Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:42

Lider TV-yə xəbərdarlıq edilib


«Azadlıq» qəzetinin sabiq texniki direktoru Azər Əhmədovun intim görüntülərini yayımlayan «Lider» televiziyasına şifahi xəbərdarlıq edilib. Bu barədə AzadlıqRadiosuna Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Nuşirəvan Məhərrəmli deyir ki, rəhbərlik etdiyi qurumun Lider televiziyasına bu məsələdə hər hansı sanksiya tətbiq etmək səlahiyyəti yoxdur:

«Cəzalandırma mexanizmi ancaq İnzibati Məcəllənin bizə verdiyi səlahiyyətlər çərçivəsində ola bilər. Biz vaxtilə bu məsələni qaldırmışdıq ki, proqrama verilən tələblər də o kateqoriyaya aid olunsun. Təəssüf ki, həyata keçmədi. O cür məsələlərə qarışmaq ixtiyarımız yoxdur. Cəmiyyət bunu bilmir, bizdən gözləyir ki, cəzalandıraq. Halbuki bunun üçün hüquq-mühafizə orqanları var. Hər hansı insan təhqir olunursa, o, öz hüququndan istifadə etməlidir».

Şura sədrinin fikrincə, hər hansı şəxs intim görüntülərinin yayımlanmasına görə özü məhkəməyə müraciət etməlidir:

«Məhkəməyə müraciət olunmalıdır. Həm obyekt, həm subyekt arasında olan bir işdir. Şura həmin məsələyə görə kanalı cəzalandıra bilməz. Bizim işimiz ancaq qanunvericiliyin maddələrinə nəzarət etməkdir. Ağır maddələr var, terrorizmə çağırış varsa, dövlətin ərazi bütövlüyünə qəsd gətirən verilişlər, separatçılıq varsa, Teleradio Şurası o zaman ən ağır cəza tədbiri görə bilər».

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyir ki, Şuranın çatışmayan səlahiyyətləri də ola bilər, amma hazırkı qanunvericilik ona xeyli imkan verir:

«Ən azı Şura özü məhkəməyə müraciət edə bilər ki, 1 gün müddətinə yayım dayandırılsın. Və ya hansısa cərimələr qoyulması. Ancaq Milli Teleradio Şurasının dediyi qərarla bağlı – xəbərdarlıqla bağlı hər hansı protokol da yoxdur. Ümumiyyətlə qərarı harda, kim verdi, sənəd yoxdur. Telefonla kiməsə zəng edib deyiblər ki, guya sizə belə bir xəbərdarlıq etmişik».
XS
SM
MD
LG