Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03
Yazıçı Əli Əkbər "Xural" qəzetinə müsahibəsində tamamlamaqda olduğu yeni romanı barədə danışıb:

- “Sarı gəlin” adlanan yeni romanım, demək olar ki, artıq tamamlanıb. Son ştrixlər əlavə olunur. Redaktə mərhələsindədir.

Kitabın redaktoru Elnur Astanbəylidir. Roman haqqında nə deyə bilərəm? Roman bu günə qədər yazdıqlarımın içərisində mənə ən çox əzab verən, ağrıdan roman oldu. Oxucu romanla tanış olanda nə demək istədiyimi başa düşəcək.

Janr kimi “Amneziya” çox rahat əsər idi. Antiutopiya elementləri olan utopiya. Yeni romanın janrını isə müəyyənləşdirə bilmirəm.

Həm siyasi satiradır, həm detektiv elementləri var, istəyən triller də deyə bilər. Bu qədər. Ümumiyyətlə, öz əsərlərim haqda danışmaqda çətinlik çəkirəm.

- Deməli “Sarı gəlin” də, əvvəlki əsərlər kimi siyasi xarakterlidir?


Hindistan aktyor və aktrisalarına oxşayan kişi və qadınlar romanlar, şeirlər yazır.

- Bəli. “Amneziya” qədər nikbin əsər olmasa da, qəddar roman olsa da – siyasidir.

Adına gəldikdə isə... əslində ilk baxışdan siyasi görünmür, lakin “Sarı gəlin” kifayət qədər siyasiləşmiş mahnı olduğundan, düşünürəm ki, ad seçimim özünü doğruldacaq. Roman Ermənistan-Azərbaycan konflikti kontekstində yazılmayıb.

Sadəcə qəhrəmanlarımdan biri bu mahnı başda olmaqla, bizim dırnaqarası milli-mental dəyərlərimizin müdafiəçisidir.

Hər zaman olduğu kimi, bu dəfə də ən düzgün qiyməti oxucular verəcək.

- Nəyə görə Azərbaycanda siyasi proseslərə təsir edəcək əsərlər yazılmır?

- Siyasi proseslərə ölkənin siyasi qurumları təsir edə bilmirsə, ədəbiyyatdan nə gözləmək olar? Bir zamanlar ədəbiyyatın siyasi proseslərə təsir etmək kimi imkanları olub.

Müasir cağımızda isə, bir ya da bir neçə romanın, məsələn inqilabi situasiya yarada biləcəyinə inanmıram.

Dünyanın heç bir yerində bu mümkün olan iş deyil. Roman səs gətirə bilər, amma proseslərə istiqamət verə bilməz.

Digər tərəfdən də Azərbaycanda min-min beş yüz potensial oxucu var. Bu qüvvə ilə kardinal dəyişikliyə nail olmaq mümkün deyil.

- Son zamanlar Azərbaycanda roman bumu yaşanır. Yeni əsərlər sizi qane edirmi?

- Bu günün Azərbaycan ədəbiyyatını, çağdaş ədəbiyyat adlandırmaq olmaz. Bu günün ədəbiyyatı, başdan sona aqrar elementlərin əlindədir.

Müasir ədəbiyyat dediyimiz hadisənin iştirakçıları, yeni əsərləri yazan adamlar

qətiyyən müasir insanlar deyil. Seymur Baycan demişkən, “Azərbaycanın teatrları da, kinosu da, estiradası da, ədəbiyyatı da təndir iyi verir”.

Azərbaycan ədəbiyyatının, xüsusən nəsrinin ən ciddi problemi, urbanistik olmamasıdır.

Yazarlar aqrardır, mütaliələri sıfırdır, dünyagörüşləri kasaddır, əlqərəz çuşkadırlar. Azərbaycan ədəbiyyatını böyük bir çuşkaxana adlandıra bilərik.

Hindistan aktyor və aktrisalarına oxşayan kişi və qadınlar romanlar, şeirlər yazır. Aqşin, Rasim Qaraca, Azad Yaşar kimi çağdaş şairlər olsa da modern, şəhər ədəbiyyatı adlandıra biləcəyimiz nəsr əsərlərini, romanları Seymur Baycandan və məndən başqa yaza bilən yoxdur.

- Bəs Qaraqan?

- O gənc, bir kitab yazdı və kitabı məşhurlaşdı. Bunu danmaq olmaz. Özünün dediyinə görə, kitabının satışından on minlərlə pul qazandı. Arzum odur ki, bunun beş qatını qazansın.

Pis yazıb, yaxşı yazıb bilmirəm, oxumamışam. Bu da mənim qüsurumdur.

Amma bir dəfə onun radioda çıxışına qulaq asmışam. Bu gəncin danışıq tərzi, dil bilgisi o qədər bərbad, söz ehtiyatı o qədər kasaddır ki, dünya ədəbiyyatından xəbərinin olmadığı, prozadan başının çıxmadığı, mütaliəsinin sıfırın altında olduğu dərhal aydın olur.

Urbanistik elementlər ehtiva edən kitab yazmaq və repsevər gəncləri maraqlandırmaq, hələ şəhər yazıçısı olmaq demək deyil. Bütün məsuliyyətimlə deyə bilərəm ki, bu günün müasir insanının, şəhər insanının diqqətini cəlb edəcək əsərlər yaranmır.

Bir də bu aqrar məsələsinə aydınlıq gətirmək istərdim. Aqrar deyəndə mən əyalət adamını nəzərdə tutmuram. Aqrarlıq təfəkkür tərzidir. Bakıda doğulub, Bakıda yaşayan, Bakıda ölən o qədər çuşka var. Baxırsan ki, adamdır, şəhərdə doğulub ya da rayondan gəlib, fərqi yoxdur – özünü mal kimi aparır.

Şükür ki, internet var, az-çox kitab mağazası var. İnsan istəsə, özünü yetişdirə bilər.

Heç bir bəhanə ilə “lom”luğuna, mallığına, debilliyinə haqq qazandıra bilməz. Bakıda yaşayan, lakin şəhər mühitinə adaptasiyada ciddi problemləri olan milyonlarla adam var.

Belələri Bakıda yaşaya-yaşaya yovşan ətirli şeirlərin, sərin bulaqların, təndirin, peyinin həsrətini çəkirlər deyə, onlara aqrar deyirəm.

Belələrinin mənim, ya da Seymurun romanlarını bəyənmək kimi bir lüksu yoxdur...

Günün bütün mövzuları

XS
SM
MD
LG