Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:33

«Azərbaycanla bağlı statistikanı Qərb layiqincə dəyərləndirmir»


ABŞ səfiri Matthew Bryza

ABŞ səfiri Matthew Bryza

«Amerikalılar üçün Azərbaycan hələ də uzaq, ekzotik və tanınmayan bir ölkədir. Azərbaycanın Birləşmiş Ştatlarda tanınması üçün işləmək lazımdır». Bu fikirləri ABŞ səfiri Matthew Bryza sentyabrın 28-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun təşkil etdiyi toplantıda Azərbaycanda Amerika investisiyalarının perspektivləri və problemlərinə həsr olunmuş çıxışında deyib.

Səfir bildirib ki, Amerika şirkətləri Azərbaycanda geniş əlaqələr qurmağa tərəfdar olsalar da onların bu ölkə ilə bağlı məlumatları azdır. Səfirə görə, Amerika investorları Azərbaycanda əsasən enerji sektorunda təmsil olunsalar da, digər sahələrdə onların iştirakı çox aşağıdır. Səfirə görə, Amerikalı investorlara hələ də Azərbaycanı tanıtmaq mümkün olmayıb. O, bu sahədə xeyli işlərin görülməli olduğunu deyib.

Matthew Bryza Dünya İqtisadi Forumunun (DİF) reytinqinə istinadla deyir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında 56-cı, keçmiş Sovet İttifaqı məkanında isə birincidir. Səfir Gürcüstanın korrupsiyaya qarşı mübarizə, iqtisadiyyatın yenidən qurulması, xarici sərmayələrin cəlbi sahəsində xeyli iş gördüyünü vurğulayır. Ancaq əlavə edir ki, buna baxmayaraq, Azərbaycan rəqabətliliyə görə DİF reytinqində irəlidə gedir.

AMERİKALILARIN AZƏRBAYCANA BAXDIĞI ZARAFAT PRİZMASI

Səfir Azərbaycanda korrupsiya və iqtisadiyyatda monopoliyadan danışarkən bir neçə il əvvəl Azərbaycanın iqtisadi inkişaf nazirlərindən biri ilə aralarında olan bir zarafatı xatırladır:

«Azərbaycanın keçmiş, lap keçmiş iqtisadi inkişaf naziri bir neçə il əvvəl Tokioda keçirilən iqtisadi forumda mənimlə söhbətdə iqtisadi jurnallardan birində korrupsiya reytinqinə münasibət bildirdi. Həmin keçmiş nazir mənə deyirdi ki, Azərbaycan korrupsiya ilə bağlı reytinqdə 5-ci ölkədir. Mənə anladırdı ki, ölkəsi birinci yerdə deyil, 5-ci yerdədir. Bu mənə zarafat kimi gəlirdi. İllər keçib, amma, amerikalılar Azərbaycanda biznesə münasibətdə hələ də o zarafatı xatırladırlar».

İQTİSADİYYATDA XANLIQLAR?

Amerika biznesmenlərinin Azərbaycan iqtisadiyyatına hələ də dərindən bələd olmadığını bildirən səfirin dediyinə görə, bu, ölkədə iqtisadiyyatın müəyyən siyasi və iqtisadi qrupların əlində cəmləşməsi ilə bağlıdır. Səfir deyir ki, tarixən Azərbaycanda xanlıqlar olub, ola bilər ki, müəyyən səviyyədə iqtisadiyyatda xanlıq ənənəsi qalır. Ancaq bu, xarici şirkətlər üçün anlaşılmaz vəziyyətdir:

«Mənim ölkəmin şirkətləri Azərbaycana investisiya qoymaqda maraqlıdırlar. Ancaq onlar müəyyən edə bilmirlər ki, kiminlə işləsinlər. Onlar bilmirlər rəsmi tərəflə, yoxsa hansısa holdinqlə işləsinlər».

Səfirə görə, Azərbaycan kiçik olsa da investisiya və biznes üçün cəzbedici, həm də strateji bir ölkədir.

İQTİSADİYYAT ŞAXƏLƏNDİRİLİR

Matthew Bryza Azərbaycanın ünvanına tənqidlərə baxmayaraq iqtisadiyyatın şaxələndirildiyini deyir. Onun sözlərinə görə, ölkənin neft gəlirləri nəqliyyat, turizm, informasiya texnologiyaları və kənd təsərrüfatının inkişafına yönəldilir.

«AZƏRBAYCAN AMERİKADAN PEYK ALIB, BOEİNG TƏYYARƏLƏRİ ALINIR»

Matthew Bryza deyib ki, Azərbaycanda aqrobiznesin inkişafı sahəsində potensialının böyüklüyünə, əhalinin 40 faizinin kənd təsərrüfatı işləri ilə məşğul olmasına baxmayaraq Ümumi Daxili Məhsulun (ÜDM) formalaşdırılmasında kənd təsərrüfatının payı cəmi 6 faiz təşkil edir. Bu səbəbdən də səfir Avropa və Amerika investorlarını Azərbaycanda aqrobiznesin inkişafına, monopoliyadan kənar emal müəssisələrinin yaradılmasına yardım etməyə çağırıb.

«ENERJİ SEKTORU HESABINA 300 FAİZ ARTIM»

Səfir enerji sektoru hesabına Azərbaycanda gedən inkişafdan da danışıb. Matthew Bryza deyib ki, son 7 ildə enerji sektorunun inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında 300 faiz artım qeydə alınıb. O, bu artımı dünyada ən sürətli artım tempi kimi qiymətləndirib.

YOXSULLUĞUN 9 FAİZƏ DÜŞMƏSİ

Səfir 2003-cü ildəki 49 faizlik yoxsulluq səviyyəsinin 2009-cu ildə 9 faizədək aşağı salınmasını da «yaxşı göstərici» adlandırıb. Matthew Bryza deyib ki, ola bilsin yoxsulluq səviyyəsi ilə bağlı statistikaya şübhəylə yanaşan tapılsın: «Lap bu rəqəmi ikiyə vuraq, yoxsulluq səviyyəsi 18 faiz olsun – baxmayaraq ki, mən bunun daha az olduğunu düşünürəm - bu rəqəmin özü belə yaxşı göstəricidir» -deyə səfir bildirib.

Səfir Bryza deyib ki, Azərbaycanın ÜDM-nin 85 faizi özəl sektorun payına düşür. Ancaq belə bir statistikanı Qərb layiqincə dəyərləndirmir:
«Azərbaycan enerji sektorundan kənar həm özünün, həm də bizim şirkətlərimizdən çoxunun diqqətindən kənarda qalıb».

Şərhləri göstər

XS
SM
MD
LG