətbuat azadlığının təmini və digər məsələlərin kölgədə qaldığını deyir.

«TƏNQİDLƏR FAKTLARA ƏSASLANMIR»

Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev isə deyir ki, demokratiya və insan hüquqları ilə bağlı yerli ekspertlərin və beynəlxalq qurumların, o cümlədən Avropa İttifaqından zaman-zaman Azərbaycanın ünvanına səsləndirdiyi tənqidlər bəzən qərəzli, bəzən də qeyri-obyektiv olur, konkret faktlara əsaslanmır:

«Bunun üçün digər mənbələrlə yanaşı, hökumətdən də məlumatlar alınmalı və müqayisə edilməlidir. Bir mənbədən alınan hansısa məlumata əsaslanıb ümumi nəticəyə gəlmək düz deyil. Biz onu da deyirik ki, insan hüquqları sahəsində bizdə də həll olunmamış məsələlər var, bu sahədə işlər görülməlidir. Amma eyni zamanda hesab edirik ki, əməkdaşlıq olmalıdır. İnsan hüquqları və demokratiyanın inkişafı sahəsində iş aparmaq vacibdir».

Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrini müsbət qiymətləndirdiyini deyir və bildirir ki, fərqli mövqelərin olduğu bəzi məsələlər də müzakirələr nəticəsində öz həllini tapacaq.

Politoloq Zərdüşt Əlizadə bu danışıqlara nikbin baxmasa da, İlqar Məmmədov fərqli fikirdədir. İlqar Məmmədov sözlərinə görə, İlham Əliyevin son çıxışları və siyasi fəaliyyəti ondan xəbər verir ki, Azərbaycan yenidən Avroatlantik inteqrasiya yoluna qayıda bilər.

«Şərq tərəfdaşlığı» proqramı ölkələrinin Varşava sammiti deklarasiyasında tərəfdaş ölkələrin Avropa İttifaqı bazarına tədricən inteqrasiyası, viza rejiminin ləğvi istiqamətində fəaliyyət məsələlərinin gündəmdə olduğu qeyd olunur. Həmçinin üzv ölkələrin insan haqları, demokratiya, əsas azadlıqlarla bağlı öhdəlikləri də bir daha qeyd olunur.
XS
SM
MD
LG